Azərbaycan ilə Türkiyə həmkarlar ittifaqlarını dostluq və əməkdaşlıq münasibətləri birləşdirir


Baxıldı : 649

Tarix : 2019-07-13 11:15:11


Bir millət, iki dövlət olaraq Azərbaycan ilə Türkiyə arasında, bütün sahələrdə olduğu kimi, dostluq, əməkdaşlıq və qardaşlıq münasibətləri həmkarlar ittifaqları sistemində də özünü göstərməkdədir.

Dostluğumuzun davamlılığı və yaranmış qarşılıqlı inam iki ölkə həmkarlar ittifaqlarının və işçilərinin xeyrinə olmaqla yanaşı, sıx əlaqələr qurulmasına xidmət edir. Həmkarlar ittifaqlarının nümayəndə heyətlərinin təşkilatların qurultaylarında qarşılıqlı iştirakları, onun rəhbərlərinin mütəmadi görüşləri bu dostluğu daha da gücləndirir.

Ölkə rəhbərləri - Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında olan şəxsi dostluq münasibətləri hər iki ölkənin həmkarlar ittifaqlarının rəhbərləri arasında yaranmış dostluq və qardaşlıq əlaqələrinə də güclü təkan verir.

İyulun 10-da Türkiyənin paytaxtı Ankara şəhərində “Əmək, demokratiya, azadlıq, ədalət” şüarı ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatıldığı “Hak-iş” Həmkarlar İttifaqları Konfederasiyasının XIV qurultayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin üzvü, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Qurultayda Rəcəb Tayyib Ərdoğanın Azərbaycan nümayəndə heyəti ilə, onun rəhbəri Səttar Möhbalıyevlə səmimi görüşməsi ölkələrimizin dostluq və qardaşlığının bariz nümunəsidir. Bu həm də Azərbaycan həmkarlar ittifaqının dünya həmkarlar ittifaqı hərəkatında fəal iştirakının qazandığı uğurlarının beynəlxalq miqyasda tanınmasının və rəğbətlə qarşılanmasının sübutudur.

Qurultayda Səttar Möhbalıyev Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası, Avropa Həmkarlar İttifaqları Konfederasiyası, eyni zamanda Türkiyənin digər həmkarlar ittifaqları və Albaniya, Gürcüstan, Qazaxıstan həmkarlar ittifaqı mərkəzlərinin rəhbərləri ilə görüş keçirmişdir.

 Görüşlərdə bu ölkələrin həmkarlar ittifaqları ilə Azərbaycan həmkarlar ittifaqları arasında ikitərəfli münasibətlərə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.