Azərbaycan ilk dəfə olaraq Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına üzv seçilib


Baxıldı : 89

Tarix : 2017-06-16 22:28:04


Beynəlxalq birliyin ölkəmizə yüksək inam və etimadının növbəti təzahürü kimi, Azərbaycan Respublikası dünyanın mötəbər qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Rəhbər Orqanına (İLO Governing Body) üzv seçilib. Bununla da ölkəmiz BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanıb.

BƏT-in üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrədə (İsveçrə) keçirilən 106-cı sessiyasının gündəliyində duran məsələlərdən biri də BƏT-in Rəhbər Orqanına 2017-2020-ci illər üçün seçkilərin keçirilməsi olub. Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti sessiya çərçivəsində keçirdiyi görüşlər zamanı ölkəmizin namizədliyinin dəstəklənməsi ilə əlaqədar ətraflı məsləhətləşmələr aparıb.

Azərbaycan nümayəndə heyəti ölkəmizin BƏT-in Rəhbər Orqanında təmsil olunmasına verilən yekdil dəstəyə görə minnətdarlıqlarını ifadə edib. Bu dəstəyin Azərbaycanın BƏT-lə ötən dövrdə uğurlu əməkdaşlıq təcrübəsinə, əmək, məşğulluq, sosial hüquqların təminatı, sosial dialoqun inkişafı və s. sahələrdə mütərəqqi beynəlxalq təşəbbüslərdə fəal iştirakına verilən yüksək dəyərin və ədalətli yanaşmanın ifadəsi olduğu vurğulanıb.

BƏT layiqli əmək prinsipi əsasında beynəlxalq əmək standartlarının hazırlanması, təbliği və tətbiqi sahəsində geniş fəaliyyət spektrinə malik nüfuzlu beynəlxalq təşkilatdır. BƏT-in fəaliyyəti onun hökumət, işəgötürən və işçilərin nümayəndələrindən ibarət olan üç əsas orqanı - Beynəlxalq Əmək Konfransı, Rəhbər Orqan və Katiblik vasitəsilə həyata keçirilir. Təşkilatın Rəhbər Orqanı hər üç ildən bir seçilir və müvafiq istiqamətlər üzrə mühüm qərarların qəbulu, o cümlədən təşkilatın Baş Direktorunun təyin edilməsi, Beynəlxalq Əmək Konfransının gündəliyinin müəyyən edilməsi, ümumi məsələlərin tənzimlənməsi  və s. vacib sahələrdə fəaliyyət göstərir.

1992-ci ildə BƏT-in üzvü olan, ötən dövrdə Təşkilatın əmək və məşğulluq sahəsində əsas hüquqları əhatə edən 57 Konvensiyasına qoşulan Azərbaycan MDB məkanında BƏT-in nümayəndəliyinin açıldığı ilk ölkələrdən biridir. Azərbaycan müvafiq sahə üzrə milli qanunvericiliyi həmin konvensiyalar əsasında mütərəqqi dünya standartlarına uyğun təkmilləşdirib. Bu sənədlərdən irəli gələn məsələlərin həlli sahəsində görülən işlərə dair mütəmadi olaraq BƏT-ə hesabatlar təqdim olunur. Ötən dövrdə Təşkilatla daim genişlənən əməkdaşlıq, birgə layihələrin icrasında əldə olunan müsbət təcrübə 2016-cı ilin 30 sentyabr tarixində Azərbaycan Hökuməti ilə BƏT arasında növbəti "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı"nın qəbul olunmasına imkan yaradıb. Proqramın icrası sahəsində mühüm addımlar atılmaqla bərabər, BƏT prinsiplərinə uyğun olaraq ölkəmizdə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya da yaradılıb.

Azərbaycanın BƏT-in Rəhbər Orqanında təmsil olunması ölkəmizə bu mötəbər qurumla praktik fəaliyyət sahələrini əhatə edən əməkdaşlıq müstəvisini daha da genişləndirməklə bərabər, bu Təşkilatın fəaliyyətində, onun siyasi qərarlarının verilməsində və əmək sahəsi üzrə beynəlxalq səviyyədə mütərəqqi təşəbbüslərin təbliği və yayılmasında yaxından iştirak imkanı yaradır.