Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib


Baxıldı : 36

Tarix : 2018-12-01 06:05:32


Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib.

Qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Qurultay iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubu oxunub.

Təhsil naziri Ceyhun Bayramov hesabat məruzəsi ilə çıxış edib. Deyib ki, ötən illər ərzində müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım qeydə alınıb. Son 5 ildə 18 min 136 müəllim işə qəbul olunub, kənd məktəblərində fəaliyyətə başlamış 11 min 600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib.

Qəbul imtahanlarında 500 və daha çox bal toplayan abituriyentlər arasında müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu isə 2014-cü illə müqayisədə 2,3 dəfə artım deməkdir. Ümumi təhsil sistemində çalışan 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb.

Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dək məktəb binasının tikildiyini və ya əsaslı təmir olunduğunu bildirən nazir bunun nəticəsində 1 milyondan çox şagirdin təlim şəraitinin əhəmiyyətli şəkildə yaxşılaşdırıldığını vurğulayıb.

Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov ulu öndər Heydər Əliyevin “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” kəlamını xatırladıb. Baş nazirin müavini deyib ki, insanın taleyi, gələcəyi, öz ailəsinə, cəmiyyətə, dövlətə xidməti valideynlərin verdiyi tərbiyə ilə yanaşı, məktəbin və müəllimlərin verdiyi bilik və vərdişlərdən də bilavasitə asılıdır. Bu baxımdan müəllimlər, sözün həqiqi mənasında, həm insanın, həm cəmiyyətin, həm də dövlətin inkişafında çox mühüm vəzifəni yerinə yetirirlər. Ə.Əhmədov qarşıda duran vəzifələrdən də danışıb. O, qurultayın qərarlarının təhsil sisteminin daha da inkişaf etməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Milli Məclis sədrinin müavini Bahar Muradova ötən beş ildə Azərbaycanda təhsil sisteminin uğurlarını yüksək qiymətləndirib. Qeyd edib ki, bu uğurlar, həmçinin Azərbaycan dövlətinin iqtisadi imkanlarının artmasının, regionda və dünyada mövqeyinin möhkəmlənməsinin və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasətinin bu gün uğurla davam etdirilməsinin nəticələridir. Bahar Muradova təhsil sahəsində qanunvericiliyin hər zaman diqqət mərkəzində olduğunu qeyd edib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov dövlətimiz tərəfindən təhsilə və təhsil işçilərinə xüsusi diqqət və qayğı göstərilməsindən danışıb. Bildirib ki, muxtar respublikanın şəhər, rayon və kəndlərində yeni-yeni məktəb binaları tikilib, təhsil müəssisələri müasir avadanlıqlarla təchiz olunub. 2017-2018-ci tədris ili Naxçıvan üçün uğurlu olub. Məzunlardan 1781-i ali məktəblərə, 615-i isə orta ixtisas təhsili müəssisələrinə qəbul edilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə təhsil sisteminin inkişafında həyata keçirilən dövlət proqramlarından danışıb, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı bu sahədə atılmış növbəti mühüm addımlardan biri kimi dəyərləndirib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri təhsil işçilərinin sosial hüquqları, müəllimlərin sosial problemlərinin həlli, asudə vaxtlarının səmərəli təşkili istiqamətlərində görülən işlərdən danışıb və bu işlərin davamlı olacağını vurğulayıb (S.Möhbalıyevin çıxışının tam mətni qəzetimizin ikinci səhifəsində dərc olunub).

Qurultayda çıxış edən Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu ilin ötən 10 ayı ərzində DİM-in apardığı imtahanlarda ümumilikdə 641 min 517 nəfər iştirak edib. Bir sıra dövlət qurumlarının nümayəndələri ilə yanaşı, müxtəlif tədris müəssisələrindən on minlərlə müəllim Mərkəzin əməkdaşları ilə birlikdə imtahanların idarə olunmasında iştirak edib.

Məleykə Abbaszadə əhaliyə DİM tərəfindən 7 milyondan çox elektron xidmət göstərildiyini diqqətə çatdırıb. Bu o deməkdir ki, imtahanda iştirak edən hər bir şəxs ən azı 10 dəfə DİM-in elektron xidmətlərindən faydalanıb.

Dövlət İmtahan Mərkəzinin tədris prosesində müəllimlərə dəstək vermək üçün bir sıra tədbirlər reallaşdırdığını bildirən DİM Direktorlar Şurasının sədri, eyni zamanda, bu il Bakı şəhəri üzrə 272, on dörd rayonda 60 elmi-metodiki seminarın təşkil olunduğunu vurğulayıb.

Qurultayda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun, “McKinsey” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoyun və başqalarının da çıxışları dinlənilib.

Qurultayda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, eləcə də 2013-cü ilin dekabrında keçirilmiş Azərbaycan müəllimlərinin XIV qurultayından sonrakı müddətdə təhsil sistemində reallaşdırılmış tədbirlər və islahatlar müzakirə olunub, qarşıda duran yeni vəzifələr müəyyənləşdirilib.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş və “Tərəqqi” medalı ilə təltif olunmuş 127 nəfər təhsil işçisinə dövlət mükafatları təqdim edilib.

Sonda qurultayın qətnaməsi qəbul olunub.

Azərbaycan müəllimlərinin XV qurultayında ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən çox nümayəndə iştirak edib.