Azərbaycan növbəti dəfə təsdiqlədi ki, regional və qlobal əhəmiyyətli layihələri uğurla həyata keçirə bilər


Baxıldı : 45

Tarix : 2017-11-04 04:55:25


Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirildi. Müstəqillik tariximizin möhtəşəm layihələrindən birinin reallaşmasına rəhbərlik etməklə Azərbaycan növbəti dəfə təsdiqlədi ki, regional və qlobal əhəmiyyətli layihələri uğurla həyata keçirə bilər. Millət vəkillərinin fikrincə, BTQ-nin siyasi və beynəlxalq əhəmiyyəti iqtisadi əhəmiyyətindən daha böyükdür.

Millət vəkili Sahib Alıyev deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsiylə Azərbaycanın regionda nəqliyyat qovşağına çevrilməsi yolunda ən mühüm addımlardan biri atılmış olur. Və bununla da ölkəmiz hər il 50 milyondan bir milyard dollaradək gəlir əldə etmək şansı qazanır.

Ancaq bu dəmir yolunun ən böyük önəmi onun regionun geosiyasi xəritəsinə yenidən düzəliş edərək bütün türk ölkələrini birləşdirməsidir.

Millət vəkili Rasim Musabəyov bildirib ki, Cənubi Qafqaz regionu geostrateji körpü rolunu oynayır. Qara dəniz və Xəzər dənizi hövzələri arasında, Şərq və Qərb arasında bu rolu həyata keçirmək üçün müəyyən kommunikasiyalara ehtiyac var. Azərbaycan bu kommunikasiyaların çəkilməsində aparıcı rol oynayır. Bunlara misal kimi, Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini, "Cənub Qaz Dəhlizi" layihəsini və nəhayət, Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusi qeyd etmək olar. Bu layihələrin gerçəkləşməsi Cənubi Qafqaz regionunun geostrateji əhəmiyyətini artırır. Bütün bu layihələrin arxasında Azərbaycan dayanır. Bu layihələr məhz Azərbaycanın təşəbbüsü ilə gerçəkləşir. Bununla da Azərbaycanın strateji əhəmiyyəti daha da artır.

Millət vəkili Aydın Mirzəzadə deyib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılışı ilə regiondakı vəziyyət kökündən dəyişir: "Ölkələr arasında daha sıx əlaqələr yaranır. 100 minlərlə iş yeri açılır. Çindən tutmuş Avropaya qədər mallar çox qısa zamanda və sürətlə çatdırılır. Eyni zamanda bu layihə sülhü və təhlükəsizliyi gücləndirir".

Deputat əlavə edib ki, BTQ dəmir yolunun açılşı ilə Azərbaycanın regionda nüfuzu daha da yüksəlir: "Azərbaycan bu cür böyük layihələrin təşəbbüskarı və dəstəkvericisi kimi arzuolunan bir müttəfiqə çevrilir".

Azər MUSTAFAYEV