“Azərbaycan Ordusu savaşa-savaşa formalaşırdı”


Baxıldı : 202

Tarix : 2018-09-15 02:46:17


1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Məhz Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Osmanlı dövləti Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Sentyabrın 15-də qarşıya qoyulan məqsədə nail olundu və Bakı işğaldan azad edildi.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova bu mücadilə yolunu xarakterizə edərək bir sıra tarixi məqamları diqqətə çatdırdı. O bildirdi ki, xarici dövlətlərin rəqabət meydanına çevrildiyi Cənubi Qafqazda, Azərbaycan xalqının ermənilər tərəfindən kütləvi qırğınlara məruz qaldığı şəraitdə təcavüzə qarşı mübarizədə kömək məqsədilə Osmanlı dövlətinə müraciət olundu. Mayın 25-də Gəncəyə gələn Nuru Paşa yerli şəraitlə tanışlıqdan sonra Azərbaycanda hələ ordunun nizamlı, tam peşəkar formalaşmadığı qənaətinə gəlir.  Buna görə də Osmanlı dövləti bura xüsusi hərbi diviziyanın göndərilməsini qərara alır.

F.Əhmədova dedi ki, Azərbaycanda nizamlı ordunun olmamasının səbəbi yüz ildən artıq bir dövrdə müsəlmanların (azərbaycanlıların) orduya çağırılmaması, hərbi mükəlləfiyyət daşımaması idi. 1917-ci ildə mütləqiyyət devrildikdən sonra Rusiya tərkibində Azərbaycan da muxtariyyət hüququ almaq uğrunda mübarizə aparırdı. O zaman Zaqafqaziya komissarlığı bolşevik hakimiyyətini tanımayıb yerlərdə (Qafqazda) milli qoşun hissələri yaradılmasına icazə vermişdi. Və təbii ki, tarixi məqamdan istifadə edən ermənilər və gürcülər daha çox silah-sursat əldə etmişdilər. Buna baxmayaraq, Zaqafqaziya komissarlığı azərbaycanlıların müraciətini nəzərə alaraq Qafqaz cəbhəsindən qayıdan rus eşalonlarının tərksilah edilməsi hesabına öz ordusunun yaradılmasına icazə vermişdi. Ordunun tam formalaşmasına Bakı bolşevikləri də imkan verməyiblər.

Nuru Paşa gələnə qədər Əliağa Şıxlinskinin rəhbərliyi altında artıq müsəlman korpusunun yaradılmasına başlanılmışdı. Belə ordunun say tərkibi 500 nəfərə qədər idi. Amma, dediyimiz kimi, düşmən çox güclü və çox tərəfli idi. Bu təkcə Bakı bolşevikləri, Bakı Xalq Komissarları Soveti deyildi, eyni zamanda vahid bölünməz Rusiya tərəfdarı olan eser-menşeviklər, böyük Ermənistan yaratmaq istəyən daşnak qüvvələri idi. Həm də Bakı böyük beynəlxalq məsələyə çevrilmişdi. Xarici ölkələrin də maraqları burada toqquşurdu.

Beləliklə, üç ay yarım Bakı uğrunda savaş getdi. Bu savaş, onun müddəti də, marşrutu da göstərir ki, nə qədər ağır, əhəmiyyətli bir mücadilə aparılmışdı. Gəncə ermənilərinin tərk-silah edilməsi ilə başlanan yol Qaraməryəmdən, Kürdəmirdən, Şamaxıdan, Hacıqabuldan, Salyandan  keçərək Bakıya qədər davam etdi. Və bu  ərazilərdə ordu hissələri ilə yanaşı, yerli camaatın mübarizəsini də qeyd etmək lazımdır. Çünki sadalanan döyüşlərdə Qafqaz İslam Ordusu itki verirdi, itirilən yer isə könüllülər hesabına doldurulurdu. Məsələn, Qaraməryəm döyüşündə həlak olanların  əvəzinə Qazaxdan gələn 500 nəfərlik heyət orduya qoşulmuşdu. Döyüşlərdə iştirak etmək üçün Azərbaycanın müxtəlif ərazilərindən gələn könüllülərin sayı çox idi. Bundan başqa, Müsüslü dəstəsi var idi ki, Həbib bəy Səlimovun komandanlığı altında böyük bir döyüş yolu keçmiş, Bakının azad olunmasına qədər mücadilə aparmışdı.

Həmçinin Bakı kəndlərinin əhalisinin səfərbərliyi də keçirilmişdi. Ayrı-ayrı dəstələr var idi, Maştağa, Sumqayıt dəstələri. Hücum zamanı müdafiə xəttinin təminatı onların üzərinə qoyulmuşdu. Sentyabrın 14-də başlanan döyüş 36 saat çəkdi, ayın 15-də Bakı azad olundu.

Dünyada bir nümunə idi ki, Azərbaycan ordusu savaşa-savaşa formalaşırdı. Bu, çox səciyyəvi bir haldır. Yəni biri var peşəkar ordu olaraq savaş aparasan, bir də ki, mübarizə apara-apara formalaşasan. Bu, daha artıq fədakarlıqdır və daha artıq canlı itkiyə səbəb olan bir amildir.

Azər MUSTAFAYEV