Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib


Baxıldı : 48

Tarix : 2017-09-23 01:48:25


Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib. Ölkə başçısı çıxışında Dağlıq Qarabağ münaqişəsi və erməni işğalına xüsusi yer ayırıb.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu 25 ildən çoxdur ki, işğal altında saxlayır: "Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir".

Prezident deyib ki, aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. BMT Təhlükəsizlik Şurasının da  qəbul etdiyi 4 qətnamə var. Lakin Ermənistan qətnamələri yerinə yetirmir, 24 ildir ki, BMT qətnamələrinə əhəmiyyət vermir və cəzalandırılmır. Bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün içində icra olunur. Bizim vəziyyətimizdə isə 24 ildir icra olunmur. Bu, ikili standartdır və qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır. BMT-də aparılmalı olan islahatlardan biri də Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmləri ilə bağlı olmalıdır. Ermənistan "status-kvo"nun dəyişməməsi üçün hər şey edir. Substantiv danışıqları bloklayır. ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə bəyan edib ki, status-kvo qəbuledilməzdir.

İlham Əliyev qeyd edib ki, təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır: "Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər".

Dövlət başçısı bəyan edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq. Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq: "Ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evimiz dağıdıldı. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Döyüş meydanında məğlub olan Ermənistan şəhərlərimizə və kəndlərimizə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir. 2017-ci il iyulun 4-də Ermənistan 82 və 120 millimetrlik mina və qumbaraatanlardan istifadə edərək Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum etmiş, 2 dinc sakini - 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirmişdir. 2017-ci il avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanmışdır. Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır".

Prezident İlham Əliyev bildirib ki, Ermənistan işğalının yaratdığı böyük çətinliklərə baxmayaraq, Azərbaycan sürətlə və uğurla inkişaf edir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının fəal üzvüdür.

2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. 155 ölkə Azərbaycana səs verdi. Üzv dövlətlərin tam əksəriyyəti Azərbaycana və onun siyasətinə öz dəstəyini nümayiş etdirdi. Həmin vaxt cəmi 20 yaşı olan ölkə üçün bu, böyük nailiyyət oldu. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir.

Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycanda 2016-cı il "Multikulturalizm İli", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan olunmuşdur.

Azərbaycan dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, dörd dəfə keçirilmiş Mədəniyyətlərarası Dialoq və beş dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar forumlarını və digər mühüm tədbirləri qeyd etmək olar.

Dövlət başçısı ölkəmizin həm də beynəlxalq idman yarışlarına ev sahibliyi etməsindən və eləcə də qazanılan uğurlardan da danışıb: "2015-ci ildə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etdi. 50 ölkədən gəlmiş 6000 atlet həmin Oyunlarda iştirak etdi. 2017-ci ildə Azərbaycan 54 ölkəni təmsil edən təxminən 3000 idmançının iştirakı ilə dördüncü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. İki il ərzində paytaxtımız Bakıda Avropa və İslam Oyunları keçirildi. Bu, həmçinin multikulturalizmin təşviq edilməsinə böyük töhfə oldu. Azərbaycan yığması birinci Avropa Oyunlarında ikinci yeri, İslam Həmrəyliyi Oyunlarında isə birinci yeri tutdu. Bu göstərir ki, Azərbaycan dünyanın aparıcı idman ölkələrindən biridir. İdman nailiyyətlərimizin digər sübutu Azərbaycanın "Rio 2016" Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yeri tutması oldu. Bütövlükdə Azərbaycan 18 medal qazandı".

İlham Əliyev Azərbaycanın sosial və iqtisadi sahələrdə böyük inkişafa nail olduğunu da diqqətə çatdırıb: "2004-cü ildən başlayaraq Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artmış, ölkəmizdə 1 milyon 600 mindən artıq iş yeri açılmışdır. İşsizlik səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir - 5 faiz. Prioritetlərimizdən biri yoxsulluğun azaldılması idi. 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq idi. İndi bu, cəmi 5-6 faizdir. Nağd valyuta ehtiyatlarımız ölkənin ÜDM-nə bərabərdir. Xarici dövlət borcu ÜDM-in 20 faizindən azdır. 2009-cu ildə Azərbaycan Dünya Bankının "Doing Business" hesabatında "Dünyanın aparıcı islahatçı ölkəsi" kimi qiymətləndirilmişdir. Davosun Dünya İqtisadi Forumunun "2016-2017-ci illər üzrə qlobal rəqabətə davamlılıq hesabatında" Azərbaycan 138 ölkə sırasında 37-ci yer tutmuşdur".

Prezident qeyd edib ki, siyasətimizin əsas məqsədi vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılmasıdır. 2004-cü ildən etibarən ölkəmizdə əməkhaqları 5,6 dəfə, pensiyalar isə 8,2 dəfə artmışdır. Xarici maliyyə dəstəyi olmadan biz erməni işğalından əziyyət çəkən qaçqın və məcburi köçkünlər üçün təxminən 100 yeni qəsəbə və şəhərcik salmışıq. Bu günə qədər 250 mindən artıq insanın həyat şəraiti yaxşılaşdırılıb, onlara yeni evlər və mənzillər verilib. Həmin şəhərcik və qəsəbələrdə 152 məktəb, 59 tibb mərkəzi və 60 bağça tikilmişdir. Ümumilikdə 2004-cü ildən başlayaraq 3000-dən artıq məktəb, 600-dən çox xəstəxana və tibb mərkəzləri tikilmiş, yaxud təmir edilmişdir. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Hər il 5 milyondan artıq insan, yəni ölkə əhalisinin yarısı tamamilə dövlət büdcəsindən maliyyələşən tibbi yoxlamadan keçir.

Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır. Beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı olan Azərbaycan dünyanın bir çox ölkələri üçün enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə birlikdə "Cənub Qaz Dəhlizi" layihəsinin başa çatdırılmasına çox yaxındır. Sərmayələrinin həcmi 40 milyard dollara çatan bu layihə dünyanın ən iri infrastruktur layihələrindən biridir.

Digər mühüm prioritet nəqliyyatdır. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir.

Son illərdə Azərbaycanda 6 beynəlxalq hava limanı tikilmiş, 11 min kilometr müasir şosse və yollar çəkilmişdir. Xəzər dənizində Azərbaycanın 270 gəmidən ibarət ən iri ticarət donanması var. Gələn il biz Xəzər regionunda ən iri beynəlxalq dəniz ticarəti limanını istismara verəcəyik. Azərbaycan özünün dəmir yol infrastrukturunu müasirləşdirir. Ərazimizin tam əksəriyyəti dəmir yolları ilə əhatə olunur.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə böyük sərmayələr yatırır. Ölkəmizdən keçən hər iki marşrut Şərqdən Qərbə, Şimaldan Cənuba gedən ən qısa yollar olacaq.

Prezident İlham Əliyev sonda bildirib ki, Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq. Ötən il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etdik. Azərbaycanın uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar.