Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli 180 saylı qərarından sonra müqavilə əsasında pediatriya şöbəsində ordinator vəzifəsində çalışıram


Baxıldı : 50

Tarix : 2018-05-19 01:09:25


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli 180 saylı qərarından sonra müqavilə əsasında pediatriya şöbəsində ordinator vəzifəsində çalışıram. Həmin qərara əsasən tibb elmləri namizədi (fəlsəfə doktoru) elmi adı olanlar neçə yaşına qədər çalışa bilərlər?

 

Həbibulla MİRZƏYEV,

Xaçmaz rayonu.

-ƏM-in 10-1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.

Bununla bağlı 31 oktyabr 2011-ci ildə Nazirlər Kabineti tərəfindən 180 saylı qərarla “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları” təsdiq edilmişdir.

Qərara əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar aşağıdakılardır:

1. Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə;

2. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə;

3. İşlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması;

4. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya fəxri üzvü olması;

5. Dövlət mükafatı laureatı olması;

6. 1991-ci il oktyabrın 18-dən orden və medallarla təltif edilmə.

Göründüyü kimi Qərarda qeyd edilən müəssisələrdə çalışma müddətinin 5 ildən artıq uzadılmasından söhbət gedir.

Çalışdığınız sahə üzrə elmi adınız olduğuna görə, Sizinlə müqavilə bağlanaraq çalışma müddətiniz uzadılmışdır. Bu müddətin neçə il uzadılması məktubunuzdan məlum olmur. Lakin bildiririk ki, Qərarda çalışma müddətinin 5 ildən artıq uzadılması nəzərdə tutulsa da, son hədd müəyyən edilməmiş və bu işəgötürənə həvalə edilmişdir.

 

 

Patentin qüvvəsinə vaxtından əvvəl xitam verilə bilərmi?

 

 

Fatimə QULİYEVA,

Sumqayıt şəhəri.

 

-“Patent haqqında” Qanunun 36-cı maddəsinə əsasən, aşağıdakı hallarda patentin qüvvəsinə vaxtından əvvəl xitam verilir:

patent sahibinin müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizə əsasında;

patentin qüvvədə saxlanması üçün rüsumun ödənilməsi üçün müəyyən edilmiş müddətdən 12 aylıq möhlət müddəti keçənədək ödənilmədikdə;

“Patent haqqında” Qanuna uyğun olaraq patent tamamilə etibarsız sayıldıqda.

Müvafiq icra hakimiyyəti orqanı patentə vaxtından əvvəl xitam verilməsi barədə məlumatı rəsmi bülletenində dərc edir.

 

Mən ali təhsilli psixoloqam. 24 ildir ki, uşaq bağçasında tərbiyəçi müəllimə işləyirəm. Hazırda 13-cü dərəcə ilə əməkhaqqı alıram.  Mənə 14-cü dərəcə düşürmü?

 

Ellada QASIMOVA,

Kəlbəcər rayonu.

 

- “Təhsil Sahəsi İşçilərinin Qulluqçu Vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əsasən, təhsil işçilərinin ödəniş dərəcələrinə ixtisas tələbləri ali və ya orta ixtisas təhsilli olmasından və stajından asılı edilmişdir. Qeyd edilən sorğu kitabçasında tərbiyəçinin 14-cü dərəcə ilə əməkhaqqı alması üçün ixtisas tələbləri belə müəyyən edilmişdir:

“14-cü dərəcə (ali kateqoriya tərbiyəçi): ali təhsilli, 18 ildən yuxarı pedaqoji stajı olan; və ya stajından asılı olmayaraq təcrübəsi respublika səviyyəsində yayılmış”.

Bu ixtisas tələblərinə cavab verən tərbiyəçinin əməkhaqqı 14-cü dərəcə ilə ödəniləcəkdir.

 

İcbari sığorta müqaviləsinə hansı hallarda xitam verilir?

 

Çiçək VƏLİYEVA,

Yevlax şəhəri.

 

- “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 11-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

- müqavilə ilinin sonuna azı 30 gün qalmış icbari sığorta müqaviləsinə xitam verilməsi barədə sığortaçının xəbərdar edilməsi şərtilə sığortalının təşəbbüsü əsasında;

- icbari sığorta müqaviləsi üzrə hüquq və vəzifələrinin başqa şəxsə keçməsinin mümkün olmadığı halda fiziki şəxs sığortalı öldükdə, yaxud hüquqi şəxs sığortalı ləğv edildikdə və ya onun fəaliyyətinə xitam verildikdə;

- sığortalının sığorta olunanla bağlamış olduğu əmək müqaviləsinə, yaxud mülki-hüquqi müqaviləyə xitam verildiyi halda, həmin sığorta olunana münasibətdə;

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsində nəzərdə tutulmuş digər hallarda.

 

Dayım Böyük Vətən müharibəsi illərində Leninqradın müdafiəsində iştirak etmiş və  “Leninqradın müdafiəsinə görə” medalı ilə təltif olunmuşdur. Dayıma 110 manat miqdarında Prezident təqaüdü verilir. Eşitdiyimə görə, bu məbləğ artırılmışdır. Bu məlumat doğrudurmu?

 

Sevil ƏLİYEVA,

Bakı şəhəri.

 

- 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyadan olan şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Prezident tərəfindən 20 fevral 2018-ci ildə Sərəncam imzalanmışdır.

Sərəncamda deyilir ki, 1941-1945-ci illər  Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il mart ayının 1-dən artırılaraq 121 manat müəyyən edilmişdir.

Dayınızın aldığı 110 manat Prezident təqaüdünün məbləği mart ayının 1 dən etibarən 121 manat olubdur.