Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2018-2019-cu illər üçün BAŞ KOLLEKTİV SAZİŞ


Baxıldı : 240

Tarix : 2018-02-24 00:26:46


 

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası (bundan sonra - Tərəflər) Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına, digər beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq, 2018-2019-cu illər üçün sosial-iqtisadi və əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətini müəyyən edən Baş Kollektiv Saziş (bundan sonra - Saziş) bağlayırlar.

Tərəflər hesab edirlər ki, Azərbaycan Respublikasında uğurla həyata keçirilən islahatlar nəticəsində sosialyönlü, dünya təsərrüfat sisteminə inteqrasiya olunan milli iqtisadiyyatın formalaşdırılması, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, əhalinin məşğulluğunun təmin olunmasına, yeni iş yerlərinin açılmasına, gəlirlərin artırılmasına və vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən sosial-iqtisadi siyasətdir və bu hədəflərin reallaşdırılması Sazişin prioritet məqsədlərini təşkil edir.

Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə tarif sazişlərinin işlənilməsi və bağlanılması üçün əsas təşkil edir. Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə çalışacaqlarını və Baş Kollektiv Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəcəklərini bəyan edirlər.

 

1. İqtisadi siyasət sahəsində

1.1. Tərəflər hesab edirlər ki, yaxın gələcəkdə dövlətin sosial-iqtisadi siyasəti iqtisadi inkişafın dayanıqlılığının, istehsalatın modernləşdirilməsinin və rəqabət qabiliyyətinin yüksəldilməsi, innovasiya fəallığının və insan kapitalına investisiyalar qoyulmasının stimullaşdırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, yeni layiqli iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması, əhalinin rifahının artırılması əsasında təmin edilməsinə istiqamətləndirilməlidir.

1.2. Bu məqsədlə Tərəflər aşağıdakı öhdəlikləri yerinə yetirməyi öz üzərlərinə götürürlər:

1.2.1. iqtisadiyyatın, o cümlədən xidmət sahələrinin modernləşdirilməsinə kömək etmək;

1.2.2. iqtisadiyyatın innovativ inkişaf modelinə keçidini sürətləndirmək;

1.2.3. iqtisadiyyatın yüksək texnoloji və infrastruktur sahələrinin inkişaf etdirilməsinə diqqəti artırmaq;

1.2.4. iqtisadiyyatın prioritet sahələrinin dəstəklənməsi üzrə kompleks tədbirləri həyata keçirmək;

1.2.5. sosial-iqtisadi inkişafın uzunmüddətli proqnozlaşdırma sistemini təkmilləşdirmək, onun keyfiyyətini artırmaq;

1.2.6. bazar iqtisadiyyatı şəraitində istehsal həcminin artırılmasında və yeni iş yerlərinin yaradılmasında əsas amil olan kiçik və orta sahibkarlıq subyektləri üçün dövlətin maliyyə dəstəyini davam etdirmək, bu dəstəyi daha səmərəli təşkil etmək məqsədilə dövlət-sahibkar münasibətlərinin digər institusional mexanizmlərini daha da təkmilləşdirmək;

1.2.7. yerli məhsulun istehsal həcmini, əməyin səmərəliliyini, malların keyfiyyətini və rəqabət qabiliyyətini yüksəltmək məqsədilə yerli istehsalçılara hərtərəfli yardımı artırmaq, qanunvericilik və beynəlxalq hüquq normaları əsasında daxili və xarici bazarlarda ölkənin yerli istehsalçılarının mənafelərini müdafiə etmək, istehsal olunmuş hazır məhsulun dünya bazarlarına ixracını stimullaşdıran tədbirlər sistemini gücləndirmək;

1.2.8. iqtisadiyyatın bütün sahələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə tədbirləri davam etdirmək;

1.2.9. qeyri-formal iqtisadiyyatın leqallaşdırılması istiqamətində tədbirləri həyata keçirmək;

1.2.10. korrupsiya əleyhinə fəaliyyəti gücləndirmək;

1.2.11. əhalinin, o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün səyləri artırmaq;

1.2.12. yerli inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə (tariflərə) yenidən baxılması prosesində üçtərəfli məsləhətləşmələrdən istifadə etmək;

1.2.13. geni dəyişdirilmiş məhsulların ölkəyə gətirilməsinin qarşısını almaq, ərzaq və qeyri-ərzaq mallarının keyfiyyəti üzərində dövlət nəzarətini gücləndirmək;

1.2.14. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi ilə bağlı tədbiri davam etdirmək;

1.2.15. institusional, idarəetmə və struktur islahatlarını davam etdirmək;

1.2.16. inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması məqsədilə müvafiq tənzimləmə üsullarından fəal istifadə etmək;

1.2.17. ölkənin qeyri-neft sektoruna xarici investisiyaların miqyasını daha da genişləndirmək məqsədilə xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlamaq;

1.2.18. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qəbul olunmasının sürətləndirilməsi üçün müvafiq tədbirlər görmək;

1.2.19. idxalı əvəz edəcək və ixracyönlü məhsulların istehsalını və ixracını stimullaşdıran tədbirləri həyata keçirmək;

1.2.20. ölkə iqtisadiyyatının qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafını davam etdirmək;

1.2.21. istehlakçıların hüquqlarının müdafiəsinin milli sisteminin inkişafını təmin etmək məqsədilə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini hazırlamaq;

1.2.22. MDB ölkələrində valyutaların alıcılıq qabiliyyətinin pariteti əsasında beynəlxalq müqayisələrin aparılmasını nəzərdən keçirmək;

1.2.23. bölgələrdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə emal prosesləri, aqrotexniki və logistika, sanitar və fitosanitar, marketinq və digər xidmətləri vahid məkanda birləşdirən aqroparkların yaradılmasını davam etdirmək;

1.2.24. subsidiyaların verilməsi prosesinin təkmilləşdirilməsi, sığortaolunma mexanizminin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirmək;

1.2.25. kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarını genişləndirmək;

1.2.26. fermerlərə informasiya-məsləhət xidmətinin səmərəli təşkili sahəsində görülən işlərini davam etdirmək;

1.2.27. kənd təsərrüfatında rəqabətqabiliyyətli irimiqyaslı kooperasiyaların yaradılmasına dövlət dəstəyini gücləndirmək;

1.2.28. infrastruktur layihələri çərçivəsində kənd yollarının təmiri və yenidən qurulması işlərini davam etdirmək;

1.2.29. istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların yenidən dövriyyəyə qaytarılması, torpaqlardan yerli şəraitə uyğun səmərəli istifadə etmək üçün müvafiq tədbirlər görmək;

1.2.30. özəl “Fermer mağazaları”, “yaşıl marketlər” və topdansatış mərkəzlərini genişləndirmək;

1.2.31. azad iqtisadi zonaların yaradılması istiqamətində səyləri gücləndirmək;

1.2.32. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş strateji hədəflər üzrə tədbirlərin icrasını, o cümlədən kənd yerlərində əhalinin peşə hazırlığının gücləndirilməsi, məşğulluğunun artırılması, habelə toxumçuluğun, baramaçılığın və arıçılığın inkişaf etdirilməsi sahəsində tədbirləri davam etdirmək.

1.3. Tərəflər iqtisadiyyatın bütün sahələrində Ümumi Daxili Məhsulun real artım göstəricilərinin proqnozlaşdırılmasını zəruri hesab edirlər.

2. Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi

2.1. Tərəflər qeyd olunan müddətdə işçinin əmək hüququnu təmin edən kompleks tədbirlərin işlənilməsini və həyata keçirilməsini, real əməkhaqqının artırılmasını, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını və gəlirlər siyasətinin təkmilləşdirilməsini zəruri hesab edirlər.

2.2. Bu məqsədlə Tərəflər əməyin təşkilinin təkmilləşdirilməsi, işçilərin ixtisas dərəcələrinin artırılması, əməyin məhsuldarlığının yüksəldilməsi məqsədilə aşağıdakı öhdəlikləri götürürlər:

2.2.1. Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Layiqli Əmək üzrə Ölkə Proqramının icrasını təmin etmək;

2.2.2. kişi və qadın işçilər tərəfindən həyata keçirilən eyni işlərin ödənilməsində ayrı-seçkiliyi aradan qaldırmaq məqsədilə tədbirlər görmək;

2.2.3. gender bərabərliyinin təmin edilməsi baxımından əmək qanunvericiliyi normalarını təkmilləşdirmək;

2.2.4. qeyri-formal əmək münasibətlərinin qarşısını almaq məqsədilə işçiləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb edən və onlara qeyri-rəsmi ödənişlər verən işəgötürənlər üzərində sosial tərəfdaşların birgə nəzarətini gücləndirmək;

2.2.5. müəssisə və təşkilatlarda əməyin normallaşdırılması istiqamətində aparılan işlərə diqqəti artırmaq;

2.2.6. istehsal olunan məhsulun maya dəyərində əməyin ödənilməsinin payına dair təhlillər aparmaq;

2.2.7. özəl tikinti müəssisələri tərəfindən həyata keçirilən tikililərin layihə smeta sənədlərində real əməkhaqqı xərclərinin müəyyənləşdirilməsi məqsədilə qaydaların qəbul edilməsi;

2.2.8. büdcədən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödəniş sisteminin bərabər dəyərli əməyə görə bərabər haqq verilməsi prinsipi əsasında təkmilləşdirilməsi, əməyin ödəniş sistemlərində eyni peşə və vəzifələr üzrə tarif (vəzifə) maaşları arasında əməyin nəticələri ilə bağlı olmayan fərqlənmələrin aradan qaldırılması.

3. Əmək bazarının inkişafı və

əhalinin məşğulluğunun təminatları

3.1. Tərəflər hesab edirlər ki, iqtisadiyyatın modernləşdirilməsi və innovasiyalı inkişafı ixtisaslı işçilərə tələbatı formalaşdırmalı, yüksək məhsuldarlıqla, təhlükəsiz əmək şəraiti və layiqli əməkhaqqı ilə səciyyələnən səmərəli iş yerlərinin yaradılması ilə müşayiət olunmalıdır. Bu proseslər əhalinin məşğulluğu və insan resurslarının inkişafı sahəsində məqsədyönlü dövlət siyasəti ilə və sosial tərəfdaşların qarşılıqlı əməkdaşlığı şəraitində aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirməklə dəstəklənməlidir:

3.1.1. əmək və məşğulluq sahəsində dövlət siyasətinin səmərəliliyinin artırılması, beynəlxalq standartlara və milli prioritetlərə əsaslanaraq qanunvericiliyin təkmilləşdirilməsi;

3.1.2. əmək bazarının təhlili məqsədilə mövcud informasiya sisteminin əhatə dairəsinin genişləndirilməsi, informasiya sisteminə əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə elementlərin daxil edilməsi;

3.1.3. əmək bazarında işçi qüvvəsinin keyfiyyətinin inkişaf edən iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması, müasir tələblərə cavab verən rəqabətədavamlı kadr potensialının formalaşdırılması, peşə təhsili sisteminin təkmilləşdirilməsi, peşə standartlarının, o cümlədən təlim standartlarının hazırlanması;

3.1.4. dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması;

3.1.5. əmək miqrasiyasının səmərəliliyinin artırılması;

3.1.6. qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair ölkə prezidenti tərəfindən təsdiq edilmiş tədbirlər planının icrasının təmin edilməsi;

3.1.7. əmək münasibətlərinin əsassız olaraq mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsi hallarının qarşısının alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi;

3.1.8. əmək qanunvericiliyinə dövlət və ictimai nəzarətin həyata keçirilməsində profilaktik fəaliyyətin və onlayn nəzarət mexanizmlərinin gücləndirilməsi;

3.1.9. əmək ehtiyatlarının səmərəli istifadəsi, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, inklüziv məşğulluğun stimullaşdırılması, layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi.

3.2. Bununla əlaqədar Tərəflər aşağıdakı öhdəlikləri yerinə yetirməyi öz üzərlərinə götürürlər:

3.2.1. Azərbaycan Respublikasında mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin iqtisadi prioritetlərinə əsaslanaraq səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş institusional islahatları müəyyən etməklə, Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyasının qəbul edilməsinə nail olmaq;

3.2.2. gənclərin məşğulluq imkanlarını artırmağa, onların kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar sisteminin təkmilləşdirilməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə, tələbə və şagirdlərin, gənc işçilərin və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə istiqamətləndirilən tədbirləri həyata keçirmək;

3.2.3. ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək, onların peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmaq;

3.2.4. sosial tərəfdaşların əmək qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarətini gücləndirmək;

3.2.5. məşğul, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq təcrübəyə əsaslanan işsizlikdən sığorta sistemini formalaşdırmaq və tədbiqini həyata keçirmək;

3.2.6. əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığının proqnozlaşdırılması sisteminin yaradılmasına dair zəruri tədbirlər görmək;

3.2.7. işçilərin əmək hüquqlarını davamlı surətdə təmin etmək məqsədilə əsassız olaraq müddətli müqavilələrin bağlanılmasına yol verməmək;

3.2.8. gənclərin, sosial müdafiə və xüsusi qayğıya ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən əhali qruplarının, əmək bazarına inteqrasiya olunmasının dəstəklənməsi istiqamətində işləri davam etdirmək;

3.2.9. valideyn himayəsindən məhrum olub, dövlət uşaq müəssisələrində yaşayan uşaqların oranı tərk etdikdən sonra təhsil almasına və iş yeri ilə təmin olunmasına köməklik göstərmək;

3.2.10. ölkə və regionlar üzrə məşğulluq proqramlarının həyata keçirilməsi üçün ayrılmış vəsaitin səmərəli istifadə olunmasına nəzarəti gücləndirmək;

3.2.11. mövcud iş yerlərinin saxlanılmasını və layiqli yeni iş yerlərinin yaradılmasını təmin edən işəgötürənlər üçün həvəsləndirici tədbirləri genişləndirmək;

3.2.12. əhalinin, xüsusilə işaxtaran və işsiz vətəndaşların məlumatlandırılması istiqamətində reklam-informasiya işini genişləndirmək, yeni yaradılmış iş yerləri haqqında təfsilatlı informasiya bazasını yaratmaq və geniş ictimaiyyətə çatdırmaq;

3.2.13. əmək bazarının məşğulluq və işsizlik səviyyəsinin real vəziyyətinin düzgün qiymətləndirilməsi məqsədilə iqtisadi zonalar üzrə təhlil işlərini davam etdirmək;

3.2.14. ali, orta ixtisas, ilk peşə-ixtisas və ümumtəhsil müəssisələrinin tələbə və şagirdlərinə əmək qanunvericiliyinin əsasları üzrə mühazirələr oxunmasını təşkil etmək;

3.2.15. əmək resurslarının daxili ərazi mobilliyini həvəsləndirən stimullar sisteminin gücləndirilməsi sahəsində məsləhətləşmələr aparmaq;

3.2.16. Beynəlxalq Əmək Təşkilatının 1988-ci ildə qəbul olunmuş “Məşğulluğa köməklik və işsizlikdən müdafiə haqqında” 168 nömrəli Konvensiyasının ratifikasiya imkanlarını araşdırmaq;

3.2.17. layiqli əməyin səviyyəsinin öyrənilməsi məqsədilə birgə tədqiqatlar keçirmək;

3.2.18. əməkçi miqrantların hüquqlarının müdafiəsi üzrə dövlətlərarası əməkdaşlığı həyata keçirmək, ölkələrarası sazişlərin bağlanılması təcrübəsindən istifadə etmək;

3.2.19. qeyri-formal məşğulluğun və əmək miqrasiyasının real vəziyyətinin öyrənilməsinə və onu yaradan səbəblərin aradan qaldırılmasına, eyni zamanda yaratdığı risklərlə bağlı ictimaiyyətin məlumatlandırılmasına dair işləri davam etdirmək;

3.2.20. sosial infrastrukturyönlü işlərin inkişaf etdirilməsi, xalq tətbiqi sənətinin dirçəldilməsi və inkişafı, turizm istirahət zonalarının yaradılması və bu sahələrə investisiyaların artırılması hesabına əhalinin məşğulluq səviyyəsinin artırılması;

3.2.21. peşə ixtisasları üzrə standartların beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmasını davam etdirmək;

3.2.22. MDB ölkələri üçün təsdiq olunmuş ümumi əmək bazarının formalaşdırılması və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsi üzrə prioritet tədbirlərdə iştirak etmək;

3.2.23. qeyri-rəsmi məşğulluğun aşkar edilərək, qarşısının alınmasında icbari tibbi sığortanın imkanlarından istifadə edilməsi məqsədilə tədbirlərin görülməsi;

3.2.24. qeyri-rəsmi məşğulluğun xarakterik olduğu iqtisadi fəaliyyət sahələrində (pərakəndə ticarət, iaşə, nəqliyyat, turizm xidməti və s.) qeydiyyatsız əmək fəaliyyətinin qarşısının alınması məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və həmin sahələrdə fəaliyyətin gücləndirilməsi;

3.2.25. məcburi dövlət sosial sığorta haqları və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə maliyyə sanksiyalarının (hesablanmış penya üzrə borcların) silinməsini həvəsləndirmək məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi;

3.2.26. beynəlxalq təcrübəyə uyğun olaraq, məcburi dövlət sığorta yükünün işəgötürənlər və işçilər arasında optimallaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi.

4. Sosial müdafiənin

gücləndirilməsi istiqamətləri

4.1. Tərəflər Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün aşağıda göstərilən tədbirlərin həyata keçirilməsini zəruri hesab edirlər:

4.1.1. əhalinin sağlamlığının mühafizəsi üzərində ictimai nəzarətin gücləndirilməsi;

4.1.2. İİV/QİÇS-ə, şəkərli diabet, hemofiliya, talassemiya və digər xroniki xəstəliklərə tutulanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi;

4.1.3. məktəbəqədər təhsil müəssisələrində uşaq qidasının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi;

4.1.4. məktəb tətilləri zamanı uşaqların istirahətinin təşkili və genişləndirilməsi işinin davam etdirilməsi;

4.1.5. iş yerlərində şəxslərin təbii və reproduktiv xüsusiyyətləri nəzərə alınmaqla, müasir tələblərə cavab verə biləcək sanitariya-gigiyena normalarının işlənilib hazırlanması;

4.1.6. işəgötürənlər tərəfindən sığortaolunanlar barədə fərdi uçot haqqında qanunvericiliklə müəyyən olunmuş məlumatların vaxtında verilməsinin təmin edilməsi;

4.1.7. müəssisə, təşkilat və idarələrdə işçilərin məzuniyyət hüququndan istifadə etmələrinə nəzarətin gücləndirilməsi;

4.1.8. əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə nəzarətin gücləndirilməsi;

4.1.9. uşaq əməyinin, məcburi əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi, birgə monitorinqlərin təşkil edilməsi;

4.1.10. ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması və uşaqların məktəblərə qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyaların yaradılması;

4.1.11. ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan tələbə və şagirdlərin yataqxana ilə təmin olunması məqsədilə təkliflərin hazırlanması;

4.1.12. əlillərin, sağlamlıq imkanları məhdud uşaqların və əlil gənclərin stasionar şəraitdə tibbi-sosial reabilitasiyasının genişləndirilməsi;

4.1.13. ünvanlı dövlət sosial yardımı və tibbi-sosial ekspertiza xidmətlərinin elektron texnologiyalar üzərində avtomatlaşdırılması işinin təkmilləşdirilməsinin davam etdirilməsi;

4.1.14. sığorta-pensiya sisteminin davamlı və dinamik inkişafına nail olunması məqsədilə islahatların davam etdirilməsi;

4.1.15. işəgötürənlər tərəfindən sosial sığorta haqlarının vaxtında və tam həcmdə köçürülməsi üzərində birgə nəzarəti gücləndirmək;

4.1.16. icbari tibbi sığortanın tətbiqinə və təkmilləşdirilməsinə nail olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi;

4.1.17. qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etmək və bu istiqamətdə nəzarəti gücləndirmək;

4.1.18. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli 827 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın icrası istiqamətində tədbirlərin davam etdirilməsi;

4.1.19. uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə etdiyi müddətin qadınların əmək və sığorta stajına daxil edilməsindən ötrü müvafiq qanunvericilikdə dəyişikliklər etmək;

4.1.20. Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatının minimum normaları haqqında” 102 nömrəli Konvensiyasının ratifikasiyasını sürətləndirmək;

4.1.21. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinin genişləndirilməsi zərurətini nəzərə alaraq, sığortaolunan şəxslərin sosial mənafeyini qorumaq məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq strukturları ilə qarşılıqlı və birgə fəaliyyət göstərmək;

4.1.22. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları ilə birgə pensiya qanunvericiliyində edilmiş dəyişikliklərə dair məlumat kampaniyasını davam etdirmək, həmkarlar ittifaqı fəallarını yeniliklərlə tanış etmək, qüvvədə olan qanunvericilikdə edilmiş dəyişikliklərin əsaslandırılmış faktlarla real vəziyyətlə bağlılığını müəyyən etmək;

4.1.23. müxtəlif kateqoriyalı məşğul şəxslərin məcburi dövlət sosial sığorta sistemi ilə əhatə olunmasını genişləndirmək;

4.1.24. vətəndaşların pulsuz tibbi yardıma dövlət zəmanətinin təmin edilməsinə istiqamətləndirilmiş tədbirləri müəyyən etmək və həyata keçirmək, əhalinin dispanserizasiyasının keçirilməsinə, sağlamlığının qorunması və möhkəmləndirilməsinə, sağlam həyat tərzi üçün, o cümlədən bədən tərbiyəsi və idmanın inkişafına birgə nəzarəti gücləndirmək;

4.1.25. “Sosial sığorta haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;

4.1.26. üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı tədbirlər görmək.

 

5. Əmək hüquqlarının müdafiəsi,

əməyin mühafizəsi,

texniki və ekoloji təhlükəsizlik

5.1. Əmək hüquqlarının müdafiəsini, əməyin mühafizəsini, texniki və ekoloji təhlükəsizliyi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirərək, Tərəflər aşağıdakı öhdəlikləri yerinə yetirməyi öz üzərilərinə götürürlər:

5.1.1. içməli su, onun təchizatı və keyfiyyəti barədə qanun layihəsinin qəbul edilməsinə nail olmaq;

5.1.2. əməyin təhlükəsizliyi və sağlamlaşdırılması sahəsində əsas məqsədlərə çatmaq üçün “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın qəbul edilməsini sürətləndirmək;

5.1.3. normativ sənədlərin layihəsini hazırlamaq:

peşə xəstəliklərinin analizi və uçota alınması qaydaları;

dövlət və müəssisələr səviyyəsində əməyin mühafizəsi fondunun Əsasnaməsinin layihəsi.

5.1.4. əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, ixtisaslarının artırılması, təcrübə mübadiləsinin aparılması üçün şərait yaratmaq;

5.1.5. əməyin mühafizəsi tələblərinin gücləndirilməsi məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;

5.1.6. “Əməyin mühafizəsi haqqında” qanun layihəsini hazırlamaq;

5.1.7. əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda işləyənlər üçün kollektiv və fərdi mühafizə vasitələri istehsalının imkanlarını araşdırmaq;

5.1.8. iş yerlərində, o cümlədən sənaye müəssisələrində insanların sağlamlığının qorunması məqsədilə ekoloji təhlükəsizliyi təmin etmək;

5.1.9. əməyin təhlükəsizliyi normaları və standartları üzrə milli informasiya sistemini yaratmaq;

5.1.10. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işəgötürən tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmək;

5.1.11. işçilərə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə məşğul ola bilmələri üçün lazımi şərait yaratmaq;

5.1.12. işçilərə və onların ailə üzvlərinə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün balanslarında olan idman obyektləri və bazalarını təmənnasız təqdim etmək, bu idman obyektlərinin və bazaların saxlanılmasını təmin etmək;

5.1.13. işçilərə əmək qabiliyyətlərinin yüksəldilməsi və sağlamlıqlarının möhkəmləndirilməsi məqsədilə istirahət evləri, turist bazaları və sanatoriya-kurort müəssisələrinə müvafiq göndərişlər (yollayışlar) vermək;

5.1.14. Beynəlxalq Əmək Təşkilatının “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli, “Kənd təsərrüfatında əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 2001-ci il tarixli 184 nömrəli, “Əmək təhlükəsizliyinin və gigiyenasının təmin edilməsinin əsasları haqqında” 2001-ci il tarixli 187 nömrəli konvensiyalarının ratifikasiya imkanlarını araşdırmaq;

5.1.15. idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin asudə vaxtlarının səmərəli təşkili üçün davamlı olaraq mədəni-kütləvi, sosial, turist-ekskursiya və idman tədbirlərində onların iştirakını təmin etmək;

5.1.16. işçilərin, xüsusilə gənc nəslin, əmək qanunvericiliyi və əməyin mühafizəsi norma və qaydaları barədə mütəmadi məlumatlandırılması məqsədilə respublikanın müxtəlif bölgələrində regional xarakterli seminarlar keçirmək;

5.1.17. nazirlik, komitə, idarə, müəssisə və digər qurumlar tərəfindən əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə Baş Kollektiv Sazişin qüvvədə olduğu müddətdə həmkarlar ittifaqı təşkilatının nümayəndəsinin də daxil olduğu komissiyalar yaradılmaqla, bu sahədə tənzimləməni həyata keçirmək;

5.1.18. əmək qanunvericiliyinin təkmilləşdirilməsini davam etdirmək;

5.1.19. əhalinin sağlamlığı və ətraf mühitin qorunması məqsədilə yaşıllıqların salınması və onlara qulluq edilməsi, ərazilərin məişət tullantılarından təmizlənməsi üçün əmək kollektivlərinin iməciliklərini təşkil etmək;

5.1.20. Beynəlxalq Əmək Təşkilatının transmilli şirkətlərin fəaliyyətinin və sosial siyasətinin prinsipləri haqqında üçtərəfli Bəyannaməsinə əsasən transmilli şirkətlərdə, xarici sərmayə ilə işləyən və müştərək müəssisələrdə çalışan işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması ilə bağlı birgə iş aparmaq.

6. Sosial partnyorluq və Tərəflərin fəaliyyətinin əlaqələndirilməsi

6.1. Tərəflər hesab edirlər ki, sosial tərəfdaşlığın inkişaf etdirilməsi, əsas sosial və iqtisadi məsələlər, əmək münasibətlərinin tənzimlənməsi üzrə qərarlar qəbul edilərkən sosial partnyorluğun imkanlarından daha səmərəli istifadə olunması zəruridir.

6.2. Bu məqsədlə Tərəflər aşağıdakı öhdəlikləri yerinə yetirməyi öz üzərlərinə götürürlər:

6.2.1. sosial-iqtisadi siyasətin əsas istiqamətləri üzrə müntəzəm məsləhətləşmələr aparmaq, sosial tərəfdaşlardan ibarət üçtərəfli komissiyanın fəaliyyətini gücləndirmək;

6.2.2. sosial-əmək münasibətləri, əhalinin məşğulluğu, miqrasiya və sosial təminat sahəsində milli proqram, qanun və digər normativ hüquqi aktların layihələrini müzakirə etmək;

6.2.3. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işçilərin əmək, sosial və iqtisadi hüquqlarına dair qanun layihələri və digər normativ aktlar hazırlanarkən həmkarlar ittifaqlarının mövqeyini nəzərə almaq;

6.2.4. Beynəlxalq Əmək Təşkilatının dəstəyini almış “İşəgötürənlər birlikləri haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinə səy göstərmək;

6.2.5. işəgötürənlər təşkilatlarının korporativ sosial məsuliyyət sahəsində təşəbbüslərini hərtərəfli dəstəkləmək, “İlin ən yaxşı sosial layihəsi”, “Ən yaxşı kollektiv müqavilə”, “Ən yaxşı sosial-məsuliyyətli müəssisə”, “Peşəsinin ən yaxşı ustası” müsabiqələrinin təşkil edilməsini nəzərdən keçirmək;

6.2.6. dövlət əmlakının özəlləşdirilməsi zamanı əmək kollektivlərinin maraqlarını tam nəzərə almaq məqsədilə müəssisələrdə yaradılan komissiyaların tərkibinə həmkarlar ittifaqı nümayəndələrinin daxil edilməsini təmin etmək;

6.2.7. MDB ölkələrinin Parlamentlərarası Assambleyası tərəfindən qəbul olunmuş model qanunlardan və digər normalardan milli qanunvericiliyin təkmilləşdirilməsində istifadə etmək, bu qurum tərəfindən təsdiqlənən “Səhmdar cəmiyyətləri haqqında” model qanunun mülahizələrinə əsasən, ölkənin səhmdar cəmiyyətlərinin rəhbər orqanlarında işçilərin nümayəndələrinin təmsil olunmasını tövsiyə etmək.

6.3. Tərəflər həmkarlar ittifaqlarının və işəgötürənlərin fəaliyyətinə müdaxilə olunmaması ilə bağlı tanınmış beynəlxalq qərar və normalara riayət edilməsinə təminat verirlər, həmkarlar ittifaqları və işəgötürənlər təşkilatlarının yaradılmasına mane olmurlar, həmkarlar ittifaqlarının qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmək məqsədilə respublikanın ərazisində fəaliyyət göstərən bütün müəssisə və təşkilatlara daxil olmasına kömək edəcəklər.

6.4. Tərəflər aşağıdakı məsələlərin həllinə kömək göstərməyi öhdəlik kimi qəbul edirlər:

6.4.1. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən müəssisələrdə sosial-əmək münasibətlərinin sosial partnyorluq prinsipləri əsasında tənzimlənməsi;

6.4.2. iqtisadi imkanlar nəzərə alınmaqla, əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial-iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən sahə (tarif) və ərazi (rayon) kollektiv sazişlərin və kollektiv müqavilələrin bağlanılması və həyata keçirilməsi;

6.4.3. sahə kollektiv sazişlərin və kollektiv müqavilələrin bağlanılması üzərində birgə nəzarətin gücləndirməsi.

6.5. Tərəflər nəzərə alırlar ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sosial tərəfdaşlar tərəfindən razılaşdırılmış göstəricilər üzrə əhalinin həyat səviyyəsinin statistik müşahidəsini daim həyata keçirir və Baş Kollektiv Sazişin əlavəsində əks olunan göstəricilər üzrə yarım ildə bir dəfə (avqust və fevral aylarında) Tərəflərə məlumat verir.

6.6. Tərəflər sosial-əmək və iqtisadi münasibətlər sahəsində yaranan kollektiv əmək mübahisələrinin (münaqişələrinin) tənzimlənməsi üçün onlardan asılı olan bütün zəruri tədbirləri həyata keçirir, bu sahədə infrastrukturun təkmilləşdirilməsini və birgə əməkdaşlığı təşkil edirlər.

6.7. Hər bir Tərəf qəbul olunmuş öhdəliklərin icrasını təmin edən tədbirlər hazırlayır.

6.8. Tərəflər götürdükləri öhdəlikləri yerinə yetirmədikdə, qanunda nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

6.9. Baş Kollektiv Sazişin icrasına nəzarəti Tərəflərin müvafiq komissiyaları həyata keçirir və nəticələr hər ilin yekunlarına görə müzakirə edilir.

6.10. Baş Kollektiv Sazişdə dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı əsasında edilir.

6.11. Baş Kollektiv Saziş 2018-2019-cu illər üçün bağlanılır və imzalandığı gündən qüvvəyə minir. Yeni danışıqlar qüvvədə olan Baş Kollektiv Sazişin müddəti başa çatanadək bitmədiyi təqdirdə, bu Baş Kollektiv Sazişin müddəti Tərəflərin razılığı ilə üç ayadək uzadıla bilər.

6.12. Baş Kollektiv Sazişin icrası və sosial-əmək münasibətlərinin tənzimlənməsi üzrə Tərəflərin fəaliyyətini işıqlandırmaq məqsədilə Tərəflər sosial tərəfdaşlığın inkişafına həsr edilmiş materialları respublikanın kütləvi informasiya vasitələri ilə yayırlar.

6.13. Baş Kollektiv Sazişə daxil edilmiş müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyət formasından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən bütün müəssisə, idarə və təşkilatlara şamil edilir.

 

Baş Kollektiv Sazişə

ƏLAVƏ

Əsas sosial-iqtisadi göstəricilər

 Ümumi Daxili Məhsul (mln.manatla).

 Əsas kapitala investisiyaların Ümumi Daxili Məhsulda payı (faizlə).

 İdman və turizm sektorlarına yönəldilmiş investisiyaların həcmi (mln.manatla).

 Sosial-mədəni tədbirlərə dövlət büdcəsindən ayrılan xərclər (mln.manatla).

 Ümumi Daxili Məhsulda faizlə - (hər il may ayının ikinci ongünlüyü).

 Daimi əhalinin sayı (min nəfər) - (hər il may ayının ikinci ongünlüyü).

 Doğulanlarda gözlənilən ömür uzunluğu (yaş sayı) - (hər il may ayının ikinci ongünlüyü).

 Doğumun ümumi əmsalı (əhalinin hər 1000 nəfərinə).

 Ölümün ümumi əmsalı (əhalinin hər 1000 nəfərinə).

Əhalinin təbii artım əmsalı (əhalinin hər 1000 nəfərinə).

 Əhalinin hər nəfərinə düşən gəlirlər (manatla).

 Əhalinin sərəncamında qalan gə

lirlərin real artım sürəti (müqayisə edilən dövrə nisbətən, faizlə).

 Hesablanmış orta aylıq əməkhaqqı (manatla):

- nominal (manatla, faizlə artım);

- real (faizlə artım);

-iqtisadi fəaliyyət növləri üzrə (manatla).

 Ümumi Daxili Məhsulda əmək ödənişlərinin xüsusi çəkisi (faizlə).

Təyin olunmuş pensiyalar:

- orta aylıq məbləğ (manatla);

- nominal (manatla, faizlə artım);

- real (faizlə artım).

 İstehlak qiymətləri indeksi (faizlə).

 Ailə büdcəsindən qida üçün sərf olunan orta məbləğ (manatla).

İqtisadiyyatda məşğul olanların sayı (min nəfərlə).

 İqtisadi fəal əhalinin sayı (min nəfərlə).

 Məşğul əhalinin bölünməsi (min nəfərlə):

məşğulluq statusu üzrə (hər il may ayının ikinci ongünlüyü);

iqtisadi fəaliyyət növləri üzrə;

 İşsiz əhalinin sayı (min nəfərlə).

 İşsiz statusu olan şəxslərin sayı (min nəfərlə).

 Bir iş yeri vakansiyasına düşən işsiz statusu olanların sayı.

 İstehsalat xəsarətləri (zədələri), o cümlədən:

ölümlə nəticələnən.

Ağır fiziki əməklə məşğul olanların sayı.

 Əsas növlər üzrə peşə xəstəlikləri (hər il iyun ayının ikinci ongünlüyü).

Layiqli əməyə dair mövcud göstəricilər.

 Muzdla işləyənlərin xüsusi çəkisi (faizlə), o cümlədən qadınların (hər il iyun ayının ikinci ongünlüyü).