Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə


Baxıldı : 63

Tarix : 2019-12-28 05:37:47


Möhtərəm cənab Prezident!

Sizi ad gününüz münasibətilə Azərbaycan həmkarlar ittifaqlarının çoxsaylı üzvləri və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının rifahı naminə qarşıya qoyduğunuz məqsədlərə nail olmaqda yeni-yeni  uğurlar diləyirəm.

Cənab Prezident!

Bu gün Azərbaycan Sizin müdrik rəhbərliyinizlə cəmiyyətin həyatının bütün sahələrinin müasirləşdirilməsi yolunda  ardıcıl və dinamik sürətdə irəliləyir. Sizin zəngin siyasi təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Dünya miqyasında yeritdiyiniz uzaqgörən və praqmatik siyasətiniz, ölkənin milli mənafelərini qətiyyətlə qorumaq və müdafiə etməkdə xüsusi bacarığınız sayəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə olan ən mühüm məsələlərin  həllində fəal rol oynayır.

Möhtərəm cənab Prezident!

Siz, uğurlara imza atmış bir dövlət xadimi kimi, Azərbaycan Respublikasında sabitlik və firavanlığın qarantısınız. Tərəfinizdən ölkəmizdə həyata keçirilən sosial islahatlar təsdiq etdi ki, dövlətin sosial siyasətinin fəlsəfəsi respublikada iqtisadi inkişafın nəticələrini əhalinin rifah halının yüksəldilməsinə yönəltməkdir. Minimum əməkhaqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması, müxtəlif ödənişlərin verilməsi və əhalinin sosial müdafiəsinin yüksəldilməsi sahəsində verdiyiniz sərəncamlar xalqın Sizə olan inam və etimadını daha da gücləndirdi.  Hər bir vətəndaş aydın şəkildə hiss edir ki, ölkənin Prezidenti onun yanındadır.

Möhtərəm cənab Prezident!

Sizin rəhbərliyinizlə respublikamız öz inkişaf tempini sürətləndirməklə qabaqcıl dövlətlər arasında öz layiqli yerini daha da möhkəmləndirməkdədir. Davos İqtisadi Forumunun hesabatına görə, “əhali tərəfindən rəhbərliyə olan dəstək” sahəsində Azərbaycan dünya miqyasında birinci, ABŞ-ın Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinin və BAV  qrupunun təhlilçilərinin yaydığı siyahıda isə iqtisadi və hərbi gücünə, beynəlxalq arenada təsir və liderlik imkanlarına görə 80 ən qüdrətli ölkələr arasında 45-cidir.

Bütün bu nailiyyətlər Sizin qətiyyətlə, uzaqgörənliklə apardığınız daxili və xarici siyasət nəticəsində əldə edilmişdir.

Biz həmkarlar ittifaqları əminik ki, ölkəmiz Sizin rəhbərliyiniz ilə öz qüdrətini, inkişafını daha yüksək zirvələrə qaldıracaqdır. Bu yolda hər zaman Sizinlə birlikdəyik.

Möhtərəm cənab Prezident!

Bir daha Sizi doğum gününüz münasibətilə  tədrik edir, Sizə möhkəm  cansağlığı, tükənməz enerji, məsul dövləti vəzifənizdə yeni uğurlar, xalqımızın rifahı naminə gördüyünüz mühüm işlərdə müvəffəqiyyətlər arzulayıram.

 

Hörmətlə,

Səttar MÖHBALIYEV,

AHİK-in sədri, millət vəkili