Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevə  MÜRACİƏT


Baxıldı : 47

Tarix : 2019-03-07 05:40:01


 

Möhtərəm cənab Prezident!

Biz, Azərbaycan həmkarlar ittifaqlarının fəalları bütün həmkarlar ittifaqı üzvləri adından son vaxtlar sosial siyasət sahəsində atdığınız addımlara, iki ayda əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığınız fərman və sərəncamlara görə Sizə dərin təşəkkürümüzü bildiririk. Bu sənədlər elə bir vaxtda imzalanmışdır ki, dünyanın iqtisadiyyatı oturuşmuş ölkələrində belə, iqtidarlar sosial problemlərin məngənəsində sıxılan vətəndaşlarına kömək göstərməkdə acizdirlər. Siz, sözün həqiqi mənasında, ölkəmizin sosial sferasında inqilabi dəyişikliklər etmisiniz. Etdiyiniz dəyişikliklər həm də dünya üçün bir model və nümunədir.

Təbii ki, bu sərəncam və fərmanların əsasında Sizin fenomen rəhbərlik, kompleks yanaşma, ən mühüm hədəfləri müəyyənləşdirə bilmək bacarığınız, dünyada mövcud olan təcrübələrə bələdliyiniz, onları təhlil edib yerli şəraitə uyğun daha mükəmməl layihələr təklif etmək istedadınız durur.

2014-cü il maliyyə böhranı Azərbaycandan da yan keçməmişdi. Dünyaya inteqrasiya olunmuş iqtisadiyyatımız müəyyən çətinliklərlə üzləşmişdi. Sizin təşəbbüsünüz və təşkilatçılığınız ilə böhrandan çıxış məqsədilə İqtisadi Yol Xəritəsi qəbul olundu. Yol xəritəsinə əsasən, Azərbaycanda geniş miqyasda islahatlar aparıldı. İslahatların uğurla başa çatmasından ötrü ən mühüm strukturlara gənc, enerjili, yaradıcı, savadlı kadrlar cəlb olundu.

Hörmətli cənab Prezident!

2018-ci ilin prezident seçkilərindən sonra keçirilmiş andiçmə mərasimində Siz, 2019-cu ilin ciddi islahatlar ili olacağını və bunun bilavasitə vətəndaşların yaşayış səviyyəsinin artırılmasına yönələcəyini vurğulamışdınız.

Həmişə olduğu kimi, Siz son iki ay ərzində də verdiyiniz sərəncam və fərmanlarla vədinizə sadiqliyinizi sübut etməkdəsiniz. Bununla Siz 2019-cu ilin bütün Azərbaycan üçün uğurlu başlanmasına səbəb oldunuz.

Həyata keçirilən çoxşaxəli islahatlar, əsaslı və gələcəyə hesablanmış proqramlar və tədbirlər nəticəsində ölkəmiz qibtə ediləcək uğurlar qazanmaqda davam edir. Təsadüfi deyil ki, Dünya Bankının hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan edilib. 2 il ərzində 190 ölkə arasında irəliləyərək 25-ci yerdə qərarlaşmağımız isə bu islahatların sistemli və dayanıqlı   olmasına dəlalət edir.

Cənab Prezident!

Xalqımız bu islahatların gedişinin canlı şahidi, iştirakçısıdır. Son illərdə kənd təsərrüfatına dövlət qayğısı geniş coğrafiyanı əhatə etdi. Xüsusilə strateji əhəmiyyət daşıyan sahələrə böyük investisiyalar qoyuldu. Daxili bazarı daha çox yerli kənd təsərrüfatı məhsulları ilə təmin etmək xətti götürüldü. Paytaxtda, Sumqayıtda, bölgələrdə sənaye parkları, məhəllələri salındı. Azərbaycan brendləri dünya bazarına çıxarıldı. Bütün bunlar və bir müraciətdə sadalanması mümkün olmayan digər təşəbbüslər, Azərbaycanın iqtisadi qüdrətini artırdı, nəticədə əhalinin gəlirlərinin yüksəlməsinə müsbət təsir göstərdi, büdcədə nəzərdə tutulduğundan əlavə gəlirlər qazanıldı.

Hörmətli İlham Əliyev!

Siz bu gəlirləri məhz əhalinin sosial ehtiyacları istiqamətinə yönəltdiniz. Bu bir tərəfdən Sizin dəfələrlə dediyiniz “siyasətimizin önündə insan amili durur” sözlərinizin təsdiqi idisə, digər tərəfdən iqtisadiyyatımızın tərəqqisinə verdiyiniz əvəzolunmaz töhfə idi. Siz dövlətin qüdrətini xalqın firavanlığında görürsünüz.

Xalq iqtisadi inkişafın faydasını öz həyatında görəndə potensialının imkanlarını əsirgəmədən çalışır.

Siz əməl Prezidentisiniz. Xalq artıq uzun illərdir əmindir ki, Sizin sözünüzün mayasında vicdan durur, məxsus olduğunuz xalqa məhəbbət durur. Yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüş zamanı onların hər birinə dərin hörmət göstərdiniz. Elə həmin gün şəhid vərəsələrinə birdəfəlik ödəmələrin əhatə dairəsini genişləndirən fərman imzaladınız. Beləliklə, birdəfəlik ödəmə alacaq şəhid vərəsələrinin sayı 12 min 268 nəfərə çatdı. Bu məqsədlə 135 milyon manat müəyyənləşdirildi. Sizin tapşırığınızla 2019-cu ildə bu kateqoriyadan olan insanlara daha 800-dən artıq mənzil verilməsi nəzərdə tutulub. Başqa bir fərmanınızla şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata çatdırıldı.

     Dövlət qayğısı təkcə şəhid ailələri ilə bitmədi. Əhalinin demək olar ki, bütün təbəqələri bu qayğıdan ardıcıl olaraq bəhrələndi. Belə ki, pensiyalar, təqaüdlər, minimum əməkhaqqı kifayət qədər təsirli miqdarda artırıldı.

     Pensiyaların minimum məbləğinin 116 manatdan 160 manata, minimum əməkhaqqının 130 manatdan 180 manata çatdırılması dünyanın istənilən dövləti üçün qeyri-adi artım hesab edilə bilər.

     Sizin fevralın 28-də problemli kreditlərin həlli ilə bağlı imzaladığınız fərman ilin əvvəlindən başladığınız yeni sosial siyasətin uğurlu davamı oldu. Bu fərmanın mahiyyətində əhalinin maliyyə cəhətdən nisbətən zəif təbəqəsi nəzərə alınmışdır. Banklara olan borclarının müəyyən qisminin ödənilməsini dövlət öz üzərinə götürməklə onların həyat şəraitinin yaxşılaşmasına, dolayısı yolla, ailə büdcəsinin artmasına kömək etmiş oldu.

Çox hörmətli İlham Əliyev,

Sizin prezidentlik fəaliyyətinizdə sosial siyasət həmişə ön planda olub. Siz hər bir Azərbaycan vətəndaşının Prezidenti olmusunuz. Bu keyfiyyətinizə güvənərək vaxtaşırı xalqla görüşə gedirsiniz. İstər paytaxtda, istərsə də bölgələrdə xalq daima Sizi hərarətlə, onlara göstərdiyiniz məhəbbətə cavab olaraq məhəbbətlə qarşılayıb. Sizə güc, ilham verən də xalqın sevgisi və dualarıdır.

Möhtərəm cənab Prezident!

Siz çıxışlarınızda 2019-cu ili sosial artımlar ili kimi dəyərləndirirsiniz.

Biz buna əminik. Bu əminliyi xalqda əməllərinizlə özünüz yaratmısınız.

Həmkarlar ittifaqı təşkilatı olaraq biz Sizin sosial siyasətinizi bəyənirik və dəstəkləyirik. Sizə xalqımızın rifahı, dövlətimizin inkişafı naminə cansağlığı və yeni uğurlar arzulayırıq.

Müraciət Azərbaycan həmkarlar ittifaqları fəallarının 6 mart 2019-cu il tarixdə keçirilmiş yığıncağında qəbul edilmişdir.