Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin sosial təminatın daha da yaxşılaşdırılması istiqamətində atdığı ciddi addımlarla bağlı Azərbaycan Həmkarlar  İttifaqları Konfederasiyasının  II Məclisinin iştirakçılarının BƏYANAT


Baxıldı : 82

Tarix : 2019-07-08 07:29:47


Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev son aylarda minimum əməkhaqqının, əmək pensiyalarının, bir sıra sahələrə aid vəzifə maaşlarının, müavinətlərin, tələbələrə verilən təqaüdlərin artırılması barədə imzaladığı sərəncamlarla ölkəmizdə idarəetmədə sosial amilin ön plana çıxdığı faktını təsdiq etdi.

Bu sənədlər əhalinin sosial rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, həm də milli iqtisadiyyatın strukturunun dəyişməsinə geniş imkanlar açır. İdarəetmədə sosial amillərə üstünlük verilməsi dünya iqtisadiyyatında baş verən proseslərə tam uyğundur. Diqqət yetirsək görərik ki, iqtisadiyyatda yüksək nəticələrə nail olan dünya ölkələrində, xüsusilə son onilliklərdə, sosial sahəyə, insan kapitalına ayrılan xərclər qat-qat çoxalmışdır.

İnsan kapitalına ayrılan xərclərin həcminin artırılması ilə daxili bazarın, səhiyyənin, təhsilin, elmin, sosial-mədəni sahələrin inkişafı da təmin olunur.

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev böyük sosial istahatlar paketi daxilində iyunun 18-də imzaladığı tarixi sərəncamlarla sözünə, vədinə sadiq lider, verdiyi bəyanatların konkret əməli addımlar olduğunu bir daha təsdiq etdi.

Həmkarlar ittifaqlarının maraq dairəsinə daxil olan, həmçinin Dəyişdirilmiş Avropa Sosial Xartiyasının əsas tələblərindən biri sayılan minimum əməkhaqqının ölkələr üzrə aylıq əməkhaqqının 60%-nə çatdırılması tələbinin yerinə yetirilməsinə yönəlmiş minimum əməkhaqqının məbləğinin 40%-ə qədər artırılaraq 250 manata çatdırılması sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Bu sərəncamlar ümumilikdə 2,1 milyon insanı əhatə etməklə həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır.

Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50% artırılması, pensiyaların minimum məbləğinin 160 manatdan 200 manata çatdırılması, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40%, diaqnostik qiymətləndirilmədən keçmiş müəllimlərin aylıq vəzifə maaşlarının orta hesabla 20% yüksəldilməsi və dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması, bu qəbildən olan insanların sosial durumunun yaxşılaşdırılması istiqamətində inqilabi addımlardır. Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılmasında növbəti inqilabi addımların atılmasına imkan verən sosial islahatlar paketi çərçivəsində imzaladığı sərəncamlar cari il ərzində minimum pensiyanın məbləğinin növbəti dəfə əhəmiyyətli şəkildə artırılmasına da şərait yaradıb. Belə ki, dövlət başçısının yeni qanunvericilik təşəbbüsü olaraq, əmək pensiyasının minimum məbləğinin 25% artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması nəzərdə tutulur.

Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artım üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək. Bu artırmalardan sonra Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında 2-ci yerdə qərarlaşacaq.

Göründüyü kimi, bu gün Azərbaycan döv

lətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Hər bir vətəndaş aydın şəkildə görür ki, Azərbaycan dövləti və rəhbəri onun yanındadır və vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər görür.

Biz, bir milyon yarımadək işçini birləşdirən Azərbaycan həmkarlar ittifaqlarını təmsil edən AHİK-in Məclis üzvləri bəyan edirik ki, əhalimizin sosial müdafiəsinin təmin olunması üçün Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev tərəfindən atılan addımları ürəkdən alqışlayır və həmişə olduğu kimi, onun apardığı sosial-iqtisadi siyasəti dəstəkləyir və bundan sonra da dəstəkləməkdə davam edəcəyik. Eyni zamanda cənab Prezident tərəfindən irəli sürülən vəzifələrin həyata keçirilməsində öz imkanlarımızdan daha səmərəli istifadə etməyə səy göstərəcəyik.

 

AHİK-in II Məclisinin iştirakçıları

05. 07. 2019-cu il