Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxildirmi? Milli qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərar


Baxıldı : 54

Tarix : 2019-11-29 18:41:31


Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxildirmi? Milli qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, hansına üstünlük verilir?

 

Emin MUSTAFAYEV,

Şəki şəhəri.

 

- Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar göstərilmişdir. Həmin maddənin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Konstitusiyanın 151-ci maddəsində beynəlxalq aktların hüquqi qüvvəsi təsbit edilmişdir. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

 

Qətnamədə buraxılmış səhvləri, yanlışlıqları  məhkəmə düzəldə bilərmi?

 

Zümrüd SƏFƏROVA,

Tovuz rayonu.

-Bəli, Mülki Prosessual Məcəllənin 228-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur.

Düzəlişlər etmək barəsində məhkəmə qərardatından şikayət verilə bilər.