Azərbaycan təcrübəsində öyrənməli məqamlar çoxdur


Baxıldı : 89

Tarix : 2019-07-01 06:29:59


Beynəlxalq İctimai Birlik, Ticarət, İctimai İaşə, İstehlak Kooperasiyası İşçiləri Həmkarlar İttifaqları Konfederasiyası Şurasının növbəti iclası iyunun 16-dan 22-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutmuşdur.

Şurada MDB ölkələrində ticarət işçilərinin pensiya təminatı, sahə həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və nüfuzunun artırılması və Özbəkistan həmkarlar ittifaqları sıralarına yeni üzvlərin cəlb olunması məsələlərinə baxıldı.

Bu məsələlər ətrafında çıxışlar oldu. Azərbaycan “Xidmət-İş” Hİ Federasiyasının birinci vitse-prezidenti Sadət Tahirova da çıxış edərək müzakirə mövzusu olan problemlərin həlli istiqamətində ölkəmizdə görülən işləri diqqətə çatdırdı. Dedi ki, aparılan iqtisadi və sosial islahatlar əhalinin rifah halının daha da yaxşılaşdırılmasına imkan vermişdir.

Azərbaycanda diqqətçəkən məqam odur ki, şəxsən Respublika Prezidentinin təşəbbüsü ilə iqtisadi inkişafın gətirdiyi gəlirlər sosial məqsədlərə yönəldilir. Xüsusilə bu ilin ilk aylarından başlayaraq ölkə başçısı bir-birinin ardınca onlarla sosialyönümlü inqilabi  sərəncamlar, fərmanlar imzalayıb.

S.Tahirova qeyd etdi ki, dövlətimiz sosial siyasəti həyata keçirərkən həmkarlar ittifaqının təkliflərini nəzərə alır. Başqa sözlə, həmkarlar ittifaqları dövlətimizin yürütdüyü sosial siyasətin fəal iştirakçısıdır. AHİK-in təşəbbüsü ilə yaradılmış Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyada tərəfdaşlar ən mühüm, aktual sosial məsələləri müzakirəyə çıxarır və müvafiq dövlət orqanlarına təqdim edirlər.

Tərəfdaşlar ilə bağlanmış baş kollektiv

 sazişlərdə daha çox işləyən əhalinin və onların ailə üzvlərinin maraqları əksini tapır.

Sadət xanım digər məsələlərə də toxundu. Onun çıxışı maraqla dinlənildi. Etiraf olundu ki, Azərbaycan təcrübəsində öyrənilməli çox məqamlar var.

Şura sonda gündəlikdə duran məsələlərlə bağlı qərarlar qəbul etdi.