Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir


Baxıldı : 165

Tarix : 2019-08-02 16:14:01


İyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlətimizin başçısı ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini vurğulayıb. Ölkə başçısı bildirib ki, iqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artıb: “Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir”.

Prezident İlham Əliyev kənd təsərrüfatında da rekord göstərici əldə edildiyini, kənd təsərrüfatının bu ilin altı ayında 13 faiz, ticarət dövriyyəmizin 20 faizdən çox, əhalinin gəlirlərinin 6,6 faiz artdığını deyib: “Bir sözlə, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik”.

Dövlət başçısı bildirib ki, bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir: “Çox önəmli addımlar atılmışdır - minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır. Biz əlavə gəlirlərimizin, demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir”.

Prezident yol tikintisinin də Azərbaycanda geniş vüsət aldığını və son 15 il ərzində 15 min kilometr yol çəkildiyini deyib: “Bu il də kənd yollarının, şəhərlərarası yolların çəkilişi nəzərdə tutulur. Təxminən min kilometrə yaxın yolun çəkilişi nəzərdə tutulur. Məndə olan məlumata görə, altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Bu, demək olar ki, Azərbaycanda yol infrastrukturunun tamamilə yenilənməsinə gətirib çıxardı. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Əminəm ki, bizim yerimiz daha da irəliləyəcək. Çünki bu sahəyə doğrudan da çox böyük investisiyalar qoyulur və bundan sonra da qoyulacaq”.

Ölkə başçısı büdcə daxilolmalarının, eyni zamanda valyuta ehtiyatlarının artdığını bildirib: “Valyuta ehtiyatlarımız rekord həddə çatıb - 49 milyard dollar səviyyəsindədir. Bu bizim böyük sərvətimizdir, böyük uğurumuzdur. Bu ilin altı ayında valyuta ehtiyatlarımız 4 milyard dollar artıb. Biz bu vəsaitdən çox qənaətlə istifadə edirik. Məhz buna görə hətta böhranlı illərdə, neftin qiyməti aşağı olan illərdə biz öz valyuta resurslarımızı qorumuşuq və artırmışıq. Məqsəd də məhz belə idi ki, biz ildən-ilə öz valyuta ehtiyatlarımızı artıraq və bununla paralel olaraq xarici dövlət borcumuzu da kifayət qədər əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bir il ərzində xarici borcumuz 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunur”.

Prezident qeyd edib ki, inflyasiyanın aşağı səviyyədə olmasına baxmayaraq, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır.

Ölkə başçısı bildirib ki, inşaat sektorunun canlandırılması istiqamətində addımlar atılır. Hazırda Bakı şəhərində bir neçə yüz yaşayış binasının tikintisi gedir. Bu, müsbət haldır. Bu, inşaat materialları sektoruna da müsbət təsir göstərir, iş yerlərinin açılması üçün şərait yaradır. Onu da bildirməliyəm ki, ilin əvvəlindən 60 min yeni iş yeri açılmışdır. Onların bir hissəsi dövlət sektorunda açılmışdır. Biz bunu ona görə edirik ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə ödənişli ictimai iş yerlərinin yaradılması istiqamətində önəmli addımlar atılıb və təxminən 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılıbdır.

Yəni bu bizim sosial sahədə gördüyümüz işlərdir. Yəni, buna görə bu iş yerləri açılır ki, vətəndaşlar işlə təmin olunsunlar. Ancaq hamımız yaxşı bilməliyik ki, özəl sektor iş yerlərinin yaradılmasına öz töhfəsini daha böyük həcmdə verməlidir. Özəl sektorun nümayəndələri ilə aparılan işlər nəticəsində biz bu sahədə də artım görürük. İqtisadi canlanma, əlbəttə ki, iş yerlərinin yaradılmasına da gətirib çıxarır. Çünki bu, daimi proses olmalıdır.

Bizim əhalimiz artır. Müstəqillik dövründə əhalimiz təxminən 3 milyon nəfər artıb. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini sevinclə qeyd etmişik. Bu bizim böyük sərvətimizdir, amma digər tərəfdən onu deməyə əsas verir ki, biz daim iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq. Sosial infrastrukturun yaradılması ilə məşğul olmalıyıq, nəqliyyat sahəsində əlavə tədbirlər görülməlidir ki, artan əhali, vətəndaşlar özlərini rahat hiss etsinlər, işlə təmin olunsunlar. Bir daha demək istəyirəm ki, bu, daimi prosesdir. Çünki Azərbaycanın uğurlu inkişafı, sənaye sahəsində, iqtisadi sahədə inkişaf əhalinin artımına bilavasitə təsir edən amildir və biz buna daim hazır olmalıyıq.

İqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır ki, bu, dayanıqlı olsun. Qeyri-neft sektorunun inkişafı burada əsas rol oynayır. Ancaq onu da bilməliyik ki, bu gün iqtisadi inkişafımız üçün əsas sektor neft-qaz sektorudur. Bu sahədə də çox önəmli addımlar atılıb. Cənub Qaz Dəhlizinin icrası ilə bağlı çox əhəmiyyətli işlər görülüb. Hazırda Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır. Artıq onun sonuncu seqmentinin icrası başa çatır. Bu, tarixi layihədir. Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlir əldə edəcəkdir. Hesab edirəm ki, altı ayda görülmüş işlər təqdirəlayiqdir.

Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı sarsıdan və bizə də təsirsiz ötüşməyən iqtisadi-maliyyə böhranı artıq arxada qalıb. Biz bu böhrandan şərəflə çıxa bilmişik. Öz valyuta resurslarımızı qoruya bilmişik və artırmışıq. Qeyd etdiyim kimi, təkcə altı ay ərzində 4 milyard dollar əlavə valyuta ehtiyatları toplamışıq. Əlbəttə ki, bu bizim gələcək işlərimiz üçün də yaxşı şərait yaradır. Ancaq vergi, gömrük sistemində aparılan islahatlar, inzibatçılıq sahəsində görülən işlər və daxilolmaların artımı əlbəttə ki, büdcəmizin əsas mənbəyi olmalıdır. Biz vəsaitdən çox qənaətlə istifadə etməliyik. Xüsusilə dövlət investisiya layihələrinə çox ciddi nəzarət olmalıdır. Dövlət şirkətlərində korporativ idarəetmə sistemi yaradılmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verilib. Hesab edirəm ki, biz tezliklə müasir korporativ qaydalarla idarə olunan şirkətləri görəcəyik.

Prezident deyib ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir. Yəni, bütün lazımi tədbirlər görülüb. Təsadüfi deyil ki, bunu beynəlxalq maliyyə qurumları qeyd edir. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr - milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir. Göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcəkdir.