Azərbaycanda daha bir qadağa tətbiq ediləcək


Baxıldı : 389

Tarix : 2020-07-27 04:59:43


 

Azərbaycanda Qurban bayramı iyulun 31-i və avqustun 1-də qeyd ediləcək. Bu il bayram pandemiya və xüsusi karantin dövrünə təsadüf edir. Belə bir vəziyyətdə qurbankəsmə mərasiminin necə təşkil edilməsi sual doğurur.
Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, qurban kəsimi üçün karantin qaydalarına riayət olunacaq xüsusi yerlər ayrılacaq: “Tövsiyə edirik, hamı ora müraciət etsin. Epidemioloji durumun pisləşməməsi üçün camaat namazları da təxirə salacaq. İnsanların bir araya gələrək bu ayinləri icra etməsi yolverilməzdir. Hər kəs evində tək və ya ailəsi ilə bayram namazı qılar, daha sonra isə canlı yayımda bayram xütbələrini dinləyə bilər”.
Hacı Şahin adətə görə nişanlı qızlara qurbanlıq qoyun aparılmasından və pandemiya şəraitində bunun nə dərəcədə düzgün olmasından da danışıb:
“Yeni qurulan ailələr bir-birinə Qurban payı aparır, onlar da öz növbəsində fəqir qonşularına yardım edirlər. Ailənin təməlləri xeyriyyəçiliklə başlayır. Bu adəti davam etdirmək olar, sadəcə, Qurban aparmaqla kifayətlənmək lazımdır. Bu il təhlükəli şəraitdə xüsusi yığıncaq və məclislər keçirmək məqsədəuyğun deyil. Yeni ailə adından camaata ət yardımı paylamaq, onların xeyir-duasını qazanmaq yetərlidir. Qurban aparmaq adı ilə evlərdə yığıncaqların keçirilməsinə yol vermək olmaz. Bu, ilk növbədə dini qaydaların pozulmasıdır. “Qurani-Kərim”də buyurulur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Buna görə də insanlarımız qaydalara əməl etməlidirlər”.