Azərbaycanda həyata keçirilən islahatlar strategiyasının banisi


Baxıldı : 213

Tarix : 2017-05-13 04:17:44


Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.

 

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr təşkil etmişdir.

Ulu öndər demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. Onun rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb.

Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub. Dahi rəhbərin fəal diplomatiyası sayəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb edildiyi silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilib.

Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edib. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə ilk növbədə milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.

Ümummilli lider Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərib. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılıb və onların həyata keçirilməsinə başlanıb. Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olub.

Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri var. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir.

Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var.

Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır.

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir.

Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş bütün qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.

Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusudur. Ulu öndərin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbəredici amildir. Ümummilli liderin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Ulu öndərin yaratdığı quruculuq şəraiti indi Azərbaycanın real siyasi və iqtisadi həyatında təzahür edir.

Bu gün Azərbaycanın iqtisadi möcüzələr ölkəsi kimi tanınması, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkanda yerləşən ölkə olaraq beynəlxalq tədbirlərə evsahibliyi etməsi, ən əsası, inkişafın Azərbaycan modelinin dünyaya böyük səs salması təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətə əsaslanır. Bu gün Azərbaycan bayrağının dünyanın ən nüfuzlu təşkilatlarının qarşısında dalğalanması, dünyada gedən proseslərə təsir imkanlarının artması da deyilənlərin təsdiqidir.

Siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən ulu öndərin fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, irsi, müqayisəyəgəlməz örnək xidmətləri təcrübə məktəbidir. Milli məfkurənin, azərbaycançılıq ideyalarının formalaşması, milli-mənəvi dəyərlərin qorunması da ulu öndərin adı ilə bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması Heydər Əliyev dövlətçilik məktəbinin ənənələri və ayrılmaz tərkib hissəsidir.

Həyatının mənasını, Azərbaycanın iqtisadi və intellektual potensialını xalqımızın xoşbəxt və firavan yaşamasına yönəldən ulu öndər tarixi şəxsiyyət kimi tək əməlləri ilə deyil, dolğun, məntiqli çıxışları, natiqlik məharəti ilə də insanların qəlbinə yol tapırdı. Bu bir həqiqətdir ki, zəruri, mükəmməl qanunların qəbulu ilə kifayətlənməyən, müxtəlif istiqamətlərdə konkret fəaliyyət proqramının işlənib hazırlanması ilə ölkə iqtisadiyyatını yeni mərhələ üzrə inkişaf etdirən Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan demokratik ölkə kimi əməkdaşlıq, sivilizasiyaların dialoq bölgəsinə çevrilmişdir.

"Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətləri götürüb tətbiq edərək heç vaxt dinimizdən, adət-ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik" deyən ümummilli lider Heydər Əliyev Azərbaycanın demokratiya yolu ilə inkişafını gələcək üçün təminat hesab edərək fəaliyyətinin bütün dövrlərində əsas dayaq kimi xalqa arxalanırdı. Ulu öndərin mövqeyi belə idi: Azərbaycandakı bütün prosesləri xalqın istəyinə uyğun istiqamətləndirmək.

  Azərbaycanın bu gün demokratiya təcrübəsinin digər dövlətlərə nümunə göstərilməsi də dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin gələcək inkişaf yolunun parametrlərini müəyyənləşdirərkən bu prinsipləri öndə saxlamasından irəli gəlir: "Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir".

Dünya şöhrətli siyasətçi, müdrik dövlət başçısı, islahatçı lider kimi tanınan və adı həmişə hörmətlə çəkilən ulu öndər siyasi fəaliyyətinin bütün dövrlərində tək öz xalqı üçün deyil, bəşəriyyətdə sülhün bərqərar olması naminə çalışmışdır.

Daim xalqın müstəqilliyi və azadlığı uğrunda çalışan LİDER fədakar vətəndaş, rəhbər kimi fəaliyyətinə də sivil, hüquqi dövlət quruculuğuna yönəlmiş islahatlardan başladı. Uzaqgörən siyasətçi yaxşı bilirdi ki, azadlıq, sərbəstlik olmayan yerdə inkişafa, yeniliyə nail olmaq nəinki çətindir, hətta müşküldür. Buna görə də yeniliyə, müasirliyə aparan mühüm addımları ilə Azərbaycanın suverenliyini əbədiləşdirən məsələlərin həllini sürətləndirdi.

Həmin islahatlar arasında demokratiyanı təkmilləşdirən məqamlara üstünlük verildi. Xalqına, insanlara vurğunluğunu onların firavan yaşamasının təminatı üçün həyata keçirilən islahatlarla təsdiqləyən Heydər Əliyev Azərbaycanı sivil, demokratik ölkə kimi tanıtdı. Ümummilli lider Heydər Əliyev müdrik siyasətçi kimi beynəlxalq aləmə inteqrasiyanın ən düzgün və balanslaşdırılmış yolu ilə addımladı. İnsan hüquqlarının qorunması, ölkəmizdə, dünyada sülhün bərqərar olmasını fəaliyyətinin əsas istiqaməti kimi müəyyənləşdirdi, BMT, AŞ PA, ATƏT kimi nüfuzlu təşkilatlara üzv olmaqla demokratik islahatların tətbiqinə çalışdı. Ulu öndərin səyi nəticəsində Azərbaycanda formalaşan, Prezident İlham Əliyevin səyi ilə təkmilləşən demokratik islahatlar indi nümunə göstərilir, ölkəmiz bəşəri dəyərlərin beşiyi kimi diqqət çəkir. Sevindirici haldır ki, proseslər bu gün də dinamik sürətlə davam etdirilir.

Ulu öndər Azərbaycanda daim sosialyönümlü bazar iqtisadiyyatının tərəfdarı olmuş, özəl sektorun dinamik inkişafı şəraitində sosial problemlərin həllinə, o cümlədən işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin qanunauyğun qaydada tənzimlənməsini təmin etmək üçün dəfələrlə qanunvericilik təşəbbüsündən istifadə etmişdir. Bu gün qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının müstəqil qurum kimi formalaşması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Məhz ümummilli liderin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda həmkarlar ittifaqları haqqında qanun qəbul edilmiş, bununla da bu təşkilatın normal fəaliyyətinə şərait yaradılmışdır. Ulu öndərin uzaqgörən siyasəti sayəsində həmkarlar ittifaqlarının uzun illər ərzində yaranmış maddi-texniki bazası qorunub saxlanmış, həmkarlar ittifaqlarının demokratik idarəetmə prinsiplərinə əsaslanan fəaliyyətinə dəstək verilmişdir. Ulu öndər həmişə bu qurumun fəaliyyətini izləməyə, ona yardım göstərməyə vaxt tapmış, qurultaylarına təbrik məktubları göndərmiş, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirmiş, zəruri tövsiyələrini vermişdir.

Ulu öndərin 2003-cü il fevralın 5-də AHİK-in II qurultayına ünvanladığı təbrik məktubunda deyilirdi: "Yeni şəraitdə həmkarlar ittifaqlarının cəmiyyətdəki rolu daha da artmışdır. 1994-cü ildə qəbul olunmuş "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu bu qurumun cəmiyyətimizdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaradır. Həmkarlar ittifaqları hazırkı dövrdə əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli şirkətlərdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərməlidirlər. Vətəndaşlarımızın ən böyük ictimai təşkilatı olan həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından iştirak etməli, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynamalıdırlar".

Məhz ulu öndərin xeyir-duası ilə “Həmkarlar ittifaqları haqqında" qanun qəbul edilməklə həmkarlar ittifaqlarının cəmiyyətdəki yeri və statusu müəyyən edildi; həmkarlar ittifaqlarının qeyri-siyasi təşkilat kimi dövlət və təsərrüfat orqanlarından və siyasi sistemin digər vəsilələrindən asılılığı aradan qaldırıldı; həmkarlar ittifaqlarının bütün strukturlarında, o cümlədən aşağı vəsiləli həmkarlar ittifaqlarında inzibati-amirlik sisteminə son qoyularaq sahə məsələlərinin həllində həmkarlar ittifaqlarının və orqanlarının müstəqilliyi təmin edildi; əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqlarının hüquqları tanındı; Azərbaycan həmkarlar ittifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsinə çevrildi. Bütün bunlar respublikada həmkarlar ittifaqı hərəkatının inkişafına stimul yaradaraq işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsini daha səmərəli formada həyata keçirməyə imkan yaratdı.

Ümummilli lider Heydər Əliyevin strategiyasına sadiq olan Prezident İlham Əliyevin həmkarlar ittifaqlarının sosial-iqtisadi məsələlərlə bağlı mövqeyini dəstəkləməsi və bu sahədə mühüm qərarlar qəbul etməsi xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev dəfələrlə həmkarlar ittifaqlarının güclü qüvvə olduğunu və Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində mühüm rola malik olduğunu qeyd etmişdir: "Əminəm ki, həmkarlar ittifaqları cəmiyyətdə əməkdaşlıq ruhunun bərqərar olması, sosial ədalət prinsiplərinə riayət edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində çox iş görə bilər". Cənab Prezidentin bu fikirləri həmkarlar ittifaqlarını daha da əzmkarlıq, birlik və həmrəylik nümayiş etdirməyə istiqamətləndirir.

Bu gün Azərbaycan həmkarlar ittifaqları vətəndaş cəmiyyətinin əsas institutlarından biri olmaqla cəmiyyətdə öz yerinin və rolunun möhkəmləndirilməsi üçün real yollar axtarıb tapır. Sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.

Azərbaycan həmkarlar ittifaqları respublikamızın ictimai həyatında mühüm rol oynamaqla iqtisadiyyatın və cəmiyyətin demokratik dəyərlərinin inkişafı sahəsində qarşıda duran vəzifələri yerinə yetirir, qloballaşmanın dərinləşməsi şəraitində dünya həmkarlar ittifaqları ilə əməkdaşlığı genişləndirir. Əhalinin sosial-iqtisadi və məşğulluq problemlərinin həlli üçün hökumətlə sıx əməkdaşlıq edir, cəmiyyətdə mövqeyinin güclənməsinə çalışır. 26 sahə həmkarlar ittifaqını öz ətrafında birləşdirən AHİK və onun üzv təşkilatları qanunvericilikdə onlara həvalə edilmiş hüquq və səlahiyyətlərinin yerinə yetirilməsində uğurlu addımlar atırlar.

Azərbaycanın siyasi mənzərəsi sabitdir, dinamik inkişaf bütün sahələrdə hiss olunur. Bu, yalnız ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin gərgin zəhmətinin bəhrəsidir.

Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin səyi ilə qısa müddət ərzində Azərbaycanın keçid iqtisadiyyatını arxada qoymasına nail olunmuşdur. Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaratmışdır. Bu, ölkəmizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir.

Bu gün ölkəmizin tərəqqisinin əsasında ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Azərbaycanın indiki zənginliyi, intibahı Heydər Əliyev ideyalarının öz real təsdiqini tapması sayəsində mümkün olmuşdur. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir. Ayrı-ayrı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır.