Azərbaycanda həyata keçirilən sosial islahatlar Tbilisidə beynəlxalq


Baxıldı : 48

Tarix : 2019-06-04 13:19:25


Mayın 3-4-də Tbilisi şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) və onun İşçilərin Fəaliyyəti üzrə Bürosunun (İFB) dəstəyi və Gürcüstan Həmkarlar İttifaqları Birliyinin təşkilatçılığı ilə “BƏT-in 144-cü konvensiyasından səmərəli istifadə üçün üçtərəfli sosial dialoqun möhkəmləndirilməsi və əməyin beynəlxalq standartlarının təbliği” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə BƏT üzvləri ilə yanaşı, Azərbaycan, Ukrayna, Ermənistan və Özbəkistanın həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri də iştirak ediblər.

Gürcüstanın Həmkarlar İttifaqları Birliyinin sədri İrakli Petriaşvili ölkədə hökm sürən sosial bərabərsizlik və yoxsulluq barədə danışıb.

O bildirib ki, istənilən ölkədə sosial ədalətsizliyin artması böyük fəlakətlərə səbəb ola bilər: “Sosial ədalətsizliyin qarşısını almaq üçün siyasətçilər daha məsuliyyətli olmalıdırlar. İşəgötürənlərə aydın olmalıdır ki, əmək əmtəə deyil. Üçtərəfli dialoqla işçilərin hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə yanaşı, sosial müdafiə, gender bərabərliyi və digər sahələrdə də müsbət dəyişikliklərə nail olmaq mümkündür”.

Gündəlikdə duran məsələlərə BƏT - İFB-nin direktoru Mariya Yelena Andrey, Pan Avropa Regional Şurasının icraçı katibi Anton Leppik və başqaları da münasibət bildirdilər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov çıxışında ölkədə sosial sahədə həyata keçirilən islahatlar və bu sahədə mövcud qanunvericilik barədə danışıb.

O deyib ki, Azərbaycanın sosial tərəfdaşlıq sahəsindəki təcrübəsi hələ 10 il bundan öncə Ümumhəmkarlar İttifaqları Konfederasiyası tərəfindən örnək təcrübə kimi qiymətləndirilib və keçmiş sovet ölkələrində həmkarlar ittifaqı təşkilatları arasında yayılıb.

A.Dadaşov qeyd edib ki, Azərbaycanda bu il dövlət başçısının minimum əməkhaqqının artırılması ilə bağlı qərarını həmkarlar ittifaqları yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycandakı sosial-iqtisadi vəziyyət işçilərin arzuladığı səviyyəyə gəlib çatmaqdadır.

AHİK rəsmisi Tbilisidə keçirilən konfransın hökumət, işəgötürənlər və həmkarlar ittifaqları arasında dialoqun daha da gücləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı təcrübə mübadiləsi baxımından önəm daşıdığını vurğulayıb.

Konfransa Gürcüstan parlamenti və dövlət qurumlarının rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri də qatılıblar.