Azərbaycanda kriptovalyutalara maraq artmaqdadır


Baxıldı : 221

Tarix : 2017-12-22 23:01:39


 

Kriptovalyuta - virtual valyutanın bir növü olmaqla bərabər elektron şəbəkəsidir. İnternet şəbəkəsinin qlobal xarakter daşıdığı bir dövrdə kriptovalyuta maliyyə sistemində innovativ bir yenilikdir və ödəniş vasitəsi kimi yaxın gələcəkdə ən ideal valyuta olacağı qaçılmazdır. Hətta kriptovalyutaya internetin qızılı da demək mümkündür.

Artıq neçə vaxtdır dünyanın aparıcı valyutalarının kursuna aid xəbərlərdə “Bitcoin” adlı pul vahidinə də rast gəlinir.

İqtisadçı-alim Vüqar Bayramov qəzetimizə verdiyi müsahibədə bildirdi ki, kriptovalyutaların dövriyyəsinin yüksəlməsi daha çox 2017-ci ildə inkişaf etməyə başlayıb. Bu daha çox “Bitcoin”in qiymətinin artması ilə bağlı idi. Nəzərə alsaq ki, bitcoin mərkəzləşdirilməmiş kriptovalyutadır, 2017-ci ildə qiyməti 100 dollar olub və ilin sonuna doğru isə 16 min dollara qədər yüksəldi. Bu “Bitcoin”in qiymətində yalnız bir il ərzində 16 dəfə qiymət artımı deməkdir.

V. Bayramov vurğuladı ki, Azərbaycanda kriptovalyutalara maraq artmaqdadır. “Bitcoin” və mərkəzləşdirilməmiş digər kriptovalyutalar bank hesabı olmadan yalnız blokçeyn ilə ödənişləri həyata keçirməyə imkan verir. Ənənəvi bank hesablarının rolunu dəyişməsi anlamına gəlir.

Ekspert bildirib ki, kriptovalyutanın Azərbaycanda istifadəsinə hər hansı qadağa yoxdur: "Bu pulu əldə etmək istəyənlər “Bitcoin"in internet səhifəsinə daxil olub özləri üçün pulqabı yarada bilərlər. Həmin pulqabı vasitəsilə “Bitcoin” sifariş etmək mümkündür. Eyni zamanda  qeydiyyatdan keçdikdən sonra yaşadığınız şəhərdə kimlərin "Bitcoin" satışa çıxardığını da izləyə bilərsiniz. “Bitcoin”dən kredit kartı kimi istifadə etmək, virtual ödənişlər, bilet almaq, internet üzərindən hər hansısa sifariş həyata keçirmək mümkündür.

Kriptovalyuta və blokçeyn araşdırmaçısı, mütəxəssis Sənan Həsənov iqtisadi bloqunda qeyd edib ki, hazırda bu sahə nisbətən yeni olduğu üçün bir çox ölkələr kriptovalyuta və ümumilikdə blokçeyn texnologiyalarını araşdırırlar: “Bir sıra ölkələrdə kriptovalyuta əmtəə kimi qəbul olunur. Digər qrup ölkələrdə ona investisiya aləti kimi baxılır. Ancaq kriptovalyutanı ödəniş vasitəsi kimi qəbul edən ölkələr də var. Məsələn,  Almaniyanı misal göstərmək olar. Yaponiyada “Bitcoin” qanuni ödəniş vasitəsi kimi artıq qəbul olunub. Çində “Bitcoin” ilə əməliyyatlar banklara qadağan olunub, ancaq fiziki şəxslərə icazə verilir. Çin, ümumiyyətlə, dünyada ən çox sayda “Bitcoin” mədənçiləri (miners) olan ölkələrdəndir. İsveçrədə kriptovalyuta ilə əməliyyatlar və biznes qurulması üçün ən münbit şərait mövcuddur. Bu ölkədə kriptovalyuta xarici valyuta olaraq qəbul olunur. Ukraynada artıq bir çox insanlar öz yığımlarını kriptovalyutaya keçirirlər. Bu da təbii bir haldır belə ki, kriptovalyuta məhdud resurs olduğu üçün onun uzunmüddətli perspektivdə dəyərdən düşməsi və ya hər hansı böhranlara məruz qalması qeyri-mümkündür".

Günel QULİYEVA