Azərbaycanda qida israfçılığı azaldıla bilərmi?


Baxıldı : 217

Tarix : 2020-02-07 13:44:51


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda qida israfçılığının azaldılması  istiqamətində layihə həyata keçirəcək. Layihənin bu il ərzində başlanılması gözlənilir. Bu barədə FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin proqramlar üzrə mütəxəssisi Kaan Başaran deyib. O vurğulayıb ki, layihənin məqsədi turizm sektorunda, iaşə obyektlərində israf olunan qidaların yenidən dəyərləndirilməsidir:  “İlk növbədə layihənin icrası ilə bağlı ilkin qiymətləndirmələr aparılmalıdır”.

Layihənin tərkib hissəsinə qida israfçılığının qarşısının alınmasında müasir standartların tətbiqi kimi məsələlər daxildir. Qida artıqlarının bioqaza döndərilməsi nəticəsində heyvanlar üçün yem əldə edilə bilər. K.Başaran bildirib ki, Türkiyə hökuməti ilə FAO-nun tərəfdaşlığı çərçivəsində Mərkəzi Asiya ölkələri və Azərbaycan üçün proqramı var: “Sözügedən layihənin həmin proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur”. 

İsraf olunan ərzaqların bioqaza çevrilməsi  üçün  ölkəmizdə potensial mövcuddurmu? Rayonlarda bu prosesin tətbiqi bizə hansı faydaları verə bilər? Bu layihəni təkcə turizm obyektlərində deyil, şadlıq saraylarında və digər iaşə obyektlərində tətbiq etmək olarmı? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  məsələyə aydınlıq gətirdi. Bildirdi ki, ümumiyyətlə yaşadığımız dövr istehlak dövrüdür. Reklam və müxtəlif vasitələr ilə istehsalçılar təqdim etdikləri qida məhsullarının həcmini daha çox mənfəət əldə etmək xatirinə bir neçə qat artırırlar. Bu da qida istehlakı israfçılığına gətirib çıxarır. Dünyada istehsal olunan qidaların təxminən üçdən biri istifadəyə yararlı olduğu halda atılır. Bu bəla Azərbaycandan da yan keçməyib. Belə ki, qida israfçılığının ən bariz nümunəsini şadlıq evləri və restoranlarda görürük. Şadlıq evlərindəki qidaların təxminən əlli faizi istehlakçılar tərəfindən istifadə olunur, qalan qidalar ya  saxlanılıb yenidən insanlara təqdim olunur, ya da atılır. 

 Azərbaycan dünyada ən çox çörək istehsal edən ölkədir və biz çörəyə də böyük  israfçılıq edirik. Bizdə istehlakçılar tərəfindən atılan qida artıqları ümumdünya göstəricilərindən daha çoxdur. Lakin düşünürəm ki, BMT-nin uyğun təşkilatı bu işi görsə və AİB-i həmkarı kimi seçsə, uğurlu nəticələr əldə etmək olar. Biz bunun tərəfdarıyıq. 

Ekspert qalıq qidaların bioqaza çevrilməsi üçün Azərbaycanda potensialın mövcudluğu məsələsinə də aydınlıq gətirdi: “Ölkəmizdə potensial mövcuddur, lakin onu reallaşdıran azdır. Qida qalıqlarının bioqaza çevrilməsi bütün dünyada cəlbedici və aktual məsələ olsa da, reallıqda o qədər də uğurlu nəticə vermir. Həmin tullantı qidalarını yığan və onu heyvan yeminə çevirə bilən müəssisələr açılmalıdır. Belə halda daha uğurlu nəticələr əldə edə bilərik. Təəssüflər olsun ki, ölkəmizdə vaxtı keçmiş qidalar əksər hallarda məhv edilmir. Onların etiketi dəyişdirilərək bəzi mağazalara və müxtəlif müəssisələrə yenidən təqdim olunur. Bu isə tədricən zəhərlənmələrə səbəb olur. Bütün bunların qarşısının alınması üçün yeni müəssisələr açılmalı, vaxtı keçmiş atılan tonlarla qida yığılmalı və bioqaz vasitəsilə heyvan yeminə çevrilməlidir.

Rayonlarda da bu prosesin tətbiqindən danışan E.Hüseynov dedi ki, son vaxtlar regionlarda turizm sektorunda nəzərə çarpacaq dərəcədə inkişaf müşahidə olunur: “Bu da əsasən Qəbələ, İsmayıllı və digər rayonlarda turizmyönümlü obyektlərin çoxalmasına səbəb olur. Qalıq qidaların bioqaza çevrilməsi prosesinin rayonlarda da tətbiqi bu istiqamətdə müsbət nəticələrə gətirib çıxarar. Proqram davamlı tətbiq olunarsa, günümüzün qlobal problemi olan qida israfçlığının qarşısı alına bilər. Müəssisələrin yaradılması ilə paralel olaraq istehlakçılar da maarifləndirilməlidir”.

Gülöyşə MƏMMƏDLİ