Azərbaycanda vətəndaşlar koronavirusa görə dövlətin dəstəyinə əmindirlər- HESABAT


Baxıldı : 175

Tarix : 2020-04-14 16:06:14


 

Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycan Barometri” jurnalının aprel ayında işıq üzü görən doqquzuncu buraxılışında “Azərbaycanda pandemiya ilə mübarizə ictimai rəydə” analitik hesabat dərc edilib.

Hesabatda qeyd olunub ki, bütün dünyanı əhatə edən, qlobal sarsıntılar yaratmış pandemiya, eyni zamanda dövlətlərin fors-major hallarda nümayiş etdirdiyi reaksiya qabiliyyəti və uzunmüddətli fövqəladə hallar kontekstində ortaya qoyduğu preventizim, davamlılıq keyfiyyətinin də ortaya çıxmasına səbəb olub.

“Belə bir qlobal, tarixi-iqtisadi dəyişmə, başqa sözlə, koronavirus “fenomen”i ona qarşı mübarizə cəbhələrində yer alan dövlətlər sırasında özünün pandemiyaya qarşı uğurlu mübarizə modeli ilə önə çıxan Azərbaycan kimi xüsusi yanaşmalar ortaya qoyan ölkələri fərqləndirir.

Azərbaycan nümunəsində görürük ki, ölkə rəhbərliyinin COVID-19 pandemiyasının ölkədə geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi strateji tədbirlər öz sistemliliyi və verilmiş bütün qərarların mərkəzində Azərbaycan vətəndaşının təhlükəsizliyi, sağlamlığı və rifahının yüksəldilməsinin təmin edilməsi məqsədinin dayanması xüsusilə qeyd edilməlidir.

Dövlət başçısının sərəncamı ilə yanvarın 24-dən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Bu qərargah 24 saat işləyir, bütün dövlət qurumlarının fəaliyyətinə rəhbərlik edir, xəstəliklə bağlı işləri nəzarətdə saxlayır və bu işləri əlaqələndirir”, - hesabatda vurğulanıb. 

Qeyd olunub ki, pandemiya ilə mübarizə istiqamətində optimal siyasət koordinasiyası və böhran kommunikasiyasının effektiv şəkildə reallaşdırılması dövlət idarəetməsində çeviklik və vizyonun göstəricisi kimi qiymətləndirilməlidir: “Bütün bu qeyd etdiklərimizlə yanaşı Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq müstəvidə də məqsədyönlü fəaliyyəti ilə fərqlənməkdədir. Belə ki, ölkəmiz COVID-19 pandemiyası ilə mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır. Məhz bu əməkdaşlıq çərçivəsində təşkilatın mütəxəssisləri Azərbaycana dəvət edilmiş ekspert missiyasının tövsiyələri milli fəaliyyət strategiyasında ciddi şəkildə nəzərə alınıb. Digər tərəfdən ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalamışdır. Eyni zamanda məhz belə həssas dönəmdə dövlət başçısı İlham Əliyev cənablarının təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilmiş və görüş çərçivəsində pandemiya ilə mübarizədə qlobal əməkdaşlığın vacibliyi xüsusilə vurğulanmışdır. Bütün bunları ümumiləşdirərək qeyd edə bilərik ki, Azərbaycan pandemiya ilə mübarizədə xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunəvi ölkə kimi dəyərləndirilmişdir. “Azərbaycanda pandemiya ilə mübarizə ictimai rəydə” analitik təhlil sənədi Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 1928 mart 2020-ci il tarixlərində ölkə miqyasında həyata keçirilən sosioloji sorğunun nəticələrini özündə əks etdirir”.

Sorğunun metodologiyasına əsasən, ölkənin bütün regionları üzrə (Naxçıvan MR və işğal edilmiş rayonlar istisna olmaqla) 1212 respondent təsadüfi seçmə yolu ilə müəyyənləşdirilərək, telefonla müsahibə veriblər.

19-28 mart 2020-ci il tarixlərini əhatə edən anket 15 əsas, 4 demoqrafik sualdan ibarət olub. Suallar əsasən aşağıdakı istiqamətlərdə olub:

- COVID-19 epidemiyası ilə fərdi mübarizə istiqamətlərinə münasibət. Yoluxma qorxusu və karantin şəraitində müayinəyə (özü və yaxınlarının) münasibət;

- Dövlətin COVID-19 pandemiyası ilə mübarizə siyasətinə münasibət, TƏBİB-in bu istiqamətdə fəaliyyətinin qiymətləndirilməsi;

Sorğunun ikinci hissəsində cari vəziyyət və sorğu nəticələrinin analoji tədqiqatlarla müqayisəli təhlili aparılaraq, milli və qlobal kontekstdən yanaşma nəzərə alınıb.