“Azərbaycanda yerli demokratiya həftəsi"


Baxıldı : 63

Tarix : 2017-11-10 22:14:01


Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının təşkilatçılığı ilə   "Azərbaycanda yerli demokratiya həftəsi" adı altında kampaniya keçirilmişdir. Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin hüquq müfəttişi Məhəmməd Kərimov müxbirimizə demişdir ki, bu tədbir Avropa Şurasının "Avropada yerli  demokratiya həftəsi" təşəbbüsü çərçivəsində baş tutmuşdur. Oktyabr ayının 30-da start götürən kampaniya noyabrın 5-də başa çatmışdır. Həftə ərzində bələdiyyələrdə "Açıq qapı" günləri keçirilmişdir. Sakinlərlə, məktəblilərlə görüşlər təşkil olunmuşdur. Vətəndaşlarla  birbaşa əlaqə yaratmaq məqsədilə "Qaynar telefon xətti" açılmışdır, "Bələdiyyə poçt qutusu" və xüsusi lövhələr quraşdırılmışdır.

Bu tədbirlər nəticə etibarilə bələdiyyələrin işinə əhalinin marağını artırır, "vətəndaş-bələdiyyə, "bələdiyyə-vətəndaş" əlaqələrinin möhkəmlənməsinə təkan verir.

Bir sıra bələdiyyələr kimi, Mərdəkan bələdiyyəsi də bu il  "Azərbaycanda yerli demokratiya həftəsi"ni daha çox gələcək nəslin maariflənməsinə həsr edib. Belə ki, həftə ərzində qəsəbə ərazisində yerləşən hər üç məktəbin yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib, onlara bələdiyyənin fəaliyyəti haqqında məlumat verilib, maarifləndirici bukletlər paylanılıb. 

Görüşlərdə sakinlər tərəfindən müxtəlif təkliflər səsləndirilib.  Əsas təkliflər içməli suyun  keyfiyyəti, qurumuş təhlükəli ağacların kəsilməsi, məhəllədaxili yolların təmiri, məhəllələrdə idman qurğularının qurulması, məişət tullantılarının yığılması və daşınması, xeyir-şər mağarlarının təmiri, imkansızlara maddi yardımların verilməsi məsələləri ilə bağlı olub. Təkliflərin ümumiləşdirilərək bələdiyyələrin növbəti il üçün fəaliyyət planına salınması nəzərdə tutulub.

Son olaraq qeyd edim ki, Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri və məsul işçiləri həftə çərçivəsində  keçirilən bir sıra tədbirlərdə iştirak etmişlər.