AZƏRBAYCANIN ELM TARİXİNDƏ YENİ BİR GÜN - “ELM GÜNÜ”


Baxıldı : 133

Tarix : 2018-04-14 00:07:04


Azərbaycan xalqı tarixən zəngin ədəbi-mədəni irsə və elmi potensiala malik olan xalqlardan biridir. Xalqımız malik olduğu bu zəngin elmi irsini əsrlərlə nəsillərdən-nəsillərə ötürmüş, dünya elminin inkişafına öz töhfəsini vermişdir. Elə bircə bunu demək kifayətdir ki, Şərqdə ilk astroloji müşahidə və tədqiqat mərkəzi sayılan rəsədxana Azərbaycanda-Şamaxı şəhərində fəaliyyətə başlamışdır. İlk rəsədxananın yaradıcısı, dünyanın ən məşhur alimlərindən biri sayılan Nəsirəddin Tusinin astroloji tədqiqat və hesablamaları yüz illər boyunca dünya astrologiya elminin inkişafında əsas elmi mənbələrdən biri olmuşdur.

Lakin əminliklə deyə bilərik ki, müasir Azərbaycan elminin yüksəlişi  əsasən XX əsrin ortalarından sonrakı dövrə təsadüf edir. 1945-ci ildə Elmlər Akademiyasının təsis edilib fəaliyyətə başlaması, yeni təhsil müəssisələrinin açılması, burada həm də elmi mərkəzlərin yaradılması, dünya elminin nailiyyətlərini öyrənmək məqsədilə gənc  kadrların xarici ölkələrə ezam olunması elmimizin klassik formadan müasir səviyyəyə keçidini müəyyən edən əsas amillərdən idi. Xüsusən ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə (1969-1982) müasir Azərbaycan elmi böyük sıçrayışlarla inkişaf etmişdir. Ulu öndər elmin inkişafını respublikamızın ümumi inkişafının əsas amillərindən biri kimi yüksək dəyərləndirir, bu sahəyə hər zaman xüsusi diqqət yetirirdi. Bircə bu faktı qeyd etmək  kifayətdir ki, hazırda  fəaliyyət göstərən Azərbaycan elminin görkəmli nümayəndələrinin çoxu  məhz ulu öndərin hakimiyyəti dönəmində elmə qədəm qoyan kadrlar idi.

Ümummilli lider Heydər Əliyev xalqın təkidi və xahişi ilə müstəqil Azərbaycana ikinci dəfə rəhbərlik etməyə başladığı 1993-2003-cü illərdə elmimizə qayğı və diqqət göstərdi. Onun səyi nəticəsində AMEA bir qurum kimi ləğv edilmək təhlükəsindən xilas oldu. Xaricə olan beyin axınının qarşısı alındı, alimlərimiz gələcəyə ümidlə baxmağa başladılar.

Elmə olan bu yanaşma hazırda ulu öndərin layiqli siyasi davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla davam etdirilir. Respublikamızda bütün sahələr üzrə müşahidə edilən dinamik inkişaf elm sahəsində də nəzərə çarpmaqdadır. Elmin inkişafı Azərbaycanın ümumi inkişafının əsas prioritetlərindən, milli-strateji hədəflərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu ildə imzaladığı Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər bütövlükdə Azərbaycan elminin inkişafına böyük təkan vermişdir. Dövlət başçısının 2016-cı il tarixli Fərmanına əsasən, Azərbaycan elminin tarixində ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Bu Qanun Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı, alimlərin maddi rifahının daha da yaxşılaşdırılması  sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilmə mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir. Cənab Prezidentin digər bir Sərəncamı ilə yaradılmış Elmin İnkişaf Fondu elmi fəaliyyətləri stimullaşdırmağa xidmət edən, bir çox ölkələrdə analoqu olmayan önəmli təşkilatlardan biridir. 

Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında ölkə ziyalıları, alimlər qarşısında söylədiyi geniş nitqində səsləndirdiyi fikirlər Azərbaycan elmi üçün yeni üfüqlər açmaqla bərabər, alimlərimiz qarşısında yeni hədəflər də müəyyən edib. Ölkə başçısının səsləndirdiyi “Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır” fikri cənab Prezidentin elmə, elmi inkişafa  nə qədər böyük önəm verdiyini özündə əks etdirmişdir.

Prezident İlham Əliyevin bir neçə gün öncə imzaladığı Azərbaycan Respublikasında hər il martın 27-sinin “Elm günü” kimi qeyd edilməsi haqqında Sərəncamı ölkə başçısının elmə olan  davamlı diqqət və qayğısının daha bir bariz nümunəsidir. Hətta  mədəni və elmi potensialı ilə dünyanın ən inkişaf etmiş bir çox ölkələrinin təqvimində “Elm günü” mövcud deyil. Bu bir daha sübut edir ki, Azərbaycan elmi xüsusən son illər keçdiyi yüksək inkişafı sayəsində bir çox ölkələrə nümunə olacaq statusa malikdir. Cənab Prezidentin “Elm günü”nün təsis edilməsiylə bağlı verdiyi Sərəncamı Azərbaycan alimləri tərəfindən çox yüksək bir sevinc hissi, rəğbətlə qarşılanmışdır. Bu Sərəncam elmimizin, ümumən respublikamızın  inkişafı naminə alimlərimizin qarşısında qoyulan həm də yeni bir öhdəlikdir.

Tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin bütün istiqamətlərdə həyata keçirdiyi siyasi kursunu daim dəstəkləyən alimlərimiz bu öhdəliyi də öz yeni elmi araşdırmaları ilə tam doğruldacaq, Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər. Cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyan Azərbaycan elmi dinamik şəkildə inkişaf etməkdədir və elmimiz cənab Prezidentin bütün sahələri əhatə edən uzaqgörən  dövlət idarəçiliyi ilə  daha yüksək zirvələr fəth edəcəkdir!

Son illər Azərbaycan hökumətinin bu sahədəki məqsədyönlü şəkildə həyata keçirdiyi ardıcıl tədbirlərdən əlavə olaraq milyonlarla vətəndaşı öz sıralarında birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası elm sahəsində çalışan insanların əməyinin qiymətləndirilməsi, onların elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində davamlı olaraq ciddi işlər həyata keçirir. Belə ki,  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təqdimatı əsasında AMEA -da çalışan bir qrup əməkdaş Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı,  AHİK-in yubiley döş nişanları, Ümumhəmkarlar İttifaqları İcraiyyə Komitəsinin Yubiley Fərmanı ilə təltif olunmuşdur. Bundan əlavə, AHİK tərəfindən elmi fəaliyyətlərinə görə fərqlənən AMEA-da çalışan gənc alimlər “İlin peşəkar gənci” Fəxri adına layiq görülmüşdür. Nəhayət, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə gənc alimlərin fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə AHİK-in maliyyə dəstəyi ilə  müsabiqə elan edilmişdir.

Dövlət rəhbərliyinin elm və bu sferada çalışan vətəndaşların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərə uyğun olaraq akademiya əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilmişdir. Belə ki, 61 nəfər əməkdaş yeni inşa edilmiş binada mənzillə təmin edilmişdir.  Bundan əlavə, Saray qəsəbəsində yerləşən AMEA-ya məxsus torpaq sahəsində 2000-dən artıq mənzil olan “Science city” adlanan yaşayış kompleksinin inşaasına başlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 12 fevral - 12 may tarixlərində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində əhalinin tibbi müayinələrdən keçirilməsi ilə bağlı imzaladığı sərəncama əsasən, Elmlər Akademiyasının əməkdaşları üçün iki gün “Medera Hospital”ı tərəfindən pulsuz tibbi müayinə həyata keçirilmişdir. AMEA-nın bütün institutlarına ilkin tibbi yardım göstərilməsi məqsədilə dərman preparatları alınıb paylanmışdır.

Habil Qurbanov

Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının

sədri, hüquq üzrə elmlər doktoru, professor