Azərbaycanlı həmkarlarının işini yüksək qiymətləndirdilər


Baxıldı : 63

Tarix : 2017-11-18 00:44:43


Noyabrın 3-dən 6-dək "Beloaeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndə heyəti "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin qonağı olmuşdur. Qonaqları noyabrın 3-də Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov qəbul etmişdir.

Qəbulda Müstəqil Dövlətlər Birliyi məkanında aviasiya işçilərinin əməyinin ödənişi, əməkhaqqının artırılması, sosial-iqtisadi problemlərin həlli, təhlükəsiz əməyin təşkili və sair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Noyabrın 4-də qonaqlar "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (HHİ) rəhbərliyinin qəbulunda olmuşlar. Burada onlar müəssisə rəhbərliyi və həmkarlar ittifaqı təşkilatı arasında əməkdaşlıq əlaqələrinin həyata keçirilməsi yolları barədə söhbət etmişlər. Sonda nümayəndə heyətinə xatirə hədiyyələri bağışlandı.

"Azəraeronaviqasiya" HHİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Məmmədov müxbirimizə bildirdi ki, Azərbaycan və Belarus aviasiya işçiləri arasında uzun müddətdir dostluq münasibətləri var. Hər iki ölkənin aviasiya işçiləri həmkarlar ittifaqı mərkəzləri, onların üzv təşkilatları vaxtaşırı beynəlxalq seminarlarda, ənənəvi futbol turnirində görüşür, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün məsləhətləşmələr aparırlar. Qarşılıqlı səfərlər həyata keçirilir, təcrübələrini bölüşürlər. Budəfəki görüş də əməkdaşlığımızın tərkib hissəsidir.

V.Məmmədov dedi ki, qonaqlarımız səfər müddətində aviatorlarımızın iş yerlərində oldular. Yaradılmış iş şəraitini yüksək qiymətləndirdilər. Onlar həmçinin gözəl paytaxtımızın seyrinə də çıxdılar. Şəhidlər xiyabanını ziyarət etdilər. Mərdəkan qalası, Qala qoruğu, "Atəşgah" məbədi, Yanardağ kompleksi, Qız qalası, Şirvanşahlar sarayı qonaqlarımızda böyük heyranlıq doğurdu. Zəngin milli mətbəximizin nemətlərinin dadından ləzzət aldılar. Bütün bunları vətənə qayıtdıqdan sonra ünvanımıza göndərdikləri təşəkkür məktubunda diqqətimizə çatdırdılar.