“Azərbaycanlıların soyqırımı - 100 il” mövzusunda elmi-praktik konfrans


Baxıldı : 97

Tarix : 2018-04-14 01:06:48


Fövqəladə Hallar Nazirliyinin qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitə sədrlərinin bir qrupu, eləcə də gənc alim və təqdiqatçılar aprelin 6-da Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər.

Nazirliyin işçilərinin həmkarlar ittifaqının təşkil etdiyi ziyarət erməni vandalları tərəfindən xalqımıza qarşı törətdiyi soyqırımın 100 illiyinə həsr olunmuşdu.

Ziyarətçilər ilk növbədə erməni vəhşiliyinin əyani sübutu olan kütləvi məzarlığa baş çəkdilər. Faciə qurbanlarının məzarları üzərinə qərənfillər qoydular. Kompleksdə yaradılmış muzeydə soyqırıma aid sənədli eksponatlara baxdılar.

Sonra Kompleksin zalında respublikanın gənc alim və tədqiqatçılarının iştirakı ilə “Azərbaycanlıların soyqırımı - 100 il” mövzusunda elmi-praktik konfrans keçirildi.

İttifaqın sədri Mehman İsmayılov elmi-praktik konfransı giriş nitqi ilə açdı. Ermənilərin tarix boyu Azərbaycan xalqının başına gətirdiyi qanlı müsibətlərə geniş nəzər saldı. Həmçinin soyqırımı qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi və xalqın milli yaddaşının bərpası və tarixi həqiqətlərin aşkarlanması sahəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi işlərdən söhbət açdı.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi Aparatı Katibliyinin rəis müavini Ziya Hacılı, Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, Elm Tarixi İnstitutunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Cavidan Qasımlı, Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafarzadə, Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid Şöbəsinin doktorantı Gülnar Qasımlı və digər natiqlər çıxış edərək 1918-ci il soyqırımı hadisələri və erməni vandalizmi haqqında tarixi faktları diqqətə çatdırdılar.

 

***

Həmin gün ziyarətçilər qrupu Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində xitmət edən əsgərlərlə görüşdü. Görüşdə bir daha ermənilərin xalqımıza qarşı əbədi düşmənçiliyi, hər an arxadan zərbə vurmağa hazır olduğu xatırlandı. Buna görə də Azərbaycan ordusunun qüdrətli, yüksək döyüş qabiliyyətinə malik olmasının həyati əhəmiyyət daşıdığı qeyd edildi.

Sonda İttifaqı tərəfindən hərbi hissənin əsgər və hərbi qulluqçularına sovqatlar paylandı.