AzerGold\ QSC yaradılır


Baxıldı : 619

Tarix : 2015-02-14 04:08:00


Ölkə başçısı \ AzerGold\ Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yaradılması haqqında sərəncam imzalayıb. Səhmləri dövlətə məxsus olan Cəmiyyət əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək. Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib. Cəmiyyətin yaradılması nə üçün lazım idi?İqtisadçı-ekspert Vüqar Bayramov \ AzerGold\ QSC-nin yaradılmasına münasibət bildirərək deyib ki, bu sahə tək qızılı deyil, eyni zamanda əlvan metal istehsalının artırılmasında da yeni texnologiyanın tətbiqinə nail olacaq.Ekspertin fikrincə, hazırda ölkəmiz qızıl istehsalını həyata keçirir və praktiki olaraq istehsalı illik 20 faizə yaxın artırmaq imkanına malikdir. Azərbaycan istehsal etdiyi qızılı eyni zamanda yığım vasitəsi kimi istifadə edir. Ölkənin yerli qızıl istehsalının artırılması üçün artıq yeni innovasiyanın və texnologiyanın bu sənayedə tətbiq olunması qaçılmazdır. \ AzerGold\ Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasında məqsəd da birmənalı şəkildə yerli istehsalı inkişaf etdirməkdir. Yerli istehsalı inkişaf etdirməklə zərgərlik üçün lazım olan xammalın ödənilməsinə nail olmaq olar. Eyni zamanda bununla qızıl ehtiyatlarının bir hissəsini yerli istehsal hesabına formalaşdırmaq mümkündür.İqtisadçı bildirib ki, Cəmiyyətin yaradılması yalnız qızıl istehsalının artırılmasına gətirib çıxarmayacaq, digər sahələrə də öz təsirini göstərəcək:\ Qızıl istehsalı ətraf mühitlə bağlı standartların gözlənilməsinə köməklik edəcək. Çünki formalaşdırılacaq \ AzerGold\ QSC-nin əsas məqsədi yeni texnologiyanın tətbiq edilməsidir. Yeni texnologiyanın tətbiqi ilə ətraf mühiti çirkləndirmədən qızıl istehsalını həyata keçirmək mümkün olacaq. O baxımdan bu cür qurumun yaradılması mütərəqqi bir addımdır. Bu, birmənalı şəkildə ətraf mühitlə bağlı standartlar gözlənilməklə, Azərbaycanda yerli istehsalın artırılmasına imkan verəcək\ .\ Ekonomiks\ Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov deyib ki, Azərbaycan ərazisində qızılçıxarma sənayesi üçün böyük perspektivlər var. Son onilliklər ərzində aşkar edilmiş çoxsaylı qızıl yataqları potensial qızıl ehtiyatlarının az bir hissəsini təşkil edir. Hazırda respublikada 10-dan artıq ehtiyatları təsdiq edilmiş qızıl yataqları mövcuddur.İqtisadçı bildirib ki, bu günə qədər Azərbaycanda əlvan metal yataqlarının öyrənilməsi, kəşfiyyatı və bütövlükdə bu sahədəki məsələlərin idarə olunması işləri bir mərkəzdən həyata keçirilmirdi. Ölkədə bu səlahiyyətlər müxtəlif aidiyyəti qurumlar tərəfindən icra edilirdi. Təbii ki, Prezident, ehtiyatları müvafiq qaydada təsdiqlənmiş yataqların sayının getdikcə artdığını nəzərə alaraq, bu sahədəki işlərin daha yaxşı koordinasiya edilməsi və mövcud yataqların istismarının müasir tələblərə cavab verə biləcək bir səviyyədə qurulub aparılmasını təmin etmək məqsədi ilə \ AzerQold\ Qapalı Səhmdar Cəmiyyətinin yaradılması barədə sərəncam imzaladı.AZƏR