Büdcə hazırlıqlarına başlanıldı


Baxıldı : 271

Tarix : 2015-02-28 03:07:00


Hökumət 2016-cı il dövlət büdcəsi layihəsinin hazırlıqlarına başlayıb. Nazirlər Kabineti Maliyyə Nazirliyinə ölkənin növbəti büdcə ili üzrə layihəsinin tərtib olunması üçün 2016-cı ilə dair iqtisadi və sosial proqnoz göstəricilərini, toplu maliyyə balansını hazırlamaq barədə tapşırıq verib. Tapşırığa əsasən, Maliyyə Nazirliyi dövlət büdcəsinin tərtibi və icrası barədə zəruri hesab olunan müvafiq dəyişikliklərlə bağlı öz təkliflərini martın 1-dək hökumətə təqdim edəcək. Müvafiq iqtisadi qurumlar gələn ilin büdcə layihəsinini ilkin variantını martın 15-dək, dəqiqləşdirilmiş variantını isə iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Sözügedən nazirlik isə 2016-cı il üçün dövlət büdcəsinin və icmal büdcənin proqnozunun (gəlir, xərc və kəsir) dəqiqləşdirilmiş variantını sentyabrın 5-dək hökumətə göndərəcək.Büdcə proqnozları barədə ilkin göstəricilər açıqlanmadığından iqtisadçılar da konkret fikir söyləməkdə çətinlik çəkirlər. Hazırda dünya bazarında baş verən proseslər, neftin qiymətinin qeyri-sabit qalması və ölkənin sosial-iqtisadi inkişaf göstəricilərində tez-tez dəyişmələrin olması büdcə ilə bağlı proqnozların söylənməsini də çətinləşdirir. İqtisadçılar bu məsələyə dair fikirlərin ilin ikinci yarısında, sentyabrın əvvəllərində açıqlanmasını məqbul sayırlar. Ən əsası isə proqnozlar neftin qiymətindən asılı olacaq. Neft 80 dollardan yüksək olsa, gələn ilin büdcəsini müəyyən kəsirlərlə hazırkı büdcəyə uyğun proqnozlaşdırmaq mümkün olacaq. Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19,438 milyard manat, xərcləri isə 21,1 milyard manat həcmindədir. Amma neftin qiymət dəyişikliyi ilə əlaqədar hazırda büdcənin gəlirlərinin formalaşmasında müəyyən kəsirlərin olacağı istisna edilmir. Ona görə də hökumət qeyri-neft mənbələrinin büdcədə payının artırılması sayəsində indiki həcmdə nəzərdə tutulan büdcə vəsaitlərinin formalaşdırılmasını təmin edə bilər. ELBRUS