Büdcə layihəsinin müzakirəsi keçirilib


Baxıldı : 370

Tarix : 2015-10-09 04:29:00


Oktyabrın 7-də Milli Məclisdə Elm və Təhsil, Hüquq Siyasəti və Dövlət Quruculuğu, Regional Məsələlər, Mədəniyyət, İnsan Hüquqları, həmçinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitələrinin birgə iştirakı ilə \ Azərbaycan Respublikasının 2016-cı il Dövlət büdcəsi haqqında\ qanun layihəsinin müzakirəsi keçirilib. İclası açan Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev büdcə layihəsinin 2015-ci ildə dünyada baş verən qlobal iqtisadi, geosiyasi proseslərin Azərbaycan iqtisadiyyatına hazırkı və gələcək təsirləri nəzərə alınmaqla hazırlandığını bildirib: \ Dövlət büdcəsi elə tərtib edilib ki, dünya bazarında baş verən proseslərin Azərbaycana hər hansı bir ciddi təsiri olmasın. Neftin qiymətinin aşağı düşməsi fonunda müxtəlif ssenarilərin tərtib olunması, eləcə də qarşıdakı 3 ildə makroiqtisadi göstəricilərin proqnozlaşdırılması mühüm irəliləyişlərin olacağından xəbər verir. Odur ki, Azərbaycan iqtisadiyyatı və əhalinin həyat səviyyəsi növbəti ildə də inkişafda olacaq\ . Layihənin parlamentin müzakirəsinə erkən təqdim olunmasının səbəbi kimi bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərini göstərən komitə sədri sənədin 7 cilddən və 1700 səhifədən ibarət olduğunu bildirib. Maliyyə naziri Samir Şərifov çıxış edərək cari ilin makroiqtisadi göstəricilərindən, ona təsir edən amillərdən, 2016-cı ilin dövlət büdcəsinin parametrlərindən danışıb. Nazir bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatına iki xarici amil təsir edir. Bunlardan biri dünya bazarında xammalın qiymətinin kəskin enməsi, digəri isə region ölkələrinin bir çoxunda milli valyutaların ucuzlaşmasıdır: \ Bütün bu amillər dövlət büdcəsinin gəlirlərinin azalmasına səbəb olub və hökumətin müəyyən tədbirlər görməsini zəruri edib. Buna görə milli valyutamız fevralda devalvasiyaya uğrayıb\ . Nazirin fikrincə, neftin qiymətinin aşağı düşməsi təkcə neft ixrac edən ölkələrə deyil, həm də neft istehlak edən ölkələrin iqtisadiyyatına mənfi təsir edir: \ Dünya miqyasında gedən proseslər səbəbindən artıq 3-cü dəfə cari ilin makroiqtisadi proqnozlarına yenidən baxılıb. Sosial iqtisadi inkişaf proqnozlarının ÜDM artımının əvvəlki proqnozundan 1,1 faiz az, yəni 3,3 faiz olacağı gözlənilir. Neft sektoruna aid artım 0,6 faiz geriləyəcək, qeyri-neft sektoru isə 5,9 faiz artacaq. Neft gəlirlərinin azalması səbəbindən bu ilin büdcəsində dəyişikliklər edilib. Dövlət büdcəsinin gəlirlərinin cari ilin sonuna 17 milyard 80 milyon manat məbləğində icra olunması gözlənilir ki, bu, təsdiq olunmuş proqnozdan 2,1 faiz azdır. Cari ilin xərclərinin icrası isə 84 faiz səviyyəsində nəzərdə tutulur. Bu, təsdiq olunmuş proqnozdan 16 faiz azdır\ .S.Şərifov qeyd edib ki, dünyadakı qeyri-iqtisadi şərait nəzərə alınaraq alternativ büdcə variantları hazırlanıb: \ Bununla belə, növbəti il üçün pessimist və optimist variantlar da mövcuddur. Bunun üçün də alternativ büdcə sistemi hazırlanıb. Nəzərə almaq lazımdır ki, Azərbaycanın dövlət büdcəsi əsasən neftdən gələn gəlirdən asılıdır. Əgər neftin qiyməti 40 dollar və ondan aşağı olarsa, yaxud 60 dollar və yuxarı olarsa, ona uyğun büdcə sistemi işə düşəcək. Hələ ki, növbəti il üçün hazırlanan büdcədə neftin qiymətinin 1 bareli 50 dollar olaraq götürülübdür. Alternativ büdcə sisteminin hazırlanması ölkəmizə dünya iqtisadiyyatında baş verəcək hər hansı proseslərə çevik reaksiya verməyə imkan yaradacaq\ .S.Şərifov bildirib ki, gələn ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 25,2 faiz həcmində olmaqla 14 milyard 566 milyon manat, xərclər isə ümumi daxili məhsulun 28,2 faiz həcmində olmaqla 16 milyard 264 milyon manat proqnozlaşdırılıb. Qeyd edilib ki, növbəti ildə dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 36,1 faiz səviyyəsində olacaq. Bütövlükdə dövlət büdcəsi xərclərinin azalması fonunda bu xərclər cari illə müqayisədə 42 milyon manat və yaxud 0,7 faiz artacaq və 5 milyard 868 milyon manat təşkil edəcək. 2016-cı il üçün sosial tədbirlərə büdcədən 5 milyard 139 milyon manat vəsait ayrılacaq. Bunlar da əsasən elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək. Nazir 2016-cı il üçün icmal büdcənin əsas parametrləri barədə də danışıb. Bildirib ki, icmal büdcənin gəlirləri 16 milyard 720 milyon manat, xərcləri isə 19 milyard 907 milyon manat səviyyəsində nəzərdə tutulur. İclasda çıxış edən Milli Məclisin deputatları qanun layihəsi ilə bağlı fikirlərini bildirib, təkliflər səsləndirib, layihənin yüksək səviyyədə hazırlandığını söyləyiblər. Müzakirələrdən sonra \ Azərbaycan Respublikasının 2016-cı il Dövlət büdcəsi haqqında\ qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.