Böhran - bir tərəfdən dağıdıcı, bir tərəfdən yaradıcı


Baxıldı : 200

Tarix : 2016-01-23 11:38:00


İqtisadi böhranın mənfi təsirləri özünü iqtisadiyyatın bir çox sahələrində göstərməkdədir. Ölkənin bank sektoru cari likvidlik problemi ilə üz-üzədir. Kommersiya bankları fəaliyyətlərini tam şəkildə həyata keçirə bilmirlər. Əvvəllər əllərində artıq vəsaitləri olan insanlar pullarını əsasən əmanət şəklində banka qoyurdular. Eyni zamanda daşınmaz əmlaka yatırımlar edilirdi. Məhz bunun nəticəsi idi ki, son illər tikinti sektoru rentabelli sahələrdən birinə çevrilmişdi. İndi isə hər iki sektorda böhran yaşanır. Mövzu ilə bağlı İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayevlə əlaqə saxladıq: \ Ailə büdcəsi də dövlət büdcəsi kimidir, -dedi. - \ Böhran oldu-olmadı, səmərəli xərclənməlidir. Vətəndaşlar israfçılıqdan qaçmalı, vəsaitlərini daha faydalı işlərə xərcləməli və yığıma yönəltməlidirlər. Çünki cəmiyyətin də investisiya imkanları əmanətlərin səviyyəsindən asılıdır. İqtisadi nəzəriyyədə də belədir. Cəmiyyət və dövlətin ev təsərrüfatları və dövlətin yığımları investisiya şəklində sonradan maliyyə bazarları vasitəsilə iqtisadiyyata qayıdır. Bu baxımdan qiymətlərin çox sürətlə artdığı, gəlirlərin buna adekvat olaraq yüksəlmədiyi şəraitdə insanlar ikiqat məsuliyyətli olmaq məcburiyyətindədirlər və öz xərclərinə daha artıq diqqət etməlidirlər\ .Bəs böhran zamanı iflasın dərin yaşanmaması üçün nə edilməlidir? R.Ağayevin dediyinə görə, ilk növbədə əhalinin alıcılıq qabiliyyəti qorunmalıdır. Çünki biznes əhalinin gəlirləri hesabına ayaqda durur. Digər tərəfdən, əgər insanların gəlirləri yoxdursa, onlar banklardan kredit götürməkdən qaçacaqlar. Kreditləşmə isə iqtisadiyyatın inkişafında ən vacib şərtlərdən biridir. Burada hökumət ortaq yolu tapmalıdır. Bir tərəfdən əhalinin gəlirləri yüksək sürətlə artanda inflyasiya proseslərinə şərait yaradır, gəlirlər artmayanda isə iqtisadi fəallıq aşağı düşür. Ona görə də hökumət yerli istehsalın inkişafına nail olmalıdır. Bu zaman bazarda yerli istehsalın və valyuta gətirən qeyri-neft məhsullarının payı çox olacaqdır. Bu da iqtisadiyyatın inkişafı deməkdir.Ekspert bildirdi ki, böhran bir tərəfdən dağıdıcı, digər tərəfdən də yaradıcı prosesdir. Çünki böhran həm də fürsətlər açır. Amma bu fürsətləri imkanlara çevirmək üçün peşəkar idarəetmə lazımdır. Belə ki, düzgün qərarlar verilməli və zamanında qəbul olunmalıdır. Ola bilər ki, hansısa qərar düzgün qəbul oluna bilər, amma zamanında verilməz. Bu zaman vaxt keçdikcə onun əhəmiyyəti də itir. Ona görə də fürsətlərin imkanlara çevrilməsində iki amil var: peşəkar idarəetmə və bu peşəkar qərarları vaxtında vermək.Bazarlarımızda yerli məhsulların yer tutması üçün nə etmək lazım olduğundan danışan ekspert qeyd etdi ki, bunun üçün iki məsələ öz həllini tapmalıdır: \ Birincisi, yerli məhsullar bol olmalıdır. Yəni insanlar bazara gedərkən xarici məhsulların yerli analoqunu görməlidir. İkincisi, qiymətlər uyğun olmalıdır, yəni yerli məhsullar xarici məhsullardan baha olmamalıdır.Son 15 ildə manat dollara nisbətən möhkəm olduğuna görə, məhsullar xarici valyuta ilə idxal olunurdu və bu da ucuz başa gəlirdi. Ona görə də bazarlarda yerli məhsullara nisbətən xarici məhsullar daha böyük yer tuturdu. Amma manatın 2 dəfəyə qədər dəyərdən düşməsi və dolların qalxması fonunda yerli kənd təsərrüfatı məhsulları daha çoxluq təşkil edəcəkdir və əhalinin də alıcılıq qabiliyyətinə müsbət təsir göstərəcəkdir. Bir şərtlə ki, hökumət fermerlərə dəstək göstərsin”. Aliyə SƏMƏDOVA