Bələdiyyələr nağdsız ödəniş sisteminə keçir


Baxıldı : 376

Tarix : 2015-01-31 04:56:00


Respublikamızda bələdiyyələrlə bağlı bir neçə qanuna əlavə və dəyişikliklər edilib. Hesabat dövründə yerli özünüidarəetmənin inkişafı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi işi davam etdirilib. \ Bələdiyyələrin statusu haqqında\ qanunun 43-cü maddəsinə əlavə edilib ki, yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. Bu qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minib. Maraqlıdır, bələdiyyə büdcələrinin onsuz da az olduğu indiki şəraitdə bu addım onların fəaliyyətində problem yarada bilərmi? İqtisadçı Samir Əliyev o qənaətdədir ki, yerli vergi öhdəliklərinin nağdsız qaydada ödənişi şəffaflıq və hesabatlılıq baxımından vacib olsa da, indiki dövrdə nağd ödənişlərə qadağanın qoyulması yolverilməzdir: \ Ölkədə kölgə iqtisadiyyatının payının azaldılması, o cümlədən yerli büdcə gəlirlərinin formalaşdırılmasında şəffaflığın artırılması və vergi ödənişlərin təyinatı üzrə yığılmasında nağdsız ödənişlərin rolu əvəzsizdir. Son illər nağdsız ödənişlərin tətbiqi sahədə bir sıra təşəbbüslər göstərilir və bu addımların ilkin müsbət nəticələri görünməkdədir. İnsanlar evində oturmaqla internetlə bütün kommunal xərclərini, vergi borclarını ödəyirlər. Bütün bu üstünlüklərin fonunda yerli vergi və ödənişlərin nağd şəkildə qəbuluna qadağanın tətbiqi qərarı tələsik addımdır. Bu, onsuz da ağır vəziyyətdə olan bələdiyyələrin fəaliyyətinə ciddi zərbə vura bilər. Bu məsələdə digər problem kənd yerlərində ödəniş üçün zəruri infrastrukturun olmamasıdır. Belə çıxır ki, kənd əhalisi hər dəfə vergi və ödənişləri ödəmək üçün bir neçə kilometr məsafə qət edib rayon mərkəzinə getməlidir. Halbuki bu vaxta qədər yaşadığı evin bir neçə yüz metrliyində yerləşən bələdiyyəyə pul ödəməkdə maraqlı deyildi. Düzdür, \ Azərpoçt\ MMC-nin yerli poçt şöbələrinə yerli vergi və rüsum qəbulu səlahiyyəti verilir. Ancaq nəzərə alaq ki, hazırda ölkədə poçt şöbələrinin sayı kənd yaşayış məntəqələrinin sayından bir neçə dəfə azdır. Düşünürəm ki, indiki məqamda qadağanın bələdiyyələrə tətbiqi arzuolunmaz fəsadlar törədə bilər\ .Məsələyə münasibət bildirən Milli Məclisin Regional Siyasət Komitəsinin üzvü Tahir Rzayev deyir ki, bu məsələ ilk dövrdə çətinlik yarada bilər: \ Bələdiyyələrin topladığı vergilərlə bağlı əvvəlki dövrlərdə müəyyən problemlər olub. Bəzən vətəndaşlardan yığılan vəsait mənimsənilib. İndiki halda isə bu kimi problemlərin həllindən söhbət gedir. Bu həm neqativ halların aradan qaldırılmasına, həm də insanlarda məsuliyyətin artırılmasına yardım edəcək. Ona görə də qanuna edilən dəyişiklik çox vacibdir. Bəzi ekspertlər düşünür ki, bu formada işləmək bələdiyyələr üçün çətin olacaq. Çünki əvvəllər bələdiyyə üzvləri insanların qapılarını döyərək vergiləri toplayırdı. İndi heç kim gedib bank vasitəsilə ödəniş etmək istəməyəcək. Amma indi də bələdiyyə işçiləri gedib əhalini maarifləndirsin. Əvvəllər vergi işçiləri də bəzi obyektlərdən vergiləri nağd alırdılar. Amma sonradan bu problem tam aradan qalxıb və hər kəs vergisini ödəyir\ . Xalid AZƏR