Bütün dünya - bir sərgi


Baxıldı : 250

Tarix : 2016-04-08 04:01:00


Aprelin 7-də Bakı Ekspo” Mərkəzində turizm biznesinin peşəkarları üçün nəzərdə tutulmuş aparıcı tədbir olan 15-ci Yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər \ AITF 2016\ sərgisi öz qapılarını ziyarətçilərin üzünə açmışdır. Yarandığı gündən etibarən \ AITF\ sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir. Azərbaycanın müstəqillik illərində turizm sənayesində əhəmiyyətli inkişaf müşahidə olunur və \ AITF\ sərgisi bu müsbət dinamikanı yaxından əks etdirir. Belə ki, əgər 2002-ci ildə keçirilən ilk \ AITF\ sərgisində dünyanın 5 ölkəsindən 26 şirkət iştirak edirdisə, hazırda bir sıra sahələrdə artım müşahidə olunur. Bu il dünyanın 29 ölkəsindən 330 şirkəti qəbul edən \ AITF\ sərgisi ümumilikdə 80 turizm istiqamətini təqdim edəcək. Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Serbiya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro, Çexiya və Ukrayna sərgidə milli pavilyonları üçün yer bron ediblər. İlk dəfə olaraq Belarus öz milli stendi ilə bu ölkələrin sırasına qoşulub. Bu il Rusiya Federasiyası Stavropol Əyaləti Mədəniyyət Nazirliyinin kuratorluğu altında Stavropol Əyaləti, İspaniyanın Katalonya bölgəsi və Latviyanın Yurmala şəhəri ayrıca regional stendlərlə iştirak edirlər.Azərbaycan Turizm Assosiasiyası sədrinin müavini Müzəffər Ağakərimov bildirdi ki, bu il \ Tibbi turizm və sağlamlıq turizmi\ istiqamətini təmsil edən iştirakçiların sayı əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, sərgidə Azərbaycan, Belarus, Gürcüstan, İtaliya, Latviya, Xorvatiya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 32 şirkət, o cümlədən tibb mərkəzi, sağlamlıq ocağı və sanatoriyalar, müalicə-sağlamlıq və spa turizmi üzrə ən son nailiyyətləri təqdim edəcəklər. Burada Sloveniyadan - Roqaşka, Ukraynadan - Truskavets, Rusiyadan - Kislovodsk, Jeleznovodsk, Yesentuki və digər regionlardan sağlamlıq turizmin nümayəndələri iştirak edib. Sərgidə \ Xaricdə daşınmaz əmlak\ sektoru çərçivəsində İspaniya, Türkiyə, Dubay, Monteneqro və Bolqarıstan kimi ölkələr daşınmaz əmlak üzrə təkliflərlə çıxış edir. Bu şirkətlərin stendlərində alqı-satqı, icarə, kredit və investisiya proqramları barədə tam məlumat əldə etmək mümkündür.Müzəffər Ağakərimov qeyd etdi ki, sərgilərin mütəmadi və keyfiyyətlə təşkil olunması əhəmiyyətlidir. Bir neçə il bundan öncə Azərbaycanda getmə turizm tendensiyası daha çox üstünlük təşkil edirdisə, bu gün Azərbaycan Turizm Assosiasiyasının apardığı təhlillər nəticəsində məlumdur ki, artıq vəziyyət bir qədər dəyişib və gəlmə turizmlə məşğul olan turizm şirkətlərinin sayı artıb. Azərbaycana turistləri cəlb edən tək bizim xalqın qonaqpərvərliyi deyil, eyni zamanda ölkəmizdə olan sabitlikdir. Rusiya və Türkiyə münasibətlərinin bir qədər soyuması nəticəsində ölkəmizə rus vətəndaşlarının gəlmə sayında artım müşahidə olunur. M. Ağakərimov onu da vurğuladı ki, AZTA - Ulyanovsk və Yekaterinburq şəhərləri ilə memorandum imzalayıb. Aprelin 29-da Rusiyanın Ulyanovsk şəhərindən Bakıya birbaşa aviareys açılır. Bu da gəlmə turistlərin sayının artmasına müsbət təsir edəcəkdir. Həmsöhbətimiz dedi ki, Azərbaycanın tanınması yönümündə AİTF-dən başqa bir çox beynəlxalq sərgilərdə: Madrid, Berlin, Moskva, Tokio və digərlərində çox fəal iştirak edilir. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm Assosiasiyasının birgə səyi nəticəsində Moskva və İstanbul şəhərlərində turizm üzrə nümayəndəlik açılıb. Nümayəndəliklər Rusiya və Türkiyə bazarını Azərbaycana cəlb etmək üçün fəaliyyət göstərəcəkdir. Turizm üzrə ekspertin sözlərinə görə, bu gün turizm konsepsiyasının əsas məqsədi Azərbaycana turist axınının sayının artırılmasıdır, bu isə iqtisadiyyatın inkişafı üçün mühüm amillərdən biridir. Günel RAFAYILQIZI