Bəzi dərmanlar apteklərdən yoxa çıxıb


Baxıldı : 346

Tarix : 2015-10-23 02:05:00


Respublikamızda dərman vasitələrinin qiymətinin tənzimlənməsi əhali tərəfindən müsbət qarşılansa da, artıq müəyyən problemlər üzə çıxır. Belə ki, qiymətlərin ucuzlaşmasından sonra apteklərdə bəzi dərmanlar yoxa çıxıb. İnsanlar həkimlər tərəfindən yazılan əksər dərmanları tapmaq üçün günlərlə apteklərə ayaq döyməli olur. Maraqlıdır, indiyədək nə qədər dərmanın qiyməti tənzimlənib və qiyməti tənzimlənən dərmanların satışdan götürülməsi nə ilə bağlıdır? Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyovun sözlərinə görə, hazırda respublikamızda 4600-ə yaxın dərman vasitəsi dövlət qeydiyyatına alınıb: \ Bu günədək 2183 adda dərman vasitəsinin qiymətləri Tarif Şurası tərəfindən təsdiqlənib. Bunlardan 1104-nün təsdiqlənmiş qiymətləri qüvvəyə minib. Qalan 1079 adda dərman vasitəsinin təsdiqlənmiş qiymətləri bu ilin 1 dekabr tarixindən qüvvəyə minəcək. Dərman vasitələrinin qiymətləri mərhələli şəkildə Tarif Şurası tərəfindən təsdiqləndikcə, eyni preparatlar bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaq. Amma hamı razılaşar ki, real qiymətindən 300-500 faiz baha satılan dərman vasitələrinin idxalının dayanması və əczaçılıq bazarından çıxması sevindirici haldır. Bəzi dərmanlar isə hazırda satışda olmasa da, yeni qiymətlər müəyyənləşdikdən sonra satışa çıxarılacaq\ .Məsələyə münasibət bildirən tibb elmləri doktoru Adil Qeybulla isə deyir ki, dərmanlarla bağlı vahid qiymət sisteminin tətbiqi ilk baxışdan təqdirəlayiqdir: \ Bu, ilk növbədə əhali üçün faydalı bir addımdır. Çünki eyni dərmanı müxtəlif apteklərdə müxtəlif qiymətlərdə görən insanlar bunun hansının münasib olduğunu aydınlaşdıra bilmirdi. Ölkəyə nəhəng sayda dərman preparatlarının daxil olması da narahatlıq doğururdu. Bir çox hallarda eyni tərkibli dərmanlar fərqli adlarla gətirilir. Burada əhalinin deyil, dərman firmalarının maraqları qorunur\ . Ekspertin sözlərinə görə, dərmanlara vahid qiymət siyasətinin uğurlu alınması üçün ən əsas şərt bütün apteklərin bazadan dərmanları eyni qiymətə almasını təmin etməkdir: \ Belə olan halda qiymətin üzərinə ancaq ƏDV əlavə edilmiş olacaq. Dərman maddələrinin qiymətləri hesablanarkən onların ilkin dəyəri, gömrük xərcləri, nəqliyyat xərcləri, sahibkarın gəliri mütləq nəzərə alınmalıdır. Bu olardısa, proses gözlənilən nəticəni verərdi. Dövlətin dərmanlarla bağlı həyata keçirtdiyi proseslər həkimlərin də işlərində müəyyən narahatlıqlar yaradıb. Hansı dərmanlara ki, güvən var idi və həkimlər o dərmanlara alışmışdılar, onları tapmaq mümkün olmur. Çünki Tarif Şurasının təyin etdiyi qiymətlər sahibkara sərfəli olmasa, o, dərmanları ölkəyə gətirməsində maraqlı olmayacaq. Amma düşünürəm ki, bu müvəqqəti haldır. Bir müddətdən sonra dərman bazarındakı inhisar aradan qalxsa və dərman maddələrinin dövlət farmokapeyası yaransa, bu məsələdə xeyli rəqabət ortaya çıxar. Bu da ölkə bazarına daha keyfiyyətli dərmanların daxil olmasına şərait yaradacaq\ . Xalid AZƏR