Bəzi şirkətlər müqaviləni təzələməyə qərar verib


Baxıldı : 329

Tarix : 2015-03-06 02:17:00


Manat dollar qarşısında ucuzlaşandan sonra yaranan problemlərin sırasına daha biri əlavə olunub, \ novostroyka\ lardan ev alıb, pulunu uzun müddətə ödəyənlərlə mənzil tikintisi ilə məşğul olan şirkətlər arasında yaranan mübahisələr. Məlumdur ki, yeni tikilən binalardan ev alan şəxslər, qabaqcadan mənzilin dəyərinin 10-20 faizini ödəyib, qalanını isə hər ay hissə-hissə şəkildə ödəniş edirlər. Manatın 33 faiz ucuzlaşması ev alan şəxlərə sərf eləsə də, mənzili tikən şirkətləri, başqa sözlə, kooperativləri qətiyyən qane etmir. Ona görə də bir çox şirkətlər satdıqları evlərin qiymətinə yenidən baxıb, müqaviləni təzələməyə qərar verib. Başqa sözlə, manatla satılan evlərin qiymətini dolların hazırkı məzənnəsinə uyğunlaşdırmağı məqsədə uyğun sayırlar. Tikinti şirkətləri bunu belə əsaslandırırlar ki, həm manat ucuzlaşıb, həm də tikintinin maya dəyəri 35 faiz artıb, bu da onların fəaliyyətinə mənfi təsir göstərə bilər. Mənzil tikintisini həyata keçirən şirkətlərdən bir neçəsi bildirib ki, bu addımı atmağa məcburdurlar. Əks-təqdirdə satılan mənzilləri tikib başa çatdırmaq mümkün olmayacaq. Bəzi tikinti şirkətlərindən isə deyiblər ki, manat ucuzlaşmazdan əvvəl bağlanan müqavilə şərtlərində dəyişiklik etməyi düşünmürlər. Amma bundan sonra satılacaq mənzillərin qiymətinin manatla ifadəsində artımlar olacaq, başqa sözlə, qiymətlər 35 faiz bahalaşa bilər.Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı vurğulayıb ki, tikinti şirkətlərinin manatın ucuzlaşmasından sonra qiymətləri artıracağı istisna deyil. Onlar əsas gətirə bilər ki, tikinti yekunlaşmadığından xərclərimiz artıb və ona görə də qiyməti qaldırmağa məcburuq: \ Amma istənilən halda tikinti şirkəti müqavilə bağlanan gündə təyin olunmuş qiymətdən kənara çıxa bilməz. Qanunvericiliyə görə, vətəndaşın tikinti şirkətini məhkəməyə verib öz hüququnu müdafiə etmək imkanı var. Heç bir vətəndaş da düşünməsin ki, bu cür problem yaranarsa, o, tikinti şirkətinə məhkəmədə uduza bilər. Əksinə, vətəndaş məhkəməyə müraciət edərsə, onun hüquqları bir qayda olaraq təmin olunacaq\ .Azər MUSTAFAYEV