Bəzi şəxslərin nikahına qadağa qoyula bilər


Baxıldı : 373

Tarix : 2015-02-14 03:24:00


Son illər bir sıra ailələrdə yaşanan problemlər tez-tez müzakirə olunurdu. Bununla bağlı aparılan araşdırmalar göstərirdi ki, bu problemlərin, o cümlədən boşanmaların artmasının bir səbəbi də nikaha daxil olacaq şəxslərin öncədən müayinədən keçməməsidir. Boşanmaların əksəriyyətinin səbəbi sonsuzluq və ya təhlükəli xəstəliklərin aşkarlanması, eyni zamanda qüsurlu körpələrin doğulması ilə bağlı olurdu. Çünki gənclər ailə qurarkən bir-birinin sağlamlıq durumları ilə bağlı məlumatsız olurlar. Ailə qurduqdan sonra üzə çıxan bu problemlər isə təkcə ər-arvadın deyil, həm də bu ailədə gələcəkdə doğulacaq uşaqların sağlamlığını sual altına qoyur. Ötən il Ailə Məcəlləsinə dəyişiklik edilərək nikaha daxil olmaq istəyənlərin tibbi müayinədən keçirilməsi zəruri sayıldı. Ailə Məcəlləsinin 13-cü maddəsinin tələblərinə görə, əvvəllər nikaha daxil olan tərəflərin nikahdan öncə tibbi müayinədən keçməsi könüllü idi. Dəyişikliklərə əsasən, artıq nikaha daxil olmaq istəyən şəxslər qeydiyyat şöbələrinə öz ərizələri ilə bərabər, tibbi müayinədən keçdiyini təsdiq edən arayışı da təqdim etməlidir. Həmin arayışda şəxslərin tibbi müayinədən keçdiyi təsdiq olunmalı, lazımi tibbi məsləhətlərin verildiyi də öz əksini tapmalıdır. Lakin nəticə barədə digər tərəfin məlumatlandırılması könüllüdür. Amma bu müayinələr konkret xəstəliklər üzrə aparılacaq. Hazırda həmin xəstəliklərin siyahısı təsdiq edilib. İndi Səhiyyə Nazirliyində tibbi müayinədən keçmə qaydası və müayinə ediləsi xəstəliklərin siyahısı hazırlanır. Siyahıda QİÇS, narkomaniya, dəri-zöhrəvi xəstəliklərin adı orada öz əksini tapacaq. Qanunvericiliyə görə, bir şəxsin digərini QİÇS, yaxud dəri-zöhrəvi xəstəliklərinə yoluxdurması cinayət məsuliyyəti deməkdir və buna görə nikah etibarsız sayıla bilər. Digər tərəfdən, son dövrlər respublikamızda talassemiya xəstəliyi daşıyıcılarının sayı artır. Araşdırmalar göstərir ki, talassemiya xəstəliyinin daşıyıcısı olan şəxsin ailə quracağı təqdirdə onların dünyaya gətirdikləri övladların xəstəliyə tutulmaq riski daha yüksəkdir. Əgər talassemiyanın daşıyıcısı olan şəxslər ailə həyatı qurarsa və onların 4 uşağı doğularsa, genetik Mendelin hesablamalarına görə, bu uşaqlardan ikisi talassemiyanın daşıyıcısı, üçüncüsü praktik sağlam, nəhayət, dördüncü uşaq isə böyük talassemiya xəstəsi olacaq. Buna görə də nikahdan əvvəlki tibbi müayinə vacibdir. Yeni dəyişikliklər həm tərəflərin hüquqlarının, həmçinin ailədə dünyaya gələcək uşaqların sağlamlığının, ailənin bütövlüyünün qorunması baxımından vacibdir.Məsələyə münasibət bildirən hüquqşünas Müzəffər Baxışov deyir ki, qanuna edilən dəyişikliklərə müsbət yanaşmaq lazımdır: \ Burada məsələyə təkcə hansısa insanın nikaha daxil olmasına qadağa qoyulması baxımından yanaşmaq doğru olmaz. Həm də məsələnin ikinci tərəfinə baxmaq lazımdır. Belə nikahlardan sonradan xəstə uşaqlar doğula bilər. Belə uşaqların doğulması isə həm ailə üçün, həm də cəmiyyət üçün böyük problemlər yaradır. Buna görə də bu addım gələcəkdə cəmiyyət üçün gözlənilən zərərin qarşısının alınmasına yönələn bir addımdır. Bunun cəmiyyətə vurduğu zərər isə bir neçə nəfərin nikaha daxil olmasına qoyulan qadağadan daha böyük olur. Bu məsələyə qiymət verərkən hər iki halın ictimai əhəmiyyətinə və ya zərərinə baxmaq lazımdır. Amma bu qadağalar qanunla qoyulur. Ailə Məcəlləsinə edilən dəyişikliklərdə göstərilib ki, belə xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək. Kostitusiyaya görə də müəyyən məsələlərə qanunla qadağa qoyula bilər. Bir sıra Avropa ölkəsində də bu tipli qadağalar var\ .Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də deyirlər ki, qanunvericiliyə edilən dəyişiklik baş verən ciddi problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq. İnsanın sağlamlıq durumu barədə informasiyalar fərdidir, konfedensialdır, eyni zamanda həkim sirridir. Nikaha daxil olan digər şəxsin bu məsələni bilməsi könüllü formada həyata keçirilir. Amma tərəflərin müayinənin nəticəsi ilə bağlı bir-birini məlumatlandırması könüllüdür. Bu sahədə baş verə biləcək özbaşınalıqlar, səhlənkarlıqlara gəldikdə komitə rəsmisi qeyd etdi ki, həmin arayışı verən həkim birbaşa məsuliyyət daşıyacaq. Ona görə də nəticələri gözə alaraq bunu etməlidir. Korrupsiya halları baş verəcəksə belə, o, cinayət məsuliyyəti daşıyacaq. Bu cür risklər hər zaman ola bilər. Amma nikaha daxil olmaq üçün müraciət edən şəxs arayış təqdim etməyəcəyi təqdirdə nikah baş tutmayacaq.Xalid AZƏR