Bacarıqlara yiyələnmə ünvanı


Baxıldı : 69

Tarix : 2019-06-18 10:13:33


Gənclərimizin məşğulluğu, layiqli əməklə təminatı daim dövlətimizin diqqət mərkəzində olmuşdur. Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və tezliklə brendə çevrilmiş Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) işçi qüvvəsinin əsasını məhz gənclər təşkil edir. Yeri gəlmişkən deyim ki, qurum fəaliyyətə başladığı ilk vaxtlardan kollektivi özünun həmkarlar ittifaqı komitəsini təsis etmiş və onun sıralarında təşkilatlanmışdır.

“ASAN-xidmət” mərkəzlərində işə qəbul Dövlət İmtahan Mərkəzi vasitəsilə aparılır. Müsabiqə və müsahibələrdə uğur qazanan gənc istənilən regionda işləmək hüququna malik olur.

Yarandığı dövrdən təşkilatda könüllü hərəkatı da geniş vüsət aldı. “ASAN konüllülük məktəbi” çərçivəsində təkcə 2018-ci il ərzində mərkəzlərdə 3215 könüllü fəaliyyət göstərmiş və məzun olmuşdur.

“ASAN könüllülük məktəbi” 2 pillədən ibarətdir: “Master 1” və “Master 2”.

“Master 1” pilləsinə müraciət etmiş gənclər müvafiq “ASAN xidmət” mərkəzlərində fəaliyət göstərən xidmətlərdə təcrübə keçirlər. Onlar vətəndaşları qarşılayıb, müraciət edənlər üçün ərizə və anketləri doldururlar. İki ay müddətində könüllü olan gənclərimiz sonda imtahan verərək sertifikat alırlar. Gələcəkdə işə düzələn zaman həmin gəncin yeni iş yerində adaptasıyası da asanlaşır və topladığı təcrübəsi hər zaman ona yardımçı olur.

“Master 2” pilləsində gənclər digər dövlət orqanlarına könüllülük fəaliyyəti üçün göndərilirlər.  Məlumat üçün bildirək ki, “ASAN könüllülük məktəbi”nin “Master 2” pilləsi çərçivəsində 8000-ə yaxın müraciət edən gəncdən 2341 nəfəri 30-dan çox tərəfdaş dövlət və özəl qurumda könüllülük fəaliyyəti keçmişdir.

Ötən il “ASAN xidmət” mərkəzlərində könüllü qismində təcrübə keçib məzun olan gənclərə işə qəbul prosesində dəstək olmaq məqsədilə “ASAN könüllülük məktəbi”nin karyera mərkəzinin “ASAN kadr” portalına (www.asankadr.az) 643-dən çox könüllünün anket məlumatları daxil edilmiş və 202 müəssisə qeydiyyatdan keçmişdir. 1000 könüllü “ASAN xidmət” mərkəzlərində, mərkəzlərdə fəaliyyət göstərən digər dövlət orqanlarında, eyni zamanda, bir çox digər dövlət və özəl qurumlarda işlə təmin edilmişdir.

Əməkdaşlarla yanaşı, könüllülərə də etik davranış, işgüzar etiket, vətəndaş məmnunluğunun təmin olunması prinsipləri və qaydaları, dinləmə və izahetmə bacarığı, səmərəli ünsiyyətin prinsipləri, ünsiyyət komponentləri, stressin və münaqişəli halların idarə olunması, həmçinin informasiya texnologiyaları bilikləri və s. mövzularda təlim (treninq) keçirilir.

Bundan əlavə, ali və orta ixtisas məktəblərində təhsil alan tələbələrin “ASAN xidmət” mərkəzlərində, həmçinin Dövlət Agentliyinin Aparatının müvafiq şöbələrində təcrübə keçmələri və bu sahəni praktiki olaraq daha mükəmməl mənimsəmələrindən ötrü hər bir şərait yaradılır. Gənclərin ilk iş təcrübəsini əldə etməsinə köməklik edilir.

Bildiyiniz kimi, Dövlət Agetliyinin tabeliyində  “ABAD” publik hüquqi şəxs (Ailə biznesinə asan dəstək) fəaliyyət göstərir.

“ABAD” publik hüquqi şəxs 2016-cı il sentyabrın 23-də yaradılmışdır.

Bu xidmətin əsas məqsədi regionlarda sahibkarlığın, o cümlədən qeyri-kənd təsərrüfatı istehsal sahələrinin inkişafına əlavə dəstək verməkdir. Məsələn, İmişli və Şəki regional “ABAD” mərkəzləri, həmçinin Şəki Keramika və Tətbiqi Sənət Mərkəzi ailə təsərrüfatlarına, mikro, kiçik və orta sahibkarlara dəstək layihələrini reallaşdırır. İstehsalatda müasir texnoloji istehsal avadanlıqlarından istifadə, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım, istehsal olunan məhsulun daşınmasının və satışının təşkili kimi xidmətlərin təqdim edilməsini həyata keçirir. “ABAD” etno-butikləri fəaliyyətə başlaması ilə ABAD-çıların istehsal etdikləri əl işlərinin satışı artırılmışdır. ABAD-çılara güzəştli kreditlərin verilməsi onları sıx əməkdaşlığa daha da həvəsləndirir.

Belə ki, İsmayıllı və Şamaxı bölgələri üzrə xalça toxucuları və arıçı ailələrinin ailə brendi yaradılmış, milli zərgərlik sənətinə yiyələnmək istəyən gənclər üçün Quba “ASAN həyat” kompleksində fəaliyyət göstərən “ABAD” Məktəbində bütün zəruri mal-material və avadanlıqlarla təchiz edilmiş zərgərlik üçün nəzərdə tutulan sinif otağı istifadəyə verilmişdir. Quba “ABAD” Məktəbində təşkil edilən peşəkar zərgərlik və xalçaçılıq təlimləri ilə yanaşı, Masallı “ASAN həyat” kompleksində fəaliyyət göstərən “ABAD” mərkəzində də xalçaçılıq təlimləri təşkil edilmişdir.

Sözümün sonunda bütün gənclərimizi bu münbit şəraitdən bəhrələnməyə çağırıram. Bu şəraitdən bəhrələnməklə həm özünüz, həm də cəmiyyətimiz fayda görəcək.

 

Aygün MƏMMƏDOVA,

“ASAN xidmət” Həmkarlar İttifaqı Komitəsinin sədri