Bahalaşma gözlənilir?


Baxıldı : 383

Tarix : 2015-01-10 03:00:00


Vergi Məcəlləsinə edilən dəyişikliklər və dünya bazarında gedən iqtisadi proseslər Azərbaycanda bir çox sahələrdə bahalaşmanın olacağını qaçılmaz edir. Bu hələ ki, özünü qeyri-ərzaq məhsullarında göstərir, lakin ehtimal var ki, az müddətdən sonra ərzaq məhsullarında və gündəlik tələbat mallarında da müəyyən artımlar baş versin. Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, yanvar ayının 1-dən ölkədə müşahidə olunan qiymət artımları aksiz vergilərinin dəyişdirilməsi ilə bağlıdır: \ Parlament tərəfindən Vergi Məcəlləsinə əlavə dəyişiklliklər edilməsi barədə qərar qəbul edilib. Bu, birmənalı şəkildə qiymətlərə, istehlak bazarına təsir göstərməkdədir. Vergi ödənişlərinin və buna uyğun olaraq xərcin artması nəticə etibarilə qiymətlərin yüksəlməsinə səbəb olub. Prosesin davamlı olacağı və qiymət dəyişikliklərinin digər sahələrdə də baş verməsi gözlənilir\ . V.Bayramov bildirib ki, dəyişikliklərə görə, Azərbaycana xaricdən gətirilən avtomobillər üçün ödənilən aksiz vergisinin məbləğləri artırılıb. Bunun nəticəsində avtomobillərin qiymətlərində ötən il müşahidə olunan durğunluq və azalma bu il artımla əvəzlənəcək və əsasən də xaricdən gətirilən minik vasitələrində özünü göstərəcək. Qiymət artımı avtomobillərin mühərrikinin həcmindən asılı olacaq. Deməli, mühərrikinin həcmi böyük olan avtomobillərdə daha yüksək qiymət artımları müşahidə ediləcək. Eyni zamanda xaricdən gətirilən qızıl və almaz məmulatlarına da əlavə vergilər tətbiq edilməyə başlanılıb. Doğrudur, tətbiq edilən vergilər sözügedən məhsulların xərclərinin cüzi artmasına gətirib çıxarıb və güman edilir ki, bu dəyişikliklər ciddi qiymət artımlarına səbəb olmayacaq. Ekspert qeyd edib ki, neftin dünya bazar qiymətinin aşağı düşməsi səbəbindən bir sıra daha çox istehlak olunan mallara xüsusi vergilərin tətbiq edilməsi gözlənilən idi. Əslində gündəlik istehlak olunan mallarda, o cümlədən yanacaq və ya ərzaq məhsullarında qiymət artımlarına getmək birmənalı şəkildə arzuolunan deyil, bununla yanaşı, əhalinin sağlamlığı üçün ziyanlı olan məhsullara tətbiq edilən vergilərin artırılması yolu ilə büdcəyə əlavə vəsaitlərin daxil olmasını təmin etmək məqsədəuyğundur. Bununla yanaşı, əslində bu kontekstdə daha çox istehlakı arzuolunmaz hesab edilən mallara, xüsusən də spirtli içkilərə və tütün məhsullarına daha yüksək idxal və istehsal aksiz vergilərinin tətbiq edilməsi məqsədəuyğundur. Əslində bu, spirtli içkilərin istehlakının tənzimlənməsi ilə yanaşı, büdcəyə əlavə vəsaitlərin daxil olmasına səbəb ola bilər. İkincisi, tütün məhsullarına tətbiq edilən aksiz vergilərinə yenidən baxılması da məhz bu zərərli məhsulun istehlakının tənzimlənməsinə və büdcəyə əlavə gəlir mənbəsinin formalaşmasına səbəb ola bilər. Üçüncüsü, benzin və yanacağın qiymətindən fərqli olaraq sözügedən bu məhsulların ümumi istehlak bazarına və eləcə də əhalinin heç də bütün təbəqəsinə təsirləri yoxdur. Ümumiyyətlə, əksər ölkələrdə spirtli içkilər və tütün məhsullarına tətbiq edilən aksiz vergilərinə büdcə kəsirini örtmək üçün alternativ maliyyə mənbəsi kimi baxılır.V.Bayramov bildirib ki, dünya bazarında dolların möhkəmlənməsi nəticəsində ölkəyə xaricdən gətirilən ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. Bu onu deməyə əsas verir ki, bu sahədə də bahalaşma qaçılmazdır. İndiki məqamda qiymət azalmaları yalnız daşınmaz əmlak bazarında müşahidə ediləcək.AZƏR