Bahalaşma neftdən asılı deyil


Baxıldı : 177

Tarix : 2016-04-01 04:53:00


Son günlər manatın dollara nisbətdə dəyərinin artması müşahidə olunur. Bu artım çox güclü təsir bağışlamasa da, manatın qüvvətlənməsi yönündə atılan addımların ilkin nəticəsi kimi görmək olar. Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, hələlik Azərbaycan neftinin dünya bazarında qiymətinin artması manatın məzənnəsinə təsir göstərmir. Çünki neftin dünya bazarında qiyməti, hələ ki, arzu olunan səviyyədə deyil: \ İndiki halda manatın məzənnəsinin möhkəmlənməsi daha çox daxili faktorlarla bağlıdır. Dollarlaşma prosesinin son mərhələdə olması, əks-dollarzasiya prosesinin başlanması manatın məzənnəsinin möhkəmlənməsinə təsir göstərir. Vaxtilə pullarını dollara çevirənlər xərcləmələr üçün manat almaq məcburiyyətindədirlər\ .İqtisadçı-ekspertin sözlərinə görə, son 1 ildə Azərbaycanda manat bazası 2 dəfəyə yaxın azalaraq 5 milyard manata düşüb: \ Bu, eyni zamanda manat təklifinin də azalmasına səbəb olub. Bu gün satışa çıxarılan dolların əhəmiyyətli hissəsi satılmır. Bayram günlərindən sonra son 3 iş günündə Dövlət Neft Fondu tərəfindən auksiona çıxarılan dollarların satışı həyata keçirilmədi və onların böyük qismi geri qaytarıldı. Bu, dollar sifarişinin və tələbinin az olması ilə bağlıdır. Birmənalı şəkildə bu gün bazarın dollar təklifinin artması və bütövlükdə manata olan tələbin artması manatın məzənnəsinə təsir göstərir. Bu da nəticə etibarilə manatın bahalaşmasına gətirib çıxarır\ .Cavid SƏFƏROV