Bahalaşmanın qarşısı alına bilər


Baxıldı : 278

Tarix : 2015-03-14 03:03:00


Manatın məzənnə dəyişikliklərindən sonra qiymətlərin stabil saxlanılacağı bildirilsə də, bəzi məhsullarda qiymət artımı var. Əksər kənd təsərrüfatı məhsullarının qiyməti 10-80 qəpik bahalaşıb. Bu qiymət artımı idxal məhsulları ilə yanaşı, yerli məhsullarda da özünü göstərir. Məsələn, İran istehsalı olan xiyarın bir kiloqramı 1,5 manatdan 2,2 manata qədər bahalaşıb. Bananın qiyməti 2 manatdan 2,3 manat, naringinin qiyməti 1,8 manatdan 2,6 manatadək artıb. Bu qiymətlər yerli istehsal məhsullarının da bahalaşmasına təsir edib. Satıcılar yerli alma, kartof və soğanın qiymətindəki bahalaşmanı həmin məhsulların azalması ilə izah etsələr də, burada idxal məhsullarının baha qiymətə satılmasının da təsiri az deyil. Maraqlıdır, qiymətlərin ucuzlaşması üçün hansı addımların atılması zəruridir?Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Nazim Məmmədov o qənaətdədir ki, bahalaşmanın qarşısını almaq üçün görülən tədbirlər dəyişməlidir: \ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin hazırda atdığı addımlar qiymətləri sabit saxlamağa hesablansa da, doğru yanaşma deyil. Sahibkarı qiyməti hansısa həddə saxlamağa məcbur etmək olmaz. Digər tərəfdən, qiymətlər mağazalarda deyil, ölkəyə idxal edilərkən müəyyənləşdirilir. Hazırda çıxış yolu kimi daha effektiv tədbirlərə əl atılmalı və iqtisadiyyatda monopoliya yaradan inhisarçılarla mübarizə aparılmalı, Gömrük Komitəsinin işi şəffaflaşdırılmalıdır. Çünki ərzaq məhsullarının 70 faizi idxal olunur və bunu gətirən bir neçə şirkət də monopoliya yaradır. İqtisadiyyat və Sənaye Nazirliyi də monopolist qurumlarla mübarizə aparmaqla ucuzlaşmaya nail ola bilər. Yoxsa kiçik sahibkarlara, sexlərə, mağazalara nəzarətlə nəyəsə nail olmaq mümkünsüzdür. Bu təzyiq altında sahibkar istehlakçılara daha keyfiyyətsiz məhsul təqdim etməklə zərərini azaltmağa çalışacaq\ .N.Məmmədovun sözlərinə görə, atılması vacib olan ilkin addımlardan biri də dövlətin öz üzərindəki izafi xərclərin bir hissəsini azaltmasıdır. Buna nail olmaq üçün bütün səviyyələrdə struktur islahatları aparılmalıdır. Xalid AZƏR