Bakıda Buktreyler Festivalı keçiriləcək


Baxıldı : 180

Tarix : 2016-03-11 04:36:00


Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Buktreyler Festivalı təşkil edəcək. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazir Əbülfəs Qarayev Sumqayıtda vətəndaşları qəbul edərkən kinoaktyor Ruslan Sabirli tərəfindən ölkədə kitaba marağın təbliğ olunması və mütaliənin təşviqi məqsədilə Azərbaycanda ilk Buktreyler Festivalının keçirilməsi təşəbbüsü irəli sürülüb.Şöbədən bildiriblər ki, təşəbbüs nazir Ə. Qarayevin marağına səbəb olub və Buktreyler Festivalının keçirilməsinə kömək məqsədilə o, Mədəniyyət və Turizm Nazirliyində kinoaktyor Ruslan Sabirlinin və nazirliyin məsul şəxslərinin iştirakı ilə müşavirə keçirib. Müşavirədə işlərin qəbul tarixinin 10 aprel 2016-cı il tarixinədək artırılması, eləcə də 1, 2 və 3-cü yer qaliblərinə müvafiq olaraq 1000, 800 və 500 manat pul mükafatının təyin edilməsi barədə qərar qəbul edilib. Festivalın keçirilməsində məqsəd kitab və mütaliənin cəmiyyətdə təbliği, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması və buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.Qeyd edək ki, buktreyler kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmdir. Buktreylerləri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar.Cavid SƏFƏROV