Bakı Nəqliyyat Agentliyinə səlahiyyət verildi


Baxıldı : 131

Tarix : 2018-09-08 03:09:29


Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Qəbul olunan fərmanın icrasına artıq başlanılıb. Belə ki, bununla bağlı Dövlət Yol Polisinə (DYP) tapşırıqlar verilib. Xeyli müddətdir ki, dayanma, durma və parklanma qaydalarına riayət etməyən sürücülərə cərimə tətbiq olunmur.

Bu fərmana əsasən, cərimələrin yazılması artıq Bakı Nəqliyyat Agentliyinin (BNA) səlahiyyətində olacaq. Və yeni fəaliyyət strukturu təşkil ediləcək.

Yeni qurulacaq sistemin mahiyyəti nədən ibarətdir?

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, fərmanın məqsədi dayanma, durma və parklanma məsələlərində hüquqi tənzimlənməsi lazım olan hər şeyin yoluna qoyulmasıdır: “Burada iki məsələ var: parklanmanın düzgün təşkili və yanlış parklamalarla mübarizə. Şəhərdə tıxac yaradan ən böyük problemlərdən biri də qanunsuz parklamalardır. Ona görə də yeni yaradılacaq sistemin mahiyyəti avtomobillər park edilərkən, dayanma, durma qaydaları həyata keçirilərkən qaydalara dəqiqliklə riayət olunmasından, bundan başqa, hər bir prospekt və küçələrdə yollar yol nişanları, nişanlanma xətləri ilə işarələnməsindən, eyni zamanda saxlanmanın təşkilində, qanunsuz parklanmalarla mübarizədə, hətta parklanma qaydalarını pozmuş və digər yol hərəkət iştirakçılarına maneçilik yaradan, tıxaclara səbəb olan avtomobillərin evakuasiyasından ibarət olacaqdır. Bu istiqamətdə funksional vəzifələri icra edən, əsas işləri görən orqan DYP idi. Amma Prezidentin fərmanından sonra artıq həlledici, məsul orqan kimi BNA-ya öhdəlik verildi”.

Ekspert bildirdi ki, yeni strukturun tətbiqinin yaxın günlər ərzində başlanılması gözlənilir.

Aliyə SƏMƏDOVA