Bakı Olimpiya Stadionu 2019-cu il UEFA Avropa  Liqasının final matçına ev sahibliyi edəcək


Baxıldı : 57

Tarix : 2017-09-23 00:46:00


2019-cu ildə keçiriləcək klub turnirlərinin final qarşılaşmasını qəbul edəcək stadionların adları sentyabrın 20-də UEFA İcraiyyə Komitəsinin Cenevrənin Nyon şəhərində keçirilən iclasında açıqlanıb. Beləliklə, birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi böyük idman tədbirlərin açılış və bağlanış mərasimlərinə ev sahibliyi etmiş Bakı Olimpiya Stadionu iki il sonra keçiriləcək UEFA Avropa Liqasının final oyununu qəbul edəcək.

UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi uğrunda Bakı Olimpiya Stadionunun rəqibi olan "Atletiko Madrid" klubunun "Vanda Metropolitano" stadionu qalib gəlib.

Xatırladaq ki, ilkin mərhələdə UEFA Çempionlar Liqasının final oyununa ev sahibliyi etmək üçün Bakı Olimpiya Stadionu və Madridin "Vanda Metropolitano" stadionu namizəd olublar.

UEFA Avropa Liqasının həlledici oyununa ev sahibliyi etmək üçün isə Bakı Olimpiya Stadionu, Dinamo Arena (Tbilisi, Gürcüstan), Frankfurt Stadion (Frankfurt, Almaniya), Arena Stuttgart (Ştutqart, Almaniya), Hampden Park (Qlazqo, Şotlandiya), Estadio Ramon Sanchez Pizjuan (Sevilya, İspaniya) və Beşiktaş Arena (İstanbul, Türkiyə) öz namizədliyini irəli sürüb.

Prosedur qaydalarına uyğun olaraq UEFA 2019-cu ildə keçiriləcək klub turnirlərinin final qarşılaşmasına namizədliyini irəli sürmüş Milli Assosiasiyalara sifariş kitabını təqdim etmək üçün iyunun 6-dək vaxt verilmişdi. Sifariş kitabını təqdim etmiş assosiasiyalardan UEFA Çempionlar Liqası üçün Bakı Olimpiya Stadionu və "Vanda Metropolitano"nun, UEFA Avropa Liqası üçün isə Bakı Olimpiya Stadionu, Ramon Sançes-Pisxuan və Beşiktaş Arenanın namizədliyi qeydə alınıb.

Azər MUSTAFAYEV