Bakı şəhəri bizim tarixi sərvətimizdir


Baxıldı : 134

Tarix : 2020-01-10 14:59:11


“Bütün evlər, binalar şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğun şəkildə tikilməlidir”.

Bu sözləri Prezident İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Dövlətimizin başçısı bildirib ki, əfsuslar olsun ki, əvvəlki dövrlərdə şəhərsalma qaydaları bəzi hallarda kobudcasına pozulurdu. Bakının müxtəlif yerlərində tarixi keçmişimizə zidd olan, heç bir memarlıq standartına uyğun olmayan yöndəmsiz və eybəcər binalar tikilirdi. O binalar elə tikilirdi ki, həm ümumi mənzərəyə ziyan vururdu, həm də orada heç bir şəhərsalma əmsalı nəzərdə tutulmurdu. Son vaxtlar mənim göstərişimlə, xüsusilə Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin dəyişilməsi nəticəsində artıq bu qaydalara riayət edilməyə başlanmışdır. Bunu iş adamları da nəzərə almalıdırlar. Bakı şəhəri bizim tarixi sərvətimizdir. Biz imkan verə bilmərik ki, hansısa bir təmənnaya, hansısa bir hərisliyə görə şəhərimizin keçmişini məhv edək, yaxud da şəhərimizin gələcəyini şübhə altına qoyaq. Qətiyyən bu, olmayacaqdır. Bütün biznes dairələri, inşaatla məşğul olan bütün şirkətlər bilsinlər ki, bundan sonra harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulubdur.

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

(yanvarın 07-də)

...Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib.

... Ağcabədi rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

(yanvarın 08-də)

...Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib.

(yanvarın 09-da)

...Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyanı və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahini qəbul edib.

... Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.