Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn seminar


Baxıldı : 102

Tarix : 2017-06-02 22:33:18


Məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi məqsədilə təşkil olunmuş dördgünlük təlim kursu başa çatıb.

Kursun açılış günü çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, son 10 il ərzində dinamik iqtisadi inkişaf şəraitində  ölkəmizdə 1,6 milyondan artıq yeni iş yeri yaradılıb, işsizliyin kəskin şəkildə azalaraq 5 faizə enməsinə nail olunub: "Bununla yanaşı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sisteminin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin fəaliyyətinin müasir beynəlxalq standartlar əsasında qurulması, o cümlədən bu sahədə əmək bazarının çağırışlarına adekvat cavab verə bilən kadr potensialının formalaşdırılması yönündə də addımlar atılır".

M.Kərimli qeyd edib ki, təlim kurslarının ilk mərhələsi cari ilin fevral ayında keçirilib və əmək bazarı üzrə əhatəli siyasət proqramlarının hazırlanması, gənclərə və həssas qruplara yönəldilmiş fəal əmək proqramları və tədbirlərin təşkili, əmək bazarına dair effektiv informasiya sisteminin qurulması, məşğulluq orqanlarının işində sosial dialoqun inkişafı və s. kimi vacib mövzuları əhatə edib.

M.Kərimli ölkəmizdə işsizlikdən sığorta sisteminin yaradılması, özünüməşğulluq proqramının icrası, üçtərəflilik (tripartizm) prinsipinin gücləndirilməsi sahələrində aparılan işlər barədə də məlumat verib.

AHİK sədrinin birinci müavini İlyas Əliyev "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı"nın əmək və məşğulluq sahəsində fəaliyyətdə sosial dialoqun inkişafını da vacib prioritetlərdən biri kimi müəyyən etdiyini bildirib. O, təlim kurslarında bu mövzuya da geniş yer ayrılmasının əhəmiyyətini qeyd edib, keçirilən seminarların faydalı olduğunu vurğulayıb.

Tədbirdə ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, BMT İP-nin İstanbul Regional Mərkəzinin Dayanıqlı İnkişaf üzrə Qrup rəhbəri Corc Buma çıxış edərək məşğulluğun təminatında özəl sektorun rolu, gənclərin əmək bazarına inteqrasiyası  barədə danışmışlar.

Sonra BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, BƏT-in Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə Ofisinin məşğulluq üzrə baş mütəxəssisi Mixail Puşkin "Beynəlxalq Əmək Standartları. Dövlət Məşğulluq Xidmətlərinin rolu: ümumi baxış" mövzusunda təqdimatla çıxış edib. Seminarda BƏT-in ekspertləri Yuri Qertsiyin, Yuliya Surinanın, BMT İP-in eksperti Vesna Dzuteska Bişyevanın, Avstriya Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Helen Sengstbratlın, Rusiya Federasiyası Krasnoyarsk diyarının Məşğulluq Agentliyinin müdiri Viktor Novikovun və başqalarının təqdimatları oldu. Tədbirdə "Məşğulluq xidməti orqanları tərəfindən işaxtaranlar üçün göstərilən xidmətlər", "Aktiv və passiv əmək bazarı tədbirləri", "Peşə sahələri üzrə məsləhətlərin verilməsi", "Əmək bazarı üzrə məlumatlar və əmək bazarı statistikası", "Məşğulluq üzrə yerli tərəfdaşlıq: müsbət təcrübələr" və s. mövzularda məruzələr dinlənilib.