Bakıda Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının qurultayı


Baxıldı : 93

Tarix : 2017-09-23 01:37:24


Sentyabrın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin sentyabrın 20-də  Bakıda keçirilmiş Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının  VI qurultayının nümayəndələri ilə görüşüb.

AHİK sədri MDB ölkələrinin həmkarlar ittifaqları arasındakı həmrəylik münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayıb. Su nəqliyyatının ölkələrimizin hər birinin iqtisadiyyatının vacib hissəsi olduğunu, bu sahənin iqtisadi yüksəliş və rəqabət qabiliyyətinin artmasında böyük rol oynadığını qeyd edib: "Dənizçilərin əməyi sayəsində  beynəlxalq  ticari əməkdaşlıq inkişaf edir, ölkələrimiz arasında fasiləsiz mübadilə  həyata keçirilir. Bu, çətin, lakin şərəfli işdir və onun icraçılarına həmkarlar ittifaqı tərəfindən daim diqqət göstərilməsi tələb olunur".

Azərbaycan dəniz nəqliyyatı işçiləri həmkarlar ittifaqı və sizin birliyiniz arasında işgüzar, dostluq əlaqələri mövcuddur. Ümid edirik ki, əməkçilərin hüquqlarının qorunması sahəsində beynəlxalq təcrübəniz  bundan sonra da  sahə həmkarlar ittifaqlarımız arasında istifadə olunacaq. Biz bilirik ki, Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası beynəlxalq konvensiyalara və BƏT-in  sazişlərinə əsaslanaraq  MDB-də dəniz nəqliyyatı işçilərinin əmək, sosial-iqtisadi hüquqlarının müdafiə olunması sahəsində milli üzv təşkilatları ilə bərabərhüquqlu, konstruktiv dialoqa həmişə hazırdır.

Konfederasiyanın fəaliyyəti və vəzifələri barədə məlumar verən S.Möhbalıyev bildirib ki, AHİK 1993-cü ildə yaradılıb. Öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, "Həmkarlar ittifaqları haqqında" qanuna və öz Nizamnaməsinə müvafiq olaraq həyata keçirir. Konfederasiya könüllülük prinsipləri əsasında 26 sahə həmkarlar ittifaqını və Naxçıvan Muxtar Respublikası sahələrarası həmkarlar ittifaqını  öz sıralarında birləşdirir. Bu gün həmkarlar ittifaqları üzvlərinin sayı 1 milyon 500 min nəfərə yaxındır. Konfederasiyanın əsas vəzifələri həmkarlar ittifaqı üzvlərinin rifahını yüksəltmək, iş, məişət, istirahət şəraitini yaxşılaşdırmaq, dövlət və icra orqanlarında onların maraqlarını qorumaq və hüquqlarını müdafiə etməkdir.

Azərbaycan həmkarlar ittifaqları  qanunvericilik fəaliyyətində fəal iştirak edir, ölkənin əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə real təsir göstərir. Son illərdə həmkarlar ittifaqlarının təklifləri ilə Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Həmkarlar ittifaqları haqqında" və digər qanunlara 100-dən çox əlavə və dəyişikliklər edilib.

Azərbaycan həmkarlar ittifaqlarının təşəbbüsü ilə MDB ölkələri içərisində ilk dəfə olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinə həmkarlar ittifaqı üzvü olan işçilərin problemlərinə toxunan əlavə və dəyişikliklər edilib. İlk növbədə, bu, işəgötürənin həmkarlar ittifaqı üzvləri ilə əmək müqaviləsinin pozulması təşəbbüsü qaydasına aiddir. Əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə pozularsa, o,  həmkarlar ittfaqına yazılı surətdə müraciət edərək işçinin işdən çıxarılmasını əsaslandırmalıdır. Həmkarlar ittifaqı təşkilatı 10 gündən gec olmayaraq işəgötürənə əsaslandırılmış yazılı qərarını göndərməlidir.  "Həmkarlar ittifaqları haqqında" qanuna həmkarlar ittifaqlarının təşəbbüsü ilə ölkə parlamenti tərəfindən belə bir əlavə edilib: "Müəssisənin, idarənin, təşkilatın mülkiyyət formasından asılı olmayaraq işəgötürən öz mühasibatlığı vasitəsilə üzvlük haqlarının  tutulmasını təmin edir və 4 iş günü ərzində həmkarlar ittifaqı təşkilatının hesabına köçürür. 2008-ci ildən bəzi sahə həmkarlar ittifaqının təşəbbüsü ilə AHİK üzvlük haqlarının iki faiz məbləğində yığılmasını qərara alıb.

AHİK sədri bildirib ki, respublika həmkarlar ittifaqlarına göstərilən mühüm dəstək İnzibati Xətalar Məcəlləsinə edilən əlavələr olub. Bu əlavələr  üzvlük haqlarının vaxtlı-vaxtında və tam şəkildə yığılmasında işəgötürənin məsuliyyətinin daha da artırılmasını nəzərdə tutur. Əlavələrdə deyilir ki, üzvlük haqlarının həmkarlar ittifaqı təşkilatının hesabına vaxtında köçürülmədiyi halda vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək cərimə olunurlar.

Respublikada əməkhaqlarının sistematik olaraq  artırılması, üzvlük haqlarının vaxtında və tam şəkildə yığılmasında məsuliyyətin artırılması bizə sahə həmkarlar ittifaqı təşkilatlarında maliyyə vəziyyətinin möhkəmləndirilməsinə imkan verir. Bu da təşkilatlarımıza həmkarlar ittifaqı üzvlərinin istirahətinin təşkili səviyyəsini artırmağa imkan yaradır. Belə ki, son bir neçə ildə rabitə, dəniz nəqliyyatı, təhsil, dəmiryol nəqliyyatı, dövlət idarələri, mədəniyyət, səhiyyə işçiləri həmkarlar ittifaqları respublikanın kurort zonalarında istirahət və müalicə mərkəzləri tikib istifadəyə verib. Təkcə ötən yay mövsümündə bu mərkəzlərdə 7 min həmkarlar ittifaqı üzvü  öz ailələri ilə dincəlib. Biz  90-cı illərdə Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvalarından qaçqın və müvəqqəti köçkün düşmüş soydaşlarımızın müvəqqəti yaşaması üçün verdiyimiz keçmiş sanatoriyalarımızı da tədricən bərpa etməyə başlamışıq.

AHİK beynəlxalq həmkarlar ittifaqının həmrəyliyinin inkişafı mövqeyindən çıxış edərək dünyanın 40-a qədər ölkəsinin həmkarlar ittifaqı mərkəzləri ilə əməkdaşlıq edir.

Bu gün respublikamızın iqtisadiyyatı və kənd təsərrüfatı uğurla inkişaf etməkdədir. Xəzər dənizinin Azərbaycan sektorunda  dünya miqyaslı iri neft və qaz layihələri həyata keçirilir. Bu işdə Azərbaycan neftçilərinə dəniz nəqliyyatı işçiləri yaxından kömək göstərir, gündəlik olaraq gəmilər, tankerlər vasitəsilə min tonlarla yanacaq daşıyırlar. Bu gün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti çoxsahəli nəqliyyat müəssisəsidir. Onun tərkibinə nəqliyyat və neft donanması, gəmi təmiri zavodları, elmi-tədqiqat institutu, Azərbaycan Dövlət Dəniz Akademiyası və dənizçilərin Hazırlıq və Sertifikasiya Mərkəzi daxildir. Xəzər Gəmiçiliyinin 288 gəmisi, 9000 işçisi vardır.

Azərbaycan dövləti dəniz nəqliyyatının inkişafına xüsusi diqqət yetirir. Ölkə Prezidenti İlham Əliyevin  2016-cı il noyabr tarixli Sərəncamı ilə  2016-2020-ci illər üçün Azərbaycan Respublikasında Gəmiçiliyin İnkişafı üzrə Dövlət Proqramı təsdiq edilib. Proqramda Dövlət Xəzər Dəniz Gəmiçiliyində  nəqliyyat və neft sənayesi sahələrində yenilənmə tədbirlərinin həyata keçirilməsi, gəmi təmiri zavodlarının modernləşdirilməsi və digər mühüm istiqamətlərin inkişafı nəzərdə tutulur. Bu baxımdan sahə həmkarlar ittifaqının qarşısında ciddi vəzifələr durur.

Çıxışının sonunda S.Möhbalıyev  qurultay iştirakçılarına uğurlar və səmərəli iş arzulayıb.

Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının sədri Georgi Stolyarenko çıxışında qeyd edib ki,  rəhbərlik etdiyi qurumun bu il 25 yaşı tamam olur. Onun təsisçiləri sırasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da var. Bu gün də rəhbərlik etdiyi təşkilatın AHİK ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur.

Sonra G.Stolyarenko Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin bir sıra işçisini hədiyyə və diplomlarla təltif edib.

 Qeyd edək ki, qurultay iştirakçıları sentyabrın 19-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qurultay iştirakçıları görkəmli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.

Sonra Şəhidlər xiyabanına gedən tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, "Əbədi məşəl" abidəsini ziyarət ediblər.