Balalara bayram hədiyyəsi


Baxıldı : 88

Tarix : 2018-06-09 01:56:15


Bakı Metropoliteninin son illər bütün milli və dövlət bayramlarını, əlamətdar günləri xüsusi layihələrlə qarşılaması artıq ənənə halını alıb. Sərnişinlər də belə günlərdə yeraltı nəqliyyat işçilərindən nə isə bir sürpriz gözləyirlər.

Belə sürprizlərdən biri bu il iyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə oldu. Həmin gün qatarlarda stansiya adları, eskalatorlarda elanlar uşaqlar tərəfindən səsləndirildi. Stansiyaların monitorlarında metropolitençi övladlarının rəsm əsərləri nümayiş olundu. Yeri gəlmişkən, bu rəsm əsərlərinin nümayişi hələ də davam edir.

Metropoliten işçilərinin uşaqları iyunun 2-də Milli Tarix Muzeyinə ekskursiyaya aparıldı. Bu ekskursiya orta siniflərin şagirdləri üçün daha faydalı oldu. Məktəb dərsliklərindən oxuduqlarını əks etdirən ekspozisiyalar, qədim əşyalar, dövlətçilik atributları, məişət və istehsal, kənd təsərrüfatı alətləri və sair nümayiş elementləri  tarix fənni üzrə biliklərini möhkəmləndirdi.

Cavid SƏFƏROV