Bank sektorunun sağlamlaşdırılması üçün problemli kredit məsələsi həll edilməlidir


Baxıldı : 358

Tarix : 2018-04-21 03:16:25


Son dövrlər problemli kreditlərin həcmində artımlar müşahidə edilir. Hazırda Mərkəzi Bankın statistikasına əsasən, problemli kreditlərin həcmi 1 milyard 620 milyon manatdır və bu, kredit portfelinin təxminən 14 faizini təşkil edir. Bununla əlaqədar olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası dollar kreditləri ilə bağlı hərəkətə keçib. Bildirilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası devalvasiyalardan sonra yaranmış problemli kreditlərin azaldılması istiqamətində müxtəlif təkliflər hazırlayıb və bu çərçivədə bankların da fikirləri öyrənilir.

“”Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulub ki, 2018-ci ildə Azərbaycanda bank sektorunun sağlamlaşdırılması prosesi tamamlansın”. Bunu iqtisadçı-ekspert Rəşad Həsənov qəzetimizə verdiyi müsahibəsində dedi. Bildirdi ki, iki il ərzində bu sahədə bəzi istiqamətlərdə addımlar atılıb, müəyyən güzəştlər verilibdir. Təbii ki, bu güzəştlər nəticəsində problemi birmənalı olaraq bankların üzərində saxlamaq, həllini onlara həvalə etmək doğru olmaz: “İlin sonuna yaxın ola bilsin ki, bir neçə bank məcburən yenə bağlansın. Hətta bu gün bağlanmalı olan banklar var, hansı ki, Mərkəzi Bankın normativlərinə uyğun olmayan şəkildə fəaliyyət göstərir. Amma böyük ehtimalla bu proses mərhələli şəkildə həyata keçiriləcək. Yəni, bir sözlə, bank sektorunda böhran daha da artacaqdır. Çünki bu gün banklar özlərini mövcud vəziyyətdən xilas edə bilmirlər. Əsas səbəbi odur ki, böyük faizlərlə kredit veriblər, bu sahədə əhalini düzgün məlumatlandırmayıblar, vətəndaşlar müqavilə şərtlərini oxumuyub və sairə. Əslində sadalasaq, nöqsanlar çoxdur, amma bunlar məsələnin başqa bir tərəfidir. Bugünkü şəraitdə bankların bu problemi öz hesabına həll etmək imkanı yoxdur.

Məsələnin həlli yollarından danışsaq, bu sahədə müəyyən qədər araşdırma aparmış biri kimi deyərdim ki, daha yaxşı olar ki, Mərkəzi Bankın qəbul etdiyi qərar nəticəsində vətəndaşa və biznes subyektinə dəymiş zərər bütövlükdə dövlət büdcəsi vəsaiti hesabına kompensasiya olunsun. Çünki bu ədalət prinsipinin qorunması və dövlətin öz qərarlarının məsuliyyətini daşıması baxımından əhəmiyyətli məqamdır.  Amma biz müşahidə edirik ki, hökumət ümumiyyətlə bu problemə yaxınlaşmır. Və belə bir şəraitdə konstruktiv bir mövqe ortaya qoymaqla hökumətin məsələyə daha loyal yanaşması məqsədilə üçtərəfli bölgü-kredit verən, kredit götürən və dövlət arasında ödəmə mexanizmi təşkil olunubdur. Amma təəssüf ki, bunun həyata keçirilməsi ehtimalını çox aşağı qiymətləndirirəm”.

Bağlanan banklarda qalan problemli kreditlərin aqibətindən danışan ekspert vurğuladı ki, onların bəziləri təminatlı kreditlərdir: “Bağlanan bankların problemli kreditləri ilə bağlı məsələni dövlət öz üzərinə götürdüyünə və bu istiqamətdə adminstrativ imkanlardan istifadə etdiyinə görə alınan kreditlərin geri qaytarılması ehtimalı artır. Amma qaytarılmasa belə, bağlanan banklarda olan sığortalanmayan əmanətlər geri verilməyəcək, bu yolla da burada dövlət hər hansı bir zərərlə üzləşməyəcəkdir. Lakin digər banklar bunu öz imkanları daxilində həyata keçirməyə çalışırlar. Belə ki, bank müqavilələrinə görə, 3 ay vətəndaş borcu ödəmirsə, bankların məhkəmlərə müraciət etmək hüququ var. Ancaq müşahidələrimizə əsasən deyə bilərik ki, hətta uzun müddətdir ki, borcunu ödəməyən vətəndaşlar var, lakin bank məhkəməyə müraciət edə bilmir. Çünki məhkəmdə bu məsələ ilə bağlı kifayət qədər çox iş var. Bizim məhkəmələrin bugünkü potensialı bu işləri real qiymətləndirməyə və düzgün qərar qəbul etməyə uyğun deyil. Məhkəmənin faktiki olaraq heyəti, onların sayı bu işləri qısa müddətdə dəyərləndirmək üçün kifayət deyil. Bu səbəbdən də deyə bilərik ki, işlərin böyük əksəriyyətinə çox uzun müddətli dövrdə baxılacaqdır. Buna görə də hətta banklar belə işi məhkəmələrə daşımaqda maraqlı deyillər. Problemli kreditlər həll olunmazsa, bankların sağlamlaşdırılmasından söhbət gedə bilməz”.

Aliyə SƏMƏDOVA