Banklar fəaliyyətini dayandırır


Baxıldı : 223

Tarix : 2016-07-22 01:14:00


Keçən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra neft ixrac edən əksər ölkələr kimi Azərbaycan iqtisadiyyatında da mənfi tendensiya müşahidə edildi. Yaranmış vəziyyət daha çox özünü ölkənin maliyyə bazarlarında, bank sektorunda büruzə verdi. Əmanətçilərlə banklar arasında meydana çıxan problem, eləcə də bankların rentabellə fəaliyyət göstərə bilməməsi tədricən bir neçə bankın öz fəaliyyətini dayandırmasına, bəzilərinin isə birləşməsinə gətirib çıxardı. Onu da etiraf etmək lazımdır ki, dövlət də öz növbəsində bankları düşmüş olduğu böhranlı vəziyyətdən çıxarmaq üçün bir sıra stimulverici addımlar atdı.Hazırda da ölkənin maliyyə və bank sektorunda müəyyən proseslər cərəyan etməkdədir. Xüsusilə son günlər Amerika dollarının yenidən bahalaşacağı barədə irəli sürülən ehtimallar müəyyən çaşqınlıq yaradıb. Baş verə biləcək hər hansı neqativ hadisənin banklara da təsirsiz ötüşməyəcəyi bildirilir.İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, ölkənin bank sektorunda, ümumiyyətlə, pul-kredit sistemində hazırda \ iflic\ vəziyyəti hökm sürməkdədir. Bu vəziyyət hökumət tərəfindən də etiraf edilməklə bərabər, ölkə ictimaiyyətinə də yaxşı məlumdur: \ İqtisadiyyatda mövcud böhranın bir səbəbi də məhz bununla əlaqədardır. Ən acınacaqlı hal isə ondan ibarətdir ki, yaranmış vəziyyətin nə vaxt və necə aradan götürüləcəyi bəlli deyil. Sözsüz ki, bir çox banklar sıradan çıxacaqdır. Ümumiyyətlə, real olaraq demək olar ki, 2-3 bankı çıxmaq şərtilə hamısı bağlanmaq vəziyyətindədir. Sadəcə olaraq, hökumət buna imkan vermir. Çünki tendensiya özbaşına buraxılarsa ciddi fəsadlar baş verə bilər. Bu və ya digər bankın bağlanması müəyyən qrup adamın işsiz qalması demək olmaqla yanaşı, dövlətin üzərinə külli miqdarda əlavə borc kütləsinin yüklənməsi ilə də nəticələnir. Odur ki, əvvəl Mərkəzi Bank, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatası bacardıqca ehtiyatlı siyasət yürütməkdədir. Ancaq hər necə olsa da bir sıra bankları saxlamaq mümkün olmayacaq. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, bankların sayını bazar özü müəyyən etməlidir. Konkret limit müəyyən etmək ki, filan sayda bank qalmalıdır, olduqca səhv yanaşmadır\ . Pərviz Heydərovun sözlərinə görə, bazarda özünü qoruyub saxlaya bilməyən banka dövlət dəstəyinin müəyyən bir həddi olmalıdır: \ Nisbətən sistem əhəmiyyətli bank \ süni nəfəs\ verilməsindən sonra özünə gələ bilər. Yəni buna onların şansı daha çoxdur. Amma sistem əhəmiyyəti daşımayan banklar isə dövlət tərəfindən lap nə qədər geniş maliyyə dəstəyi görsələr də belə, vəziyyətdən çıxa bilməyəcəklər. Odur ki, onların süqutu labüddür. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, bank pul müəssisəsidir, sərbəst maliyyə vəsaitlərinin cəlb olunaraq yenidən dövriyyəyə buraxılması vasitəsidir. Burada 2 məqam var. Sərbəst vəsaitləri cəlb etmək üçün gəlir vəd edilməlidir, onu yenidən dövriyyəyə buraxmaq üçün isə qazanc yeri olmalıdır. Bu gün iqtisadiyyatda bu qazanc yeri real sektor olsa da, müvafiq şərait yoxdur. İstehlak kreditlərinin verilməsi prosedurası isə məhdudlaşdırılmış durumdadır. Bankların fəaliyyət göstərmələri üçün tələb olunan \ məkan\ yoxdur. Odur ki, bu yaxınlarda verdiyim açıqlamalardan birində də qeyd etmişdim ki, yaranmış situasiyadan çıxmaq üçün müvəqqəti olaraq istehlak kreditlərinə qoyulan müəyyən məhdudiyyətlər aradan götürülməlidir və bu sahədə vəziyyət təqribən 2014-cü ilədək olan şəraitə gətirilməlidir. Əks halda sistem əhəmiyyətli banklar da istər-istəməz sıradan çıxmalı olacaqlar. Bunların sayı hazırda heç 5-6 da deyil\ .Azər MUSTAFAYEV