Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib


Baxıldı : 90

Tarix : 2018-07-28 04:59:57


İyulun 26-da Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyatı qurumların iştirakı ilə iclas  keçirilib. 

İclasın gündəliyinə iki məsələ daxil edilib: “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Yol Xəritələrinin icrasına dair hazırlanmış monitorinq və qiymətləndirmə hesabatlarının müzakirəsi; 2019-cu ildə Azərbaycan Respublikasında Əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin gedişinin müzakirəsi.

Baş nazir Novruz Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sayəsində ölkəmizin iqtisadi müstəqilliyinin təmin olunması yolunda mühüm addımlar atılıb və bu proses uğurla davam edir.

Gündəlikdə duran məsələlər üzrə müvafiq qurumların rəhbərlərinin məruzələri dinlənildikdən sonra hər iki mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələrin yekununda məruzəçilərin çıxışları nəzərə alınmaqla iclasın qərarı qəbul edilib.