BAŞLICA MƏQSƏD insanların sağlam mühitdə yaşamasına nail olmaqdır


Baxıldı : 114

Tarix : 2019-06-07 10:54:17


Ənənəvi olaraq bu il də Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri öz peşə bayramlarını yeni-yeni nailiyyətlərlə qarşılamaqdadır. Ətraf mühitin mühafizəsi, insanların sağlam  mühitdə yaşaması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə respublikada geniş vüsət alan sosial-iqtisadi islahatların tərkib hissəsidir.

Ekoloji problemlərin kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsipinə əsaslanan milli və dövlət proqramları hazırlanıb təsdiq edilmiş və uğurla icra olunmaqdadır. Mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilmiş, milli parklar yaradılmış, ətraf mühitin qorunmasının gücləndirilməsinə dair tədbirlər həyata keçirilməkdədir.

Ötən ildən respublikamızda aparılan kadr siyasəti, iş əmsalının yüksəldilməsi, təkmilləşdirilməsi sahəsində islahatlar ekoloqların da öz işlərinə bir daha ciddi yanaşmalarına təkan vermişdir.

Ekologiya və təbii sərvətlər naziri cənab Muxtar Babayevin birbaşa rəhbərliyi altında hazırlanmış “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətində xərclərin optimallaşdırılması və vəsaitlərin səmərəli idarəsinə yönəldilmiş işlərin icrasına dair tədbirlər planı” kadrların düzgün seçilib yerləşdirilməsi və potensialının tam aşkara çıxarılması, beləliklə, iqtisadi nəticələrin yüksəldilməsi baxımından faydalı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 16 yanvar 2019-cu il tarixli Fərmanına əsasən nazirlikdə struktur yenilənir, daha çevik fəaliyyət təmin olunur.

İttifaqımızın üzvləri də ölkə Prezidentinin fərmanından irəli gələn məsələlərin həyata keçirilməsində yaxından iştirak edirlər. Müəssisə və təşkilatların birləşdirilməsi və yaxud ləğvi prosesində işçilərin Əmək Məcəlləsində müəyyənləşdirilən hüquqlarının pozulmamasına səylə nəzarət edirlər.

Sahə Hİ Respublika Komitəsi işini rəhbərliklə sıx əlaqədə qurur. Normal iş şəraitinin yaradılmasına, işçi və işəgötürən arasında yaranmış mübahisələrin sosial dialoqla tənzimlənməsinə, əməyin keyfiyyətinin yüksəldilməsinə və layiqincə dəyərləndirilməsinə xüsusi diqqət yetirir.

İttifaqımızın üzvlərinin mədəni istirahətinin, Yeni il və Novruz bayramları şənliklərinin təşkili, respublika və beynəlxalq miqyaslı əlamətdar günlərin qeyd olunması fəaliyyətimizdə mühüm yer tutur. Müalicəyə ehtiyacı olanlar sanatoriyalara yollayışlarla təmin edilirlər. Yay mövsümlərində, mütəmadi olaraq, həftə sonları Quba və Xaçmaz rayonlarına qısamüddətli gəzintilər təşkil edilmişdir.

Nazirliyin əməkdaşlarının böyük bir hissəsi qadın işçilər və gənclərdir. Onların əmək, sosial və digər qayğılarını daha yaxından öyrənmək məqsədilə bu il Respublika Komitəsinin nəzdində qadınlar və gənclər şuraları yaradılmışdır.

Hər il 20 nəfər gənc həmkarlar ittifaqı işçisi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında bilik və təcrübəsini artırır. Veteran işçilərin yubiley yaşlarının təntənəli qeyd olunması da əslində gənclərin əməyə məhəbbətini, məsuliyyətini stimullaşdıran amillərdəndir.

Mən bir qədər əvvəl, qısaca da olsa, nazirliklə RK arasında mövcud əməkdaşlıq əlaqəsinə toxundum. Həmin fikrimin davamı olaraq deyim ki, hörmətli nazir Muxtar Babayev təşkilatımızın qəbul etdiyi qərar və təşəbbüslərə önəm verir.  Məhz onun tapşırığı ilə kollektiv sazişdə, kollektiv müqavilələrdə əksini tapmış işçilərin əmək hüquqlarının müdafiəsinə, sosial problemlərinin həllinə  dair öhdəliklərin yerinə yetirilməsinə ciddi əməl edilir. Belə bir iş ortamında çalışmaq, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə nail olmaq üçün vəzifə və mövqeyindən asılı olmayaraq, hər bir işçidə yüksək əhvali-ruhiyyə yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərini 23 May - peşə bayramı münasibətilə təbrik edir, onlara sağlam, layiqli əmək şəraiti arzulayıram.