Bayramı əsgərlərlə  birlikdə qeyd etdilər


Baxıldı : 131

Tarix : 2019-11-15 18:38:12


Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları 9 noyabr Dövlət Bayrağı Gününü Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan “N” saylı hərbi hissəsinin əsgər və zabitləri ilə birlikdə qeyd ediblər. Xidmətin həmkarlar ittifaqı komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan bu tədbirdə əsil bayram abu-havası yaşanmışdır.

DMX-nin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev əsgər və zabitləri bayram münasibətilə təbrik etdi. Onlara xidmətlərində uğurlar arzuladı. Azərbaycanda aparılan ordu quruculuğu və hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, əsgər və zabitlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyev tərəfindən böyük işlərin görüldüyünü diqqətə çatdırdı. Qeyd etdi ki, qısamüddətli aprel döyüşləri Azərbaycan ordusunun gücünün göstəricisi oldu.

Hərbi hissənin komandanlığı adından çıxış edən zabitlər görüşə gəldikləri üçün xidmətin əməkdaşlarına və həmkarlar ittifaqı komitəsinə təşəkkürlərini bildirdilər. Dedilər ki, vətəndaşlarımız ordumuzun sayıqlığından, döyüş qabiliyyətindən tam arxayın olsunlar. Düşmənin bütün həmlələrini dəf etməyə hər an hazırıq.

Sonra qonaqlar hərbi hissənin yeməkxanasında əyləşib əsgərlərlə birlikdə nahar etdilər.