Bazar iqtisadiyyatı üçün nəzarət sistemi vətəndaş cəmiyyətinin köməyi ilə təsdiq edilməlidir


Baxıldı : 95

Tarix : 2018-06-22 23:15:23


Bakıda mərkəzləşdirilmiş şəkildə heyvan kəsimini həyata keçirən bir neçə müəssisə olmasına baxmayaraq, adətən heyvanlar qəssab dükanlarının qabağında, küçələrdə, insanların kütləvi şəkildə hərəkət etdiyi yerlərdə kəsilir və bu da, təbii olaraq, şəhərin gigiyenik vəziyyətinə mənfi təsir edir.

Prezident İlham Əliyev ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədilə Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Qida Təhlükəsizliyi Agentliyi Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Yeyinti məhsulları haqqında” qanunun 4-cü və 8-ci maddələrinin tələblərindən irəli gələrək, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində tədbirlər görməlidir. Ət satışına nəzarət birbaşa Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçiriləcək və qurum tərəfindən kəsim yerləri mərkəzləşdirilmiş sallaqxanaya çevriləcəkdir.  Bu işlə məşğul olan kiçik sahibkarlar ət satışını həmin sallaqxanadan xüsusi soyuducularda daşıyaraq həyata keçirəcəklər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, artıq neçə illərdir bu məsələ öz həllini tapa bilməyib: “Hətta 8 il bundan öncə 2 şirkət - “AzProtein Foods Group” və “1000 Bərəkət” şirkəti bir neçə milyon dollarlıq avadanlıq alıb və müasir tələblərə cavab verən kəsim yerləri düzəldib. Lakin bu məsələ inzibati yollarla həll olunmayıb. Səbəbi də ona görədir ki, insanlar kəsimini gözü ilə gördüyü heyvan ətini alır. Nə qədər ki, əhali tərəfindən tələbat yaranacaq, o zaman təklif meydana çıxacaq. Bunun da qarşısını inzibati yollarla almaq mümkün olmayacaq”.

Biriliyin sədri onu da qeyd etdi ki, mərkəzləşdirilmiş ət kəsimi faydalı olsa da, orada da nəzarət sistemi mümkün olmayacaq: “İnsanları bu formada yenidən tərbiyə etmək mümkün deyil. Bu gün sallaqxanalara nəzarət edən bazar həkimləri ətin istifadəyə yararlı və ya yararsız olduğunu müəyyənləşdirə bilməz. Onlar, sadəcə olaraq, sənəd verirlər. Bazar iqtisadiyyatı üçün nəzarət sistemi vətəndaş cəmiyyətinin köməyi ilə təsdiq edilməlidir. Dünyanın inkişaf etmiş ölkələrində nəzarət necə həyata keçirilirsə, Azərbaycanda da o qaydada olmalıdır. Vətəndaş özü nəzarət etməlidir. Onun əlində əsas olmalıdır ki, qarşısına çıxan yararsız məhsulun satışının qarşısını alsın və sahibkarı cəzalandırsın. Bu, kütləvi nəzarət olacaq”.

Aliyə SƏMƏDOVA